2018-08-09 11:59:26   |   200 dəfə oxunub

ASAN “Şəxsiyyət vəsiqəsini” asanlaşdırmır

Azər Allahverənov: “Qanunvericilikdə dəyişiklik edib, bu funksiyanı da ASAN Xidmətə ötürmək lazımdır”



Qeydiyyatdan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət Mərkəzindən niyə ala bilmir? Bu sual günümüz üçün çox aktualdır. Çünki rayonda qeydiyyatda olub paytaxtda yaşayan vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin əldə olunması, dəyişdirilməsi və yenidən bərpası ilə bağlı çox ciddi problemlər yaradır.

Şəxsiyyət vəsiqəsindən başqa digər sənədləri mərkəzləşdirilmiş şəkildə, qeydiyyat yerindən asılı olmayaraq ASAN Xidmətin istənilən mərkəzindən əldə etmək olur. Bu isə vətəndaşlara həm vaxt, həm də maddi baxımdan sərfəlidir. 

ASAN Xidmət vasitəsilə müəyyən dövlət qurumları ilə vətəndaşlar arasında əlaqə minimuma endirilibsə, tək şəxsiyyət vəsiqəsi üçün harasa "qaçmağa” nə ehtiyac var?

Ekspert Azər Allahverənovun sözlərinə görə, şəxsiyyət vəsiqələrinin mərkəzləşdirilmiş formada verilməsi kifayət qədər aktual məsələdir və uzun müddətdir bu məsələ gündəmdə saxlanılır:

 "Amma rəsmi tərəflərin heç biri ciddi bir əsas göstərmir ki, məhz buna görə şəxsiyyat vəsiqələrini ASAN Xidmətdən əldə etmək olmaz. Artıq ölkəmizdə mərkəzləşdirilmiş bir sistem var və bütün qurumların bu sistemə çıxışı var, həmçinin də Daxili İşlər Nazirliyinin. 

Əgər xarici pasportu qeydiyyat yerindən asılı olmayaraq ASAN Xidmətin istənilən Mərkəzindən əldə etmək mümkündürsə, nəyə görə həmin sistem şəxsiyyət vəsiqələrinə şamil olunmasın. Elektron hökumət portalında müəyyən funksiyalar var ki, bu gün onların daha da təkmilləşməsində zərurət hiss olunur. 

ASAN Xidmət bütün sənədlərin mərkəzləşdirilmiş şəkildə, rahat və çox vaxt aparmadan təmin olunması işinin öhdəsindən layiqincə gəlir. Şəxsiyyət vəsiqəsi niyə polis idarələrində saxlanılır? Hesab edirəm ki, qanunvericilikdə dəyişiklik edib, bu funksiyanı da ASAN Xidmətə ötürmək lazımdır”.

Şəymən








SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18