2018-07-25 20:18:14   |   609 dəfə oxunub

" “Jara” kimi festivallar Azərbaycanın nüfuzunu daha da artırır"



Bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan "Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir. Əsas iddia kimi guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir.

Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır?

Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik.

Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik.

Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Hər hansı biş şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır.
Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. 

Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir.  Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır. Yetər ki, Azərbayxcan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov "Sherg.az"a açıqlamasında qeyd edib ki, incəsənət beynəlmiləl məsələdir. Erməni müğənninin də Bakıya gəlməsi Azərbaycanın tolerant ölkə olduğunu bütün dünyaya sübut edir”.

Deputat diqqətə çatdırıb ki, "Jara” kimi böyük musiqi festivallarının keçirilməsi dilindən, dinindən asılı olmayaraq, xoş niyyətlə iştirak etmək istəyən şəxslərə bir növ imkandır:

"Bakıya gələn müğənnilərin də Azərbaycana müsbət münasibətlə yanaşması, ölkəmizi təbliğ etməsi əslində yaxşı haldır. Adıçəkilən müğənni Rusiya vətəndaşıdır. Onun Azərbaycana gəlməsi bir daha sübut edir ki, Azərbaycan doğrudan da tolerant, beynəlmiləl ölkədir. Bütün dünya əmin ola bilər ki, Azərbaycan bəşəri istəklərin beşiyidir. 

Amma mənfi niyyətlə Azərbaycana gələn, dövlətimizin mövqeyinə zidd fikirlər səsləndirən şəxslərə də cavab verə bilərik. "Jara” kimi iri festivalların keçirilməsi, burada müxtəlif millətlərin nümayəndələrinin mədəniyyət nümayiş etdirməsi, tolerantlıqla qarşılaşması multikulturalizmin beşiyi olan Azərbaycanın nüfuzunu dünyada daha da artırır.

Əgər biz bir erməni əsilli şəxsə görə sərt mövqe ortaya qoysaq, dünyanı Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilərlə sülh şəraitində yaşayacağımıza inandıra bilmərik. İşğal olunmuş torpaqlarımız bizə qaytarılarsa, biz ermənilərlə birgə yaşamalı, onların təhlükəsizliyini təmin etməli olarıq. Bütün dünyaya bunu reallaşdıra biləcək gücdə olduğumuzu sübut etməliyik”.

Aysel Aslan 










SON XƏBƏRLƏR

2018-11-21