2018-08-09 01:34:15   |   320 dəfə oxunub

Kazimirov erməni sevgisindən hələ də əl çəkməyib

“Kazimirov ermənilərə yenidən “birləşmək” mesajı verir və bildirir ki, Paşinyan sabiq siyasətçilərlə didişməyi kənara qoymalı, ortaq hərəkət etməlidir”

Keçmiş həmsədr Qarabağ məsələsində Ermənistanın uduzacağından narahatdır



ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ermənipərəst mövqeyi ilə tanınan Vladimir Kazimirov nüfuzlu "Nezavisimaya qazeta” nəşrinə müsahibə verib. Söhbət zamanı o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistanda baş verənlərin danışıqlar prosesinə təsirindən danışıb. Sabiq həmsədrin sözlərinə görə, Dağlıq Qarabağın statusuna görə ortaya çıxan münaqişə SSRİ-nin parçalanmasında başlıca rol oynayan səbəblərdən biri olub.

Lakin Kazimirov hesab edir ki, bu münaqişə təkcə iki dövlətin yox, digərlərinin də münasibətlərinin gərginləşməsinə təsir edib:

 "Siyasi müstəvidə başlayan və tədricən hərbi müstəviyə keçən Dağlıq Qarabağ problemi hazırda irimiqyaslı hərbi münaqişəyə çevrilib. Çoxsaylı insan itkisi və dağıntılarla müşayiət olunub”. Bişkek protokolu barədə danışan Kazimirov iddia edib ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında əldə edilmiş atəşkəs anlaşmasında onun və Rusiyanın böyük rolu olub: "Bunun üçün Bakıdan xahiş etdim. Son nəticədə, 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminin tətbiq edilməsinə nail olduq. İndi münaqişənin yaranmasından dörddə bir əsr keçir. Hadisələrin inkişafını nəzərə alsaq, Rusiya bu prosesi yaxından izləmək məcburiyyətindədir. Şadam ki, Rusiya, ABŞ və Fransa bir sıra məsələlərdə fərqli baxışları olmasına baxmayaraq, Qarabağ münaqişəsinin həlli üzərində işləyirlər. Lakin düşünürəm ki, münaqişənin müharibə ilə həlli yolu yoxdur. Azərbaycan da 1990-cı illərlə müqayisədə böyük hərbi gücə malik olmasına baxmayaraq, məsələnin dinc yolla həllinin tərəfdarıdır”. Keçmiş həmsədr Ermənistandakı proseslərə də toxunub: "Son vaxtlar Ermənistanda daxili vəziyyət yenidən mürəkkəbləşib. Ölkənin siyasi liderləri arasında uçurumlar var. Ən azı münaqişənin həlli üçün ortaq yanaşma ortaya qoymaq lazımdır. Buna görə də Nikol Paşinyan, Robert Koçaryan və Serj Sarkisyan tezliklə görüşməlidirlər. Bu cür qarşıdurma vəziyyəti çətin ki, Bakı ilə danışıqlarda Ermənistanın xeyrinə olsun. Belə getsə, İrəvan danışıqlar prosesi və görüşlərin ləngidilməsi, yaxud pozulmasında ittiham oluna bilər”.

Açıqlamalara münasibət bildirən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov "Şərq”ə açıqlamasında deyib ki, Kazimirov 1992-96-cı illərdə Rusiya prezidentinin Qarabağ münaqişəsinin həlli üzrə köməkçisi olub. Faktiki olaraq sabiq prezident Boris Yeltsinin səlahiyyətli nümayəndəsi statusunu daşıyıb: 

"Bu statusla yanaşı, o, bir müddət Minsk Qrupunda Rusiyanın həmsədri kimi fəaliyyət göstərib. Kazimirovun bütün fəaliyyəti, mövqeyi ermənilərə xeyirdir. Açıq-aydın obyektivlikdən uzaq danışır və yalnız ermənilərin mövqeyini müdafiə edir. 1992-ci ildə hansı düşüncədə idisə, indi də o cür fikirləşir. İstefaya gedəndən bugünədək səsləndirdiyi bütün bəyanatlar Ermənistanın lehinə olub. Onun 1994-cü ildə atəşkəsin əldə olunması Bişkek protokolu ilə əlaqəli olub, bu prosesdə mühüm rol oynayıb, Bakıya müraciət edib kimi iddiaları qətiyyən doğru deyil. Bu iddiaları bir müddət əvvəl də gündəmə gətirib. Lakin mən o zaman mediada məsələyə münasibət bildirərək onu ifşa etmişəm. Reallıq odur ki, atəşkəs rejimi 1994-cü il aprel ayının 15-də MDB dövlət başçılarının birgə iclasının qərarı əsasında əldə olunub. Burada hansısa konkret siyasətçinin, parlament üzvünün heç bir səlahiyyəti, mandatı yox idi ki, atəşkəslə bağlı qərar qəbul etsin. Bişkek protokolu qüvvəyə minməyən uydurma bir sənəddir. Həmin protokolun məqsədi Dağlıq Qarabağ rejimini münaqişənin həlli prosesində tərəf kimi qəbul etdirmək idi. Ancaq buna nail ola bilmədilər. 25 ildir Rusiya tərəfi atəşkəslə bağlı cəmiyyəti çaşdırmağa, uydurma Bişkek protokolunu təbliğ etməyə çalışır”.

E.Namazova görə, Kazimirovun son açıqlamaları da göstərir ki, sabiq siyasətçi erməni sevgisindən hələ də əl çəkməyib: 

"Ancaq indiki məqamda onun mediaya açıqlama verməsinin başqa səbəbləri var. Daha doğrusu, Kazimirovu narahat edən məqam hazırda Ermənistanda gedən proseslər, Robert Koçaryanın və KTMT rəhbəri Yuri Xaçaturovun həbs edilməsidir. Proseslərin gedişindən təşvişə düşənlər Qarabağ məsələsində Ermənistanın uduzacağından ehtiyat edirlər. Düşmən ölkədə davam edən qeyri-sabitlik, siyasi və iqtisadi böhran da bu cür düşünməyə əsas verir. Kazimirov ermənilərə yenidən "birləşmək” mesajı verir və bildirir ki, Paşinyan sabiq siyasətçilərlə didişməyi kənara qoymalı, ortaq hərəkət etməlidir. Əks halda İrəvan hökuməti Qarabağı itirəcək. Bu, ermənipərəst bir diplomatın İrəvanla bağlı narahatlığıdır”.

Ekspert xatırladıb ki, Kazimirovun müsahibəsində xeyli mübahisəli məqamlar var: 

"O, ümumi prosesin tarixçəsi ilə bağlı danışarkən Azərbaycanın əleyhinə olan fikirlər səsləndirib. İddia edib ki, guya rəsmi Bakı kompramisə getmir və "radikal” davranış sərgiləyir. Halbuki reallıq başqa cürdür. İndiyə kimi qeyri-konstruktiv mövqe sərgiləyən, təcavüzkarlıqdan əl çəkməyən, danışıqları dalana dirəyən məhz Ermənistandır. Düşmən tərəf işğal etdiyi bir qarış torpağı da danışıqlar yolu ilə Azərbaycana qaytarmayıb. Ancaq Kazimirov dolayısı yolla günahı Azərbaycanın boynuna atmağa çalışır. Onun münaqişə ilə bağlı çağırışını çox aciz və cılız hesab edirəm. Əslində o da fərqindədir ki, adını çəkdiyi şəxslərin bir araya gəlməsi mümkün deyil. İşğalçı ölkədə vəziyyət pisləşir, siyasi çəkişmələr dərinləşir. Nəinki Paşinyan əvvəlki siyasətçilərlə yola getmir, eyni zamanda qondarma rejimlə İrəvan arasında da çatlar yaranıb. O baxımdan inanmıram ki, Kazimirovun çağırışı heç bir qarşılıq görməyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18