2018-08-09 02:08:46   |   490 dəfə oxunub

Qazaxıstan türk dövlətlərini “İpək yolu”na çağırdı

Nəzakət Məmmədova: “Düşünürəm ki, Azərbaycan hökuməti Qazaxıstanın təklifinə müsbət reaksiya verəcək”




Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulan "İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.
Trend-in məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.

Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın "Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhameduli "İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib.

Politoloq Nəzakət Məmmədovanın fikrincə, bu təklifə rəsmi dövlət qurumları cavab verdikdən sonra konkret münasibət bildirmək olar. "İpək yolu” vizasının tətbiq olunmasının nə dərəcədə rentabelli olub-olmayacağını indidən ehtimal etmək mümkün deyil: 

"Mən ancaq bir politoloq kimi ümumi şərh verə bilərəm. Düşünürəm ki, inteqrasiya və turizmin inkişafı baxımından "İpək yolu” vizasının tətbiq olunması məqsədəuyğun haldır”. Orta Asiyanın Avroasiyaya inteqrasiyasında Qazaxıstanın mühüm rol oynadığını qeyd edən N.Məmmədovanın fikrincə, Azərbaycan da Cənubi Qafqazda özünəməxsus söz sahibidir. Bu baxımdan iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacib haldır: "Ancaq "İpək yolu” vizasının "Şengen”lə əvəzlənməsini bir o qədər də uyğun hesab etmirəm. "Şengen” Avropa Birliyini birləşdirir. Azərbaycanla Qazaxıstan isə eyni bir blokda təmsil olunmur. Lakin azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Dövlətlərarası münasibətlərdə də heç bir problem yoxdur. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əlaqələrin də böyük və qədim tarixi var. Düşünürəm ki, bütün bu faktorları nəzərə alan Azərbaycan hökuməti Qazaxıstanın təklifinə müsbət reaksiya verəcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-13