2018-08-09 12:11:34   |   177 dəfə oxunub

Senzurasız 20 il...

Azərbaycan mətbuatı nə itirib, nə qazandı?




(əvvəli ötən sayda)

Bu il Azərbaycanda senzuranın ləğv olunmasından 20 il ötür. 1998-ci il avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu Sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Məlumdur ki, ulu öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlandı.

Onun siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırıldı. Senzuranın ləğvindən sonra 1999-cu ildə "KİV haqqında” Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. "İctimai Televiziya haqqında” qanun qəbul olundu”. Mətbuat nümayəndələri də birmənalı qeyd edirlər ki, Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət idi. Xatırladaq ki, Azərbaycan dilində ilk qəzet 1832-ci ildə çıxıb. Bu, "Tiflisskoe vedomosti” qəzetinin Azərbaycan bölməsi olan "Tiflis əxbarı” qəzeti idi. Azərbaycan Milli Mətbuatının yaranması isə 1875-ci ildə "Əkinçi” qəzetinin nəşrindən hesablanır. O vaxtdan 1998-ci ilə qədər Azərbaycan mətbuatının üzərində həmişə senzura olub. Çar və sovetlər dövründə, müstəqilliyimizin ilk illərində mətbuat üzərində senzura olub. Sovetlər dönəmində, 1966-cı ildə Nazirlər Kabineti yanında baş idarə yaradılmışdı və bu idarənin məqsədi dövlət sirrinin qorunmasını təmin etmək idi. Bu idarə dövlət sirrinin qorunması adı ilə çox şeylərin mətbuata çıxmasının qarşısını alırdı. Bundan əlavə 1992-ci ildə Azərbaycan Prezidenti vəzifələrini icra edən Yaqub Məmmədov hərbi senzuranın yaranması ilə bağlı fərman imzalamışdı. 1993-cü ilin aprelində sabiq prezident Əbülfəz Elçibəy də belə bir fərman imzalamışdı və fövqəladə vəziyyətlə bağlı bütün informasiyaların üzərinə senzura qoyulurdu. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla həm Nazirlər Kabineti yanında 1966-cı ildə yaradılmış baş idarə ləğv edildi, həm də 1992-ci və 1993-cü illərdə senzura tətbiq olunması barədə qəbul olunmuş qərarlar qüvvədən düşdü. Azərbaycan mətbuatı üzərindən senzura götürüldü. Bu da Azərbaycan mətbuat tarixində ilk dəfə baş verən hadisə idi. Əlbəttə, Azərbaycanda senzuranın ləğv olunmasının müəyyən fəsadları da olub. İlk vaxtlar reket jurnalistika ilə məşğul olma halları, məlumatların yoxlanılmadan mətbuata verilməsi faktları çoxalıb. İnsanların şərəf və ləyaqətinin təhqir olunması faktları artıb. Bütün bunların fonunda Azərbaycan mətbuatının özünütənzimləmə mexanizmləri meydana gəlib. Bütün dünya mətbuatı bu yolu keçib. Azərbaycanın da bu yolu keçməsi labüd idi. Demək olar ki, senzuranın ləğvindən sonra dövlətin mətbuata heç bir təzyiq mexanizmi qalmayıb. Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, Azərbaycan mətbuatı da güclənib, inkişaf edib. 2005-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "Əməkdar jurnalist” adının bərpa olunması və ölkənin aparıcı media nümayəndələrinin dövlət ali mükafatları ilə təltif olunması jurnalistikaya, eləcə də, müstəqil mətbuatın inkişafına çox böyük töhfə verib. Mütəmadi olaraq, hər il aparıcı qəzet redaksiyalarına maliyyə yardımlarının edilməsi mətbuatın inkişafını, jurnalistlərin sosial rifahını gücləndirib. Bir sözlə, dövlətin bu sahə ilə bağlı atdığı addımlar Azərbaycanda mətbuatın hər zaman diqqət mərkəzində olduğunu təsdiqləyir. Ölkəmizdəki söz və mətbuat azadlığı dünyanın bir çox ölkələri üçün nümunə göstərilə bilər. Bütün bunlar dövlətin mətbuatın inkişafına göstərdiyi qayğının nümunəsidir.

Senzuranın ləğvi ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bunu çox böyük hadisə adlandırıb. M.Ələsgərlinin sözlərinə görə, 1990-cı illərdə senzuranın ləğvi böyük iradə tələb edirdi: 

"Əvvəla, sosializm sistemi təzəcə yıxılmışdı və sosializmdə senzura medianın ayrılmaz hissəsi sayılırd
ı. Birdən-birə yüz illik bir ənənədən imtina etmək böyük risk idi. Ümummilli lider Heydər Əliyev o zaman bu riskli addımı cəsarətlə atdı. Hələ ulu öndər 90-cı illərdə senzuranın ləğvinə qərar verməmişdən öncə, daha dəqiqi Azərbaycan konstitusiyasının qəbul olunduğu dövrdə öz iradəsi ilə qanunnaməyə belə bir maddə saldı: - "Azərbaycan mətbuatında senzura yolverilməzdir”. Bu o deməkdir ki, ümummilli liderin dövründə cəmiyyət senzurasız mühitə hazır idi. Doğrudur, qərar birdən-birə verilmədi, öncə cəmiyyət və ölkə mətbuatı buna hazırlandı. Bundan sonra senzura ilə bağlı qərar verildi. Məsələ ondadır ki, cəmiyyətdə müəyyən vərdişlər formalaşmışdı. Nəsə yanlış olanda senzura onu dərhal düzəldirdi. O baxımdan media nümayəndələrində bir arxayınçılıq var idi. Lakin senzuranın birdən-birə götürülməsi müəyyən çaşqınlıq yaratdı və çoxsaylı məhkəmə prosesləri başladı. Çünki məsuliyyət hissini hesablamaq jurnalistin öz üzərinə düşürdü. Çox vaxt jurnalistlər bunu bacarmadıqları üçün xoşagəlməz hallar olurdu. Amma həmin dövrdə ümummilli lider bir addım da atdı. Dövlət məmurlarına və ictimaiyyətə müraciət edərək məhkəmələrə müvəqqəti olaraq monitorinq qoyulmasını təklif etdi”. 

Ekspert bildirib ki, cəmiyyət keçid dövrünü yaşadığı üçün müəyyən problemlər gözlənilən idi: 

"Senzuranın ləğvi kağız üzərində qalmadı və sonrakı dövrlər üçün tənzimləmələr həyata keçirildi. Senzuranın ləğvi Azərbaycan mətbuatını dünya media məkanında tam hüquqlu üzvə çevirdi. Əgər senzura qalsaydı, ölkə KİV-ləri azad media məkanında yer tuta bilməzdi”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan müstəqillik əldə edəndən sonrakı ilk illərdə ölkədə müstəqil mətbuatın ilk qığılcımları formalaşmağa başladı. Amma prosesin tam getməsi üçün hüquqi baza yox idi:

 "Üstəlik, senzura hakimiyyətlərin əlində tormozlayıcı alət idi. Bütün müstəqil KİV-lər senzura qılıncının altından keçmək məcburiyyətində idilər. Belə bir şəraitdə ümummilli lider tərəfindən senzuranın ləğvi tarixi bir addım idi. Məhz bu qərarla Azərbaycanda müstəqil, azad mətbuatın formalaşdırılması üçün gözəl zəmin hazırlandı. Bu, çox cəsarətli qərar idi və belə bir qərarın verilməsi qətiyyət və özünəinam istəyirdi. Ulu öndər Heydər Əliyevin senzuranın ləğvi qərarı Azərbaycanda müstəqil medianın inkişafında yeni üfüqlər açdı”.

"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də bəyan edib ki, 6 avqust 1998-ci il tarixi Azərbaycan mətbuatının inkişafında mühüm bir mərhələnin başlanğıcıdır. Həmin gün kütləvi informasiya vasitələri üzərindən dövlət nəzarəti götürülüb: 

"90-cı illər mənim yadımdadır. O zaman biz tələbə idik. Dövrü mətbuatı, gündəlik qəzetləri izləyirdik. Qəzetlərin səhifələrində ağ yerlər olurdu. Bəzən bütöv səhifə yazısız, şəkilsiz, ağ çıxırdı. İctimai-siyasi hadisələri yaxından izləyir və bilirdik ki, KİV üzərində senzura olduğu üçün qəzetlər bu cür çıxır. Senzura jurnalistlərin peşə fəalliyyətinə mane olur, onların yaradıcılıq azadlığını boğurdu. 

O zaman qəzetlərin senzurasına "Qlavlit” adlanan idarə baxırdı. Həmin quruma sovet dövründən qalmış, kommunist təfəkkürlü Cahangir İldırımzadə rəhbərlik edirdi. Həmin dövrdə jurnalistlərin, yaradıcı adamların işi ikiqat artmışdı. Qələm adamı cəmiyyətə mesajlarını üstüörtülü çatdırır, sətiraltı məna kəsb edən söz və ifadələrdən istifadə etmək zorunda qalırdı. KİV üzərindən dövlət nəzarətinin götürülməsi mətbuatın azadlığının təmin olunması baxımından mühüm bir addım idi. Həmin qərardan sonra Azərbaycan mətbuatının sıçrayışlı inkişaf dövrü başladı. Qəzetlərin tirajı və təbii ki, gəlirləri artdı”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova da hesab edir ki, söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir

"MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə olmaqla azad mətbuata önəm verdiyini bir daha sübut etmiş oldu. Senzuranın ləğvi Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ilin 6 avqustunda imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuat üzərində dövlət tənzimləməsini nəzərdə tutan bütün mexanizmlər ləğv olundu. Heydər Əliyev özü də o vaxt belə bir fikir dedi ki, "biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. 

Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır”. Fikir azadlığının təminatına nail olduqdan sonra kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənəd əsasında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da azad mətbuatın inkişafının dövlət siyasətinin əsası olduğunu təsdiqləyir. Bununla da jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüldü. Hazırda senzuranın ləğvini bu sahədə çalışan bütün kütləvi informasiya nümayəndələri hiss edirlər. Bundan başqa senzuranın ləğvi mətbuatdan çox, bütövlükdə Azərbaycan cəmiyyətinə təsir göstərdi. Cəmiyyətin söz azadlığı kimi böyük bir hüquq əldə etməsi inqilab deməkdir. Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biri də senzuranın ləğvidir”.


Tanınmış jurnalist Kamil Həmzəoğlu da bunu tarixi və vacib bir addım sayır: 

"Vəzirovun dövründən başlayaraq, müəyyən fasilələri çıxmaqla, bütün iqtidarların dövründə mətbuat üzərində hərbi-siyasi senzura, üstəlik, "Qlavlit” deyilən bir basqı vardı. Bir qədər uzun çəksə də, nəhayət, 1998-ci ildə mətbuat üzərindən senzura tam aradan qaldırıldı. Mərhum dövlət başçısı belə bir tarixi addım atdı və bu da öz növbəsində mətbuatın azad inkişafına təsir göstərdi. Təəssüflər olsun ki, sonradan bəzi obyektiv və subyektiv səbəblər üzündən mətbuatda iqtisadi çətinliklər, reklam bazarının daralması prosesi yaşanmağa başladı ki, bu da medianın, jurnalistlərin daha azad mühitdə fəaliyyət göstərməsinə mənfi təsir göstərdi. Bununla belə, inanıram və hesab edirəm ki, bu sıxıntılar aradan qalxacaq. Mətbuatın reklam bazarı güclənəcək və mətbuat daha güclü, daha peşəkar olacaq. Yəni, mətbuatda təsadüflərə yer qalmayacaq”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-08-17