2018-08-09 02:04:50   |   174 dəfə oxunub

Erməni lobbisinin yalvarışları səbəbsiz deyil

Trampın Ermənistanın yeni hakimiyyətinə sevgi bəsləməməsi açıq-aydın görünür



ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı - Amerika Erməniləri Milli Komitəsi prezident Donald Trampa məktub ünvanlayıb. Məktubda Trampdan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək üçün vaxt ayırması xahiş edilib:

"Ümid edirik ki, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçiriləcək sammitində Nikol Paşinyanla söhbət üçün vaxt ayıracaqsınız. Belə bir dialoq Ermənistanın təhlükəsizliyi üçün olduqca vacibdir”. Hələlik Ağ Ev başçısı hələ ki məktuba cavab verməyib. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills məsələ ilə əlaqədar ona ünvanlanmış suala cavabında belə bir görüşün keçirilməsində maraqlı olduqlarını, lakin bu görüşün baş tutması üçün Amerika prezidentinin vaxtının olmadığını demişdi: 

"Görüşün keçirilməsində maraqlıyıq. Lakin həmin ərəfədə Donald Trampın görüş proqramı sıxdır. Buna görə də görüşün baş tutacağına ümidim yoxdur”.

Ekspertlərə görə, Qərbin siyasi dəstəyinə nail olmağa çalışan ermənilər Vaşinqtondan yeni kreditlər qoparmaq istəyir. İndiyə qədər Paşinyan təkbətək və ya nümayəndə heyətlərinin tərkibində Ağ Ev rəhbəri ilə təmasda olmayıb. Düşmən lobbisi hesab edir ki, Trampla görüş "böyük qələbə” və Qərbin Ermənistana fəal dəstəyinin təzahürü olacaq. 

Lakin amerikalı analitiklər bu görüşün Tramp üçün vaxt itkisindən başqa bir şey olmayacağını düşünürlər. Xatırladaq ki, Obamadan fərqli olaraq Tramp erməni lobbisinə heç bir vəd verməyib. Çünki erməni lobbisi seçkidə onun rəqibi Hillari Klintonu dəstəkləyib.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev bildirib ki, Amerikadakı erməni lobbisinin prezident Donald Trampa Nikol Paşinyanı qəbul etməsi barədə məktubu ermənilərin böyük narahatlıq keçirdiyinin göstəricisidir. Onun sözlərinə görə, ABŞ-ın əvvəlki prezidentləri ilə sıx münasibətlər quran erməni lobbisi və yeni Ermənistan hakimiyyəti Trampın etimadını qazanmaqdan ötrü dəridən-qabıqdan çıxırlar: 

"Sirr deyil ki, Tramp erməni lobbisinə və Ermənistan hakimiyyətinə "xüsusi sevgi” hissləri bəsləmir. Donald Trampın Azərbaycan Respublikasına qarşı laqeyd olmaması isə dünyadakı erməni lobbisinin narahatlığını artırır. ABŞ prezidentlərinin ənənəvi olaraq qondarma erməni soyqırımı kartından istifadə etməsi erməni lobbisinin seçkilərdə əsas silahı idi. Ancaq budəfəki seçkilərdə erməni lobbisinin Trampı deyil, Hillari Klintona dəstək verməsi düşmənin bağışlanmaz səhvi oldu. Şəxsi biznesi olan tanınmış milyarder Trampın erməni lobbisinin puluna və siyasi dəstəyinə ehtiyac duymadan hakimiyyət zirvəsinə qalxa bildi. 

Bu həm də gələcəkdə digər namizədlər üçün bir örnək oldu”. Siyasi şərhçinin fikrincə, lobbinin bu cəhdi həm də Rusiya ilə münasibətlərin gərgin olması səbəbindəndir: "Rus siyasətinin birmənalı olaraq açıq və birxətli müstəvi üzərinə keçməsi hətta ən yaxın müttəfiqlər üçün də gözlənilməz sürprizlərlə nəticələnə bilər. Buna misal olaraq Ukraynada baş verənləri nümunə gətirmək olar. Ukrayna ilə müqayisədə Ermənistan Rusiya üçün əhəmiyyətsiz bir ölkədir. Erməni lobbisinin çalışmalarının əsas xətti yeni Ermənistan hakimiyyətini Trampa yaxınlaşdırmaq və bu dalğada itirilmiş təsir imkanlarını bərpa etməkdir. Yoxsa indiyə qədər adı dillər əzbəri olan bir lobbinin Trampa birbaşa yol tapmaması və məcburən məktubla müraciət etməsi vəziyyətin acınacaqlı olmasını göstərir”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-08-17