2018-07-31 12:58:24   |   698 dəfə oxunub

“Qürurumdan ağladım”

Mənsum İbrahimov: “Bir danimarkalı səhnəyə çıxıb bayrağımızı öpüb, diz çökdü”



Azərbaycan muğamını bu gün Avropanın demək olar, ən böyük səhnələrində təbliğ edən sənətkarlar sırasında xalq artisti Mənsum İbrahimovun müstəsna xidmətləri var. Bu günlərdə qastrol səfərindən qayıdan Mənsum İbrahimov hazırda Yesuntiki şəhərində sanatoriyada istirahət edir.

İl ərzində gərgin iş qrafikindən sonra müalicə və istirahət məqsədilə Rusiyada dincələn xalq artisti "Şərq”ə son səfəri barədə danışdı, təəssüratlarını bölüşdü: "Bu yaxınlarda Küveytdə qastrol səfərində olduq. Böyük anşlaqla konsert proqramlarımız baş tutdu. Küveytdə Azərbaycan muğamı barədə daha çox məlumat var deyə, fərqli bir yanaşmanın şahidi olduq. Muğamlarımıza böyük maraq var. Əslində bu gün dünyanın bir çox ölkələrində Azərbaycan muğamına marağın şahidi oluruq. Amma şərq və ərəb ölkələrində bu maraq daha fərqlidir. Səhnəyə çıxanda böyük alqışlarla qarşılanırdıq”.

Xalq artisti son illər xarici ölkələrdə muğamımıza olan marağın artmasının səbəblərindən də danışdı: "Muğam həqiqətən dərin bir musiqi janrıdır. 

Dünyanın heç bir millətində bu musiqi yoxdu. Bu baxımdan, özəlliyimiz var. Düzdü, sovet dönəmində də muğam ifaçılarımız xarici ölkələrdə konsert proqramları ilə çıxış edirdilər. Amma o zamanlar sovetlər birliyinin tərkibində tam muğamı təbliğ etməyə imkanımız olmurdu. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan musiqisi öz təbliğini tam qura bildi. Dövlət səviyyəsində, Heydər Əliyev Fondunun yaratdığı şərait sahəsində Azərbaycan muğamını dünyanın hər yerində tanıyırlar. Beynəlxalq muğam festivallarının, müsabiqəsinin keçirilməsi Azərbaycan muğamının tanınmasına daha çox imkanlar yaratdı. Biz xarici ölkələrdə hər çıxışımızdan zövq alırıq. 

Çünki milli musiqimizi təbliğ edirik. Danimarkada səfərdə olmuşduq. Çox maraqlı bir nüans oldu. Danimarkadakı konsertdən sonra bir kişi balaca Azərbaycan bayrağını həmyerlilərimizin birinin əlindən alaraq səhnəyə çıxdı. Səhnəyə qalxan tamaşaçı danimarkalı idi. Və orada bayrağımızı öpərək dedi ki, mən dünyaya belə bir musiqi, belə bir ifa bəxş edən xalqın, ölkənin qabağında baş əyirəm və onun bayrağını öpüb, diz çökürəm. Bizim üçün bu çox təsirli səhnə idi və indiyədək o məqam yadımdan çıxmır. İnanırsınız, qürurumdan ağladım o zaman... 

Bir də, Braziliyada konsert verəndə. Rio-de-Janeyroda qədim bir Opera Teatrında çıxış edəndən sonra ora toplaşan 2000-dən çox tamaşaçı bizi buraxmırdı və yenidən muğam ifa etdik. Yəni ilk baxışdan bizim musiqidən tamamilə uzaq olan bir xalq musiqimizə necə qaynayıb-qatışdı, bunu görmək lazım idi! Bu baxımdan Azərbaycan muğamını təbliğ etməkdən qürur duyuram”.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-11-21