2018-08-02 12:09:04   |   599 dəfə oxunub

“Allah mənim ömrümdən kəsib ona calasın”

Tünzalə Əliyevanın həyat yoldaşı sonuna qədər əməkdar artistin yanında olacağını bildirib



Ötən gün xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva artıq palataya köçürülüb.

Əməkdar artist hazırkı durumu ilə bağlı açıqlama verib: "Əməliyyat yaxşı keçdi. Neçə saat davam etdiyini bilmirəm. Ona görə ki, palataya indi düşmüşəm. Çıxandan sonra hamısını öyrənəcəm. Amma özüm yaxşıyam. Yaxşı baxırlar mənə. Hər şey əladır”.

Aktrisa dedi ki, o, xərçəng xəstəliyinə tutulmasını tam təsadüf nəticəsində öyrənib: "Mən tam fərqli bir problemlə bağlı həkimə müraciət etmişdim. Həkim elə orada dedi ki, səndə uşaqlıq boynunda şiş var. Mərkəzi Gömrük Hospitalında şişdən nümunələr götürülüb əkildi. Dedilər xərçəngsən” - deyə aktrisa bildirib.

Xəstəlik aşkar ediləndən sonra Tünzalə Əliyeva millət vəkili Qənirə Paşayevaya müraciət etdiyini dedi: "Qənirə xanıma mənə kömək etməsi üçün müraciət etdim. O da Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru Cəmil Əliyevlə danışdı. Mərkəzin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev məni əməliyyat etdi. Hazırda şişdən nümunələr götürülüb, əkilib. 14 gündən sonra dəqiq bilinəcək ki, kimyaterapiya, şüa olunacaq, ya yox. Həkim, sadəcə onu dedi ki, şiş bədxassəli olsa da, əsas odur metastaz verməyib. Sizin dualarınız mənə yetər. Sizin sayənizdə mən sağlam oluram”- deyə əməkdar artist əlavə edib. Sənətçinin həyat yoldaşı Röyalın paylaşımı isə ürək dağlatdı. Əməkdar artistin həyat yoldaşı çarəsizliyini belə ifadə edib: 

"Bəzən həyat çox acımasız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən. Etmək istəyirsən, amma bacarmırsan.Tez qayıt, xahiş edirəm! Allah mənim ömrümdən kəsib, sənin ömrünə calasın”.

Tünzalə Əliyevaya dəstək olmaq üçün tanınmış teleaparıcı Hacı Nuran, bədii qiraətçi Nazilə Səfərli, müğənni Roza Zərgərli də xəstəxanada sənətçiyə baş çəkiblər.

Tünzalə Əliyevanın həyat yoldaşı "Şərq”ə açıqlamasında "Bu xəstəlik bizə o qədər xəbərsiz gəldi ki, o şoku aşmağa imkanımız belə olmadı. Tünzalə tamamilə başqa bir problemlə bağlı xəstəxanaya getmişdi. Müayinədən sonra məlum oldu ki, xərçəngdi. Təbii ki, Tünzalənin yanındayıq. O təkcə gözəl ana deyil, Tünzalə təkcə həyat yoldaşım olduğu üçün mənə dəyərli deyil, mən ilk əvvəl onun insanlığının vurğunu olmuşam. Allaha əlimizi açıb dua edirik. 

Mən Allahın bu sınağından keçəcəyimizə ümid edirəm. Allah mənə onun yoxluğunu yaşatmasın. Mən hər zaman onun yanındayam. Ağır xəstəlik barədə son dönəmlər çox eşitmişdik. Amma ağlımıza da gətirməzdik ki, xərçəng bizim də qapımızı döyər. Demək ki, həyat bizi bu xəstəliklə sınağa çəkir. Əgər mənim canımdan ona pay vermək mümkünsə, mən buna hazıram. Söz olsun deyə demirəm. O mənim balamın anasıdır, evimin baş tacıdır. 

Mən onsuz həyatımızı təsəvvür belə etmək istəmirəm. İnsan həqiqətən xəstəlik qarşısında aciz qala bilirmiş. Sanki əlimi, ayağımı bağlayıb Tünzalənin ağrısı ilə işgəncə verirlər mənə. Bircə Allahdan əlimizi üzmürük. Yaradana əl açıb deyirəm ki, Tünzaləni balama bağışla, onu mənə çox görmə. Nə deyim ki? Bəzən danışmağa söz qalmır. Allah bütün xəstələrə kömək olsun, bizi də nəzərindən qaçırmasın”.

Tahirə







SON XƏBƏRLƏR

2018-09-25