2018-08-01 14:30:16   |   572 dəfə oxunub

“Bizim vaxtımızda bir daxmada 6-8 uşaq böyüyürdü”

Elnarə Abdullayeva: “Valideyn lazım gələndə uşağını döyürdü də, təpinirdi də. Heç bir uşağın da psixologiyası zədələnmirdi”

“Sevgi, filan, bunlar gözəl hisslərdir, amma ailə quranda təkcə sevgi yetərli deyil. Vallah, 5 il sonra ən güclü sevgi də bitir, tükənir”


Sənət adamları, şou-biznes nümayəndələri hər zaman maraqlı olublar. Onların yaradıcılığı ilə yanaşı, şəxsi həyatları, yaşam tərzləri də diqqət çəkib. Sənət adamlarının açıqlamaları, sosial şəbəkələrdə paylaşımları, müsahibələri də müzakirə mövzusuna çevrilə bilir. Azərbaycanda sənət adamları arasında açıqlamaları ilə fərqlənən əməkdar artist Elnarə Abdullayevanın az qala hər dediyi söz müzakirəsiz ötüşməyib. Hətta bəziləri sənətkar barədə danışanda "səsi, sənəti öz yerində, bu xanımın danışığının vurğunuyam” deyənlərin də az şahidi olmuruq. Elə bu səbəbdən bu dəfə də Elnarə Abdullayeva ilə həmsöhbət olduq.

- Yay fəslidir. İstirahət edə bilirsiz?

- İstirahət deyəndə, imkan tapanda, dağa-bağa qaçıram. Amma yalan nə deyim, toyların indi çox olan vaxtıdır. Deyim ki, əməlli-başlı bu yay istirahət edə bilmişəm. Yox. Hələ ki, buna vaxt olmur. Çəkilişlərdə, toylarda baş qarışıqdı. Hərdən ölkədən kənara çıxıb istirahət etməyə çalışırdıq. Bu yay hələ ki, fürsət olmayıb. Amma inşallah, yəqin bir həftəlik istirahətə zaman ayırarıq.

- Övladlarınıza qarşı sərt bir tərbiyə üslubunuz var.

- Bəli. Əslində buna sərtlik deməzdim. Olması olan qədər edirəm. Valideynlə övlad arasında pərdə olmalıdır, hətta qorxu olmalıdır. Bilmirəm indiki zamanda psixologiya adı ilə bəzən nəyisə sübut etməyə çalışırlar. Amma mən bunların çoxunu qəbul edə bilmirəm. Əvvəllər bu psixoloji problem sözü dəb deyildi, evdə uşaq böyütmürdülər. İndi bir evdə 2 uşaqdan artıq övlad görmək çətindi. Bizim vaxtımızda bir daxmada 6-8 uşaq böyüyürdü. Valideyn lazım gələndə uşağını döyürdü də, təpinirdi də. Heç bir uşağın da psixologiyası zədələnmirdi. İndi bəhanə tapırlar, uşağın psixologiyası zədələnər. Qələt edər, zədələnər. Elə hərəkət etsin ki, döyülməsin, söyülməsin, psixologiyası da zədələnməsin. Məni kimsə qınaya bilər. Amma mən belə anayam. Belə böyümüşəm, belə də böyüdürəm uşaqlarımı. Uşaqlarımın həddi nədir ki, mənim sözümün üstünə söz gətirsinlər. Mən valideynəm. Hər halda heç bir valideyn uşağının pisliyini istəməz. Onlar uşaqdırlar, hələ bilmirlər həyatda hansı yol düzdü, hansı yol səhv. Onlara istiqamət vermək valideynin borcudur. Müasirlik adı altında uşaqla valideyn arasında az qala bütün pərdə götürülüb. Qız istədiyi vaxt evdən çıxa bilir, istədiyi vaxt evə gəlir, istədiyi kimi əylənib kef çəkir. Bunun da adını müasirlik qoyublar. Mənə belə müasir ailə lazım deyil. Ona görə bu gün gəlin köçən 5 gün sonra atasının evinə qayıdır. Ona görə oğlan pul görüb qudurur.

- Tanınmış insansız. Maddi imkanlarınız da pis deyil. Uşaqlarınız bu məşhurluğunun dadını çıxara bilirlər?

- Mən sizə bir səmimi söz deyim. İnanın necə düşünürəm, elə də dilə gətirirəm. Bəzəksiz, filansız. Mən bu günə asanlıqla gəlməmişəm. Qazandıqlarımı mənə qızıl mecmədə gətirib verməyiblər ki, ye, kef elə. Nə əldə etmişəmsə, alın tərimlə qazanmışam. Xeyir ola, onlar mənim bu zəhmətimdən kef olaraq istifadə etməlidirlər. Bəli, valideyn kimi mənim üzərimə düşən vəzifələr, öhdəliklər var. Mən onları böyütməliyəm, onlara təhsil verməliyəm. Mən də oxusunlar deyə, əlimdən gələni edirəm ki, sabah çörək sahibi olsunlar. Nə məndən, nə də kimsədən asılı qalmasınlar. Amma onlar tanınmışın övladlarıdır deyə, kef çəkib istədikləri kimi yaşaya bilməzlər. Ailənin başçıları var, onların qurduğu qayda evdə hamıya şamil olunur. Sən Elnarənin oğlusansa, bu sənə o haqqı vermir ki, ye, iç, kef çək. Demirəm ki, uşaqlarımı dustaq kimi böyüdürəm. Xeyr. Qətiyyən. Amma hər şey ölçüsündə olmalıdır. O ölçünü qorumadınsa, sonrası faciə olar.

- Uşaqarınızın şəxsi həyatına da müdaxilə etməyi nəzərdə tutursuz. Deyək ki, ailə qurarkən sizin fikriniz vacibdi, ya sevgiyə önəm verirsiz?

- Bilirsiz, mən bu barədə danışanda birmənalı qarşılanmır. Amma vallah, düz deyirəm. Sevgi, filan, bunlar gözəl hisslərdir, amma ailə quranda təkcə sevgi yetərli deyil. Vallah, 5 il sonra ən güclü sevgi də bitir, tükənir. Qalan hörmətdi, tərbiyədi. İnsan ailə quranda onun üçün vacib olan ailənin əxlaqıdır, tərbiyəsidir, hörmətdir. Təbii ki, övladlarımın ailə qurmasında mənim seçimim, mənim fikrim vacib olmalıdır. Onlar uşaqdılar. Onlar həyatlarını quranda qanadlana bilərlər, nağıllar kimi həyat düşünə bilərlər. Amma həyat nağıllardakı kimi rəngarəng deyil. Mən bu gün valideyn kimi sərt olmasam, sabah övladımın faciəsini görəndə diz qoyub ağlamalıyam. Əgər yolun başında onlara düz istiqamət verə bilirəmsə, niyə bunu etməyib. Qoy bir az sərt görünsün. Amma vacib nəticədir.

- Bəzən sərt çıxışlarınız həmkarlarınızı da narahat edir. Siz ad çəkmədən fikir deyirsiz, amma o payı çoxu özünə götürür.

- Məni tanıyan tanıyır. Kim olduğumu, hansı əqidəyə sahib olduğumu bilən bilir. İndi mən özüm haqqında yalandan nə desəm mənasızdı. Bu millət bizi bizdən yaxşı tanıyır. Yalandan söz deməklə iş bitmir ki. Mən olanları deyirəm. Əslində olanların hamısını demirəm. Az-çox eyham vururam. Deyirəm ki, bir az özünüzə kənardan da baxın, kimliynizi yaddan çıxartmayın. Hamı bilir ki, sənət aləmində nələr baş verir. Bunu malalamaqla o çirkinliklər örtülə bilməz. Vallah, o çirkabın üzünü bağlamağa kimsənin gücü çatmaz. Guya təzə xəbərdi ki, sənət aləmində olanların həyatı necədir? Kişilərin çoxu necə həyat yaşayır, göz önündədir, xanımların səhnəyə gəlişi sirr deyil. Bunu siz özünüz də bilirsiz. Sənətçilər özlərini tanımırlar ki? Tanıyırlar. Mən də sizi tanıyıram. Elə bu millətin ən sadə insanı da, ona görə də artistlik etməyin adı yoxdu. Barı susun. Mən yenə deyirəm ki, sənət aləmində olan çirkabları hamı bilir. Yalandan şou əhlini huri-mələk göstərməyək. Təbii ki, bu o demək deyil ki, onlar arasında insanlığına, şəxsiyyətinə hörmət etmədiyim insanlar yoxdu. Qətiyyən o anlama gətirməyin. Sənət aləmində şəxsiyyəti mənim üçün dəyərli olan insanlar var.

- Qısa müddətdə bir çox müğənnilərin, xanəndələrin etmədiyi layihələrə imza ata bildin. Bu iddia hardandı?

- Mən ümumiyyətlə, tənbəl insanları sevmirəm. Allah insanı yaradandan hərənin üzərinə bir missiya qoyur. Mən üzərimdə məsuliyyət hiss edirəm. Əgər bu sahədəyəmsə, demək, o layihələr olmalıdır. Hələ mən istədiklərimin hamısını edə bilməmişəm. Bunun üçün müəyyən səbəblər olub. Amma sənətimi sevirəm. Bu hissi sözlə ifadə etmək çətindi. Mən oxumalıyam, mən bunda rahatlıq tapıram. Özümü tapmış oluram. İnsan özünü tapmayanda yaşamağının mənası olmur. Mənasız yaşam tərzi mənim kitabımda yoxdu. İddialıyam, bəli. Çünki Allahın verdiyi səsə güvənirəm. Bu, təkəbbür deyil. Bunu bilin. Sadəcə, Allah məsləhət bilib bu səsi mənə veribsə, mən onun qədrini bilib ondan düzgün istifadə etməliyəm. Bu, bəndə olaraq mənim borcumdu. Necə ki, Allahın bizə verdiyi can əmanətdi, onu qorumalıyıq, eləcə də Allah müğənniyə səs veribsə, bu ona əmanət olunub. O əmanəti qorumalıdır.

Tahirə








SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25