2018-07-31 10:07:11   |   593 dəfə oxunub

Səbirli olun!

Allahverdi Bağırovun məzarı Şuşada deyil, Ağdamdadır

Milli Qəhrəmanla bağlı yayılan görüntülər dezinformasiyadır, təxribatdır



Ötən gün Ermənistanın bir sıra media orqanları Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova məxsus olduğu iddia edilən məzar daşına qarşı vandal addımları əks etdirən video-görüntülər paylaşıblar. Düşmənin yaydığı görüntü sosial şəbəkələrdə və bəzi saytlarda sürətlə yayılmağa başlayıb. İddia edilib ki, guya, bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və param-parça ediblər. Hadisənin bu formada cəmiyyətə ötürülməsi ciddi etirazlara və ajiotaja səbəb olub.

Lakin bir müddət sonra Milli Qəhrəmanımızın ailəsinin verdiyi açıqlamadan bəlli olub ki, düşmənin məqsədli şəkildə yaydığı görüntülər həqiqəti əks etdirmir. Dağıdılan baş daşı isə ermənilərin özləri tərəfindən çəkiliş üçün hazırlanıb. Allahverdi Bağırovun qızı Zümrüd Bağırova atasının məzar daşının ermənilər tərəfindən dağıdılması xəbərindən olduqca məyus olduğunu bildirib: "Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini instaqram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı? Atamın məzar daşını görəndə 6 yaşım vardı. Hadisəni dünənki kimi xatırlayıram. Qeyd edilir ki, guya, atamın məzarı Şuşadadır. Halbuki, atamın məzarı Ağdamdadır. Atamın başdaşı mərmərdən deyil. Adi dəmir parçasıdır. Çox xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Hamımız çox narahatıq. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”. Milli Qəhrəmanın oğlu, ehtiyatda olan kapitan Elşən Bağırov da bildirib ki, Allahverdi Bağırovla bağlı səsləndirilən, həqiqəti əks etdirməyən ifadələr onun şəxsiyyətinə ləkə yaxmaqdır: "Mən peşəkar zabitəm və düşmənin kim olduğunu yaxşı bilirəm. Onlar bizimlə informasiya müharibəsi xatirinə nəinki başdaşı, hətta heykəl də quraşdırıb qıra bilərlər. Biz Bağırovlar ailəsi birmənalı şəkildə xalqı ermənilərin iyrənc təxribatına uymamağa çağırırıq. Hamı bilsin ki, mənim atamın erməni dostu olmayıb”.
Milli Qəhrəman haqqında yayılmış xəbərlər və ailəsinin narahatlığı ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Allahverdi Bağırov Vətən uğrunda canını fəda edib, şəhid olub. Deputat da bildirib ki, xalqımızın qəhrəman oğlu A.Bağırovun məzarı Ağdamdadır: "Düşmənin bu cür təxribatına, məqsədli şəkildə hazırladığı təbliğata bilərəkdən və ya bilməyərəkdən qoşulmaq yolverilməzdir. Vətəndaşlarımız bu oyuna aldanmasınlar. Təəssüflər olsun ki, kiminsə tərəfindən hansısa xoşagəlməz məlumat yayılanda, dezinformasiya ortalığa atılanda dərhal sosial şəbəkələr, saytlar bunu tirajlamağa başlayırlar. Heç nədən ajiotaj yaradırlar. Məzar məsələsində çox həssas olmaq lazımdır. Unutmayaq ki, bu da ermənilərin növbəti murdar oyunudur. Düşməndən başqa cür hərəkət gözləmək yersizdir. Ona görə də hamımız bu məsələdə yekdil olmalıyıq, təmkinli davranmalıyıq. Nəzərə alaq ki, hələ torpaqlarımız işğal altındadır. Düşmən torpaqlarımızda öz bildiyini edir. Bunlara son qoymaq üçün ərazilərimizi ermənilərdən təmizləməliyik”. E.Məmmədov ermənilərin vandalizm hərəkətlərinə də diqqət çəkib: "Məlumdur ki, ermənilər tarix boyu zəbt etdikləri bütün torpaqlarımızda məzarlıqları bilərəkdən dağıdıblar, qəbir daşlarını sındırıblar. Müqəddəs məbədlərimiz, məscidlərimiz, türbələrimiz yerlə-yeksan edilib. Hətta meyitləri də təhqir ediblər. Bütün bunlar da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin, bitməz-tükənməz nifrətin tərkib hissəsidir”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də bəyan edib ki, ermənilər ictimai rəyi çaşdırmaq üçün bu cür dezinformasiyalar yayırlar: "Ermənistanın bir dövlət olaraq Azərbaycanla müharibə aparmaq imkanları yoxdur. Onların nə ölkə olaraq, nə də millət olaraq potensialları Azərbaycanla adekvat deyil. Amma fakt odur ki, düşmən torpaqlarımızı işğal edib. Onların silahı hiylə və məkrdir. Ömür boyu "qalibiyyətlərinin” kökündə hiyləgərlik durub. Hazırda Ermənistanda həbslər gedir, vəziyyət çox gərgindir. Sabah Qarabağda törədilən cinayətlər də ortaya çıxacaq. Ermənilər diqqəti yayındırmaq üçün müxtəlif təxribatlar törədirlər. Bu kimi informasiyalarla ermənilərin qalib ovqatını yaratmaq istəyirlər ki, əhali ruhdan düşməsin”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26