2018-08-08 14:26:39   |   777 dəfə oxunub

“Gənclik məhəllə səviyyəli düşüncəyə köklənib”

Baba Vəziroğlu: “Cəmiyyətimizdə kütləvi zövqsüzlük formalaşmağa başlayıb”



Onun misralarında həyatın fərqli tərəflərini tapmaq mümkündür. Onun şeiriyyat dünyasında həyat, qadın, sevgi nüanslarına yanaşma da özünəməxsusdur. Söhbət nəğməkar-şair Baba Vəziroğludan gedir. "Şərq”in budəfəki qonağı olan Baba Vəziroğlu ilə səmimi söhbətimiz alındı.

- Adətən yay mövsümündə yaradıcı ruhlu insanlar daha çox istirahət etməyə maraqlı olurlar. Yay mövsümündə necə dincəlirsiz?

- Maraqlısı odur ki, dincəlmirəm. Buna vaxtım olmayıb bu il. Qayğılar, problemlər istirahət etməyə zaman vermir.

- Yəni maddi çətinlikləriniz var?

- Yox, maddi çətinliyim yoxdu. Hətta olsa belə mən diz çöküb ağlayan zəif xarakterli biri deyiləm. Maddiyyat mənim üçün həyatda ən sonda dayana biləcək məqamdı. Sadəcə, bu gün cəmiyyətimizdə, ətrafımızda, böyük mənada dünyada baş verənlər bizi yükləyir.

- Elə sənət aləmində də təxmini eyni acınacaqlı vəziyyət hökm sürmür ki? Əvvəllər müğənnilər ciddi bəstəkarlara, şairlərə müraciət edərdi ki, ifa olunan bəstələr keyfiyyətli olsun. Bu gün isə ən tanınmış müğənnilərin belə repertuarını ara sözlərlə dolu mahnılar əvəzləyib.

- Bilirsiz, bu gün cəmiyyətimizdə vəziyyət necədirsə, elə sənət aləmində, yaradıcılıq mühitində də eyni durum hökm sürür. Çünki cəmiyyətimizdə kütləvi zövqsüzlük formalaşmağa başlayıb. Kitaba maraq qalmayıb. Kitab oxumayan cəmiyyətdə zövqdən danışmağa dəyərmi? Sovet dönəmini bəzən bəyənmirik. Amma o dönəmdə gənclərin mütaliəsi var idi, kitab oxuyanlar çox idi. Bu gün gənclik məhəllə səviyyəsi düşüncəsinə köklənib. Bizdə nə qədər məmur özbaşınalığı varsa, o qədər yüksək mənəvi əxlaqdan danışmağa dəyməz. Məmurlar salamı alanda o salamdan bir mənfəət umurlar. Əgər məndən, Baba Vəziroğludan belə məmur nəsə umursa, deməli, o cəmiyyətin ciddi problemləri var. Ona görə bu gün musiqimiz də, səhnəmiz də o məhəllə düşüncəsi zövqünə enib.

- Bu sizin yaradıcılıq ruhunuza təsirini göstərirmi?

- Təbii ki, göstərməyə bilməz. Xəstə cəmiyyətdə sağlam düşüncə sahibi olaraq yaşamaq o qədər də asan deyil. Bəli, bu gün ziyalı təbəqəmiz var. Amma azlıq o xəstə təfəkkürlü kütləyə güc gəlmək üçün daha çox mübariz olmalıdır. Hər bir yaradıcı ruhlu insan ətrafında baş verənlərə etinasız yanaşa bilməz. Təbii ki, bu, yaradıcılığımıza təsirsiz ötüşmür. Kimin üçün yazaq? Kim oxuyub dəyər verəcək? Kimin üçün maraqlıyıq? Bu gün hərə öz marağına xidmət edir deyə yaradıcı ruhlu insanların yaratdıqlarına önəm verən azdı.

- Sosial şəbəkələrdə də aktivsiniz. Maraqlıdır ki, feysbukda varsız, amma heç vaxt status paylaşmırsınız...

- Bu gün sosial media, sosial şəbəkə həyatımıza bu və ya digər şəkildə daxil olub. Biz istəsək də, istəməsək də, sosial mediadan az qala asılı qalmışıq. Bəli, sosial şəbəkədə varam, feysbukdan istifadə edirəm. Mən orada ancaq xəbərlərə baxıram. Artıq neçə ildir qəzet almıram, bütün dünyadan məlumatı oradan alıram. Həm də burada ünsiyyət var. Televizor sosial şəbəkənin yerini vermir. Birmənalı da qəbul olunmasın, qəzetlərin obyektivliyinə inanmıram. Amma feysbukda hər imzanın arxasında canlı insan var.

- Sizin poeziya dünyanızda məhəbbət şeirləri üstünlük təşkil edir. "Məhəbbətlə çoxalır, ürək sözü azalır, ilk məhəbbət məktubu bircə dəfə yazılır”. İlk məhəbbət məktubunuzun məzmunu yadınızda qalıbmı?

- Həyatın müəyyən qəribəlikləri olur. Adətən həyatda ilk heç nə yaddan çıxmır, unudulmur. İlklər unudula bilmir məntiqi ilə də razılaşsaq, bəli, ilk məhəbbət məktubu bircə dəfə yazılır. Ola bilər ki, sevgi məktubları çox yazıla, amma onun ən birincisi ilk sevgi məktubudur. Məhəbbətlər çoxaldıqca, ilk məhəbbət məktubu orijinal, nadir nüsxə kimi tək olur. İlk məhəbbət məktubunu neçənci sinifdə yazdığım yadıma gəlmir. Amma ilk sevgi məktubu deyəndə bir qış günü yadıma düşür. İlk məhəbbət bəlkə də real bir olay deyil. İnsanın uydurduğu, inandığı və yaxud inanmaq istədiyi bir nağıldır. Bu şirin nağıl, insanın insan olması üçün mütləq lazımdır. İlk məhəbbət nağılı hamıda olur. Bəziləri davam etdirir, bəzilərində bitir...

- Sevgiyə doğru yol gedən Baba Vəziroğlu sevgisinə çata bilibmi?

- Sevgi qəribə bir duyğudur. Sevgiyə çatanda artıq o sevgi olmur, maddiləşir. Şairin vəsf etdiyi gözəlliyə əli çatmamalıdır. Bu, normaldır. İnsan ömür boyu arzulayır ki, ona əli çatsın, ünü yetsin. Amma həmin arzunun qaranlıq bir ikinci tərəfi də var: kaş çatmayaydım. Çünki hər şey nakam olanda gözəldir. Görürsünüz, bütün məhəbbət dastanları ancaq nakam sevgilər haqqında yazılıb. Hələ, o böyük məhəbbət dastanlarında nikah səhnəsi ilə bitən sonluq görməmişik, mümkün də deyil. Bu mənada da, şair ömrü boyu vəsf elədiyi sevgiyə, dərk etdiyi varlığa, qadına doğru gedir, amma nə yaxşı ki, əli çatmır. Söhbət ilahi sevgidən gedir. Əl çatmayanda o sevgi, gözəllik həmin yüksəklikdə, həmin ilahilikdə qalır. Maddiləşəndə isə məişətimizin bir predmetinə çevrilir.

- Adətən deyirlər ki, sənətçilər dostluğu bacarmır. Yaradıcılıq prosesində qazandığınız dostlarınız var?

- Mən şou aləmindən pul qazansam da, oradan dostum, demək olar ki, yoxdur. Mənim dostluq haqda təsəvvürlərim tamam başqadır.

- Qadınlar barədə danışanda bir dəfə müsahibənizdə yadıma gəlir ki, qadını plastilinə bənzətmişdiz...

- Bəli, qadın plastilin kimidir. Əgər o qadına sevgi verə bildinsə, onu istədiyin kimi yoğura bilərsən. Qadın maraqlı, sirlərlə dolu, eyni zamanda həm də çox təhlükəli ola biləcək varlıqdı. Amma o həmişə sənin üçün maraqlıdır. Sən qadın dünyasına hər dəfə baxarkən yeni nəsə tapa bilirsən.

Tahirə







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20