2018-07-26 19:07:20   |   544 dəfə oxunub

"Xaçmaz rayonundakı tarixi məzarların türk əsgərlərinə aid olması versiyadır" - Dəqiqləşməyib



"Xaçmaz rayonu Pirquluoba kəndində olan məzarların türk əsgərlərinə aid olması sadəcə sakinlərin versiyalarıdır. Bu fakt hələlik dəqiqləşdirilməyib”.

Bu barədə "Sherg.az”a tarix elmləri doktoru Nəsiman Yaqublu bildirib. 

O diqqətə çatdırıb ki, tarixçi olaraq, həmin ərazilərə baş çəkib, qəbir daşlarını araşdırıb:

"Bu qəbirlərin Qafqaz İslam Ordusunun əsgərlərinə aid olması sual altındadır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndələri bu istiqamətdə araşdırmalar aparırlar.

Müşahidələrimə görə, həmin ərazilərdə sadəcə daşlar var. Şəhid məzarları dəqiq olmadığına görə, orada türklərin savaş apardığını, türk əsgərlərinin dəfn edildiyini deyə bilmərəm. Arxeoloqların, bu sahədə peşəkar olan alimlərin dəqiqləşdirmələrindən sonra açıqlama veriləcəkdir”.

N.Yaqublu onu da vurğulayıb ki, məsələ gündəmə gəldikdə, həmin məlumatları öz kitabına daxil etmək istəyib:

"Amma yalnız yerli sakinlərin iddiaları ilə çıxış etmək qeyri-dəqiqlik olardı. Əhali deyir ki, Qubanın kəndlərindən birində olan Qafqaz İslam Ordusunun əsgərləri Xaçmaza da gəlib, döyüş aparıblar. İstənilən halda, tarixi təsdiqini tapmadan Pirquluoba kəndindəki məzarları türk əsgərlərinə aid edə bilmərik”.

Qeyd edək ki, Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiyası tərəfindən aparılan tədqiqatın ilkin nəticələri əldə edilib. İnstitutun məlumatına görə, 2017-ci ildə Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz icra hakimiyyətinə rəsmi müraciət edərək Pirquluoba kəndinin inzibati ərazisinə daxil olan və yerli əhali tərəfindən "Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparılmasında köməklik göstərilməsini xahiş ediblər. Yerli əhalinin nəsildən-nəsilə ötürülən xatirələrinə əsasən deyilən ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusunun hərbçiləri dəfn edilib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17