2018-07-27 13:41:34   |   542 dəfə oxunub

“Aşıq musiqisinə sevgi artıb”

Fəzail Misginli: “Bu sənətdə rəqabətin olması pis deyil, əsas odur ki, paxıllıq olmasın”



Aşıq sənəti qədim folklor nümunələri sırasında yer alır. Əvvəllər aşıq sənətinə soyuq münasibət olsa da, son illər gənclərin aşıq musiqisinə marağı çoxalıb. Gənclərdə aşıq musiqisinə sevgi dövlət qayğısının nümunəsidir.

Aşıq musiqisi YUNESKO-nun mədəni irs nümunələri sırasına daxil edilib. Bu isə bir daha Azərbaycan aşıq musiqisinin nə qədər qədim bir musiqi tarixinə malik olduğunu sübut edir. Aşıq musiqisinin bu gün layiqli davamçılarından sayılan, İncəsənət Universitetinin müəllimi Fəzail Misginli "Şərq”ə gəncliyin aşıq musiqisinə marağından danışdı.

- İllər əvvəl aşıqlara birmənalı münasibət var idi. Bu gün isə gənclərin aşıq musiqisinə marağı çoxalıb...

- Bəli, biz sənətə gələndə səhnədə olmaq, efirə çıxmaq çətin idi. Aşıq musiqisinə soyuq münasibət var idi. Hətta şəhərdə əlində saz olan gəncə baxış da yaxşı deyildi. Amma bu gün tamamilə vəziyyət dəyişib. Aşıq musiqisi akademik səviyyədə incəsənət universitetində tədris olunur. Aşıq musiqisinə dövlət səviyyəsində qayğı var deyə bu gün aşıq musiqisinə sevgi çoxalıb. Buna sevinirəm. Təbii ki, aşıq sənətinin yüksək səviyyədə olması üçün bu sənətə gələn hər kəs aşıq sənətinin məsuliyyətini hiss etməlidir.

- Aşıqlar arasında da rəqabət var?

- Təbii ki. Hər sahədə olduğu kimi, bizim sahədə də rəqabət var. Rəqabətin olması pis deyil. Əsas odur ki, paxıllıq olmasın.

- Amma sizdə də paxıllıq edənlər var...

- Təbii ki, bizim sahədə də paxıllıq edənlər, biri-birinin uğurundan narahat olanlar var. Mən başqaları barədə danışa bilmərəm. Ancaq onu deyə bilərəm ki, mən öz sənətimlə məşğulam. Bu sənət məsuliyyət tələb edir. Sazı əlində tutan hər bir sənətçi sazın yükünü dərk etməlidir.

- Solo-konsert vermək niyyətiniz varmı?

- Ötən il məkanların birində maraqlı konsert proqramı ilə çıxış etdim. İnşallah, ya Heydər Əliyev adına Sarayda, ya da Yaşıl Teatrda konsert vermək niyyətim var. Konsert vermək məsuliyyətlidir. Bunun üçün məşq etmək lazımdır. Repertuarı düzgün qurmaq vacibdi.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20