2018-08-09 13:41:22   |   345 dəfə oxunub

Ukrayna NATO-ya tələsməsin!

Məhəmməd Əsədullazadə: “Rusiya nə qədər də çalışsa da, bu ölkələrdə hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək”



"Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır. Kiyev Avro-Atlantik inteqrasiyanın uğuruna inanır”. Bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko deyib. Prezident bildirib ki, NATO-nun son zirvə toplantısı bu qurumun Ukraynaya qapılarının açıq olduğunu təsdiqlədi:

"Ukrayna hərbi alyansa üzv olmaq üçün siyasi və iqtisadi islahatları, modernləşməni davam etdirəcək. Mən hərbi alyansın Avro-Atlantik məkana inteqrasiyasına ona görə inanıram ki, xalq bu siyasəti dəstəkləyir”. Xatırladaq ki, son günlər Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi müzakirə olunur. Rusiya məsələyə sərt reaksiya versə də, həm Gürcüstan, həm də Ukrayna Qərbə inteqrasiyada qərarlı olduqlarını bəyan edirlər. 

Eyniylə NATO rəsmiləri də bildirirlər ki, Moskvanın digər ölkələrin daxili işinə qarışmağa ixtiyarı yoxdur. Hazırda müzakirə olunan əsas məsələ Kremlin bununla bağlı təhdidləri və Qərbin iki ölkəni quruma üzv qəbul etmək məsələsində tərəddüd yaşamasıdır.

Ukrayna və Gürcüstanın Qərbə inteqrasiyası ilə bağlı "Şərq”ə danışan Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə görə, NATO-Rusiya arasında Şərqi Avropa uğrunda siyasi münaqişə gərginləşməkdədir. Alyansın genişlənmə siyasəti və Rusiya sərhədlərinə yaxınlaşması Moskvanın adekvat addımlar atmasına və Şərqi Avropa ölkələrinə qarşı sərt siyasət aparmasına səbəb olur: 

"NATO Polşa, Ukrayna və Baltikyanı ölkələrdə möhkəmlənmək siyasəti aparır. Rusiyanı narahat edən əsas məsələ Ukraynanın NATO-ya üzv olmasıdır. Moskva ümid edir ki, Ukraynada digər siyasi partiyalar hakimiyyətə gələcək və Rusiya ilə əlaqələri normallaşdıracaq. Beləliklə NATO-ya üzvlük məsələsi bağlanacaq. Hazırda Rusiyanın Ukrayna daxilində apardığı siyasət buna hesablanıb. Prezident Pyotr Poroşenkonun NATO ilə bağlı mövqeyi Ukraynanın xarici siyasətinin əsas strateji xəttidir. Maydan hərəkatı da bu ölkənin avro-inteqrasiyasına hesablanmışdı”.

Politoloq bildirib ki, NATO-nun Brüssel sammitində Ukrayna və Gürcüstana verilən dəstək birmənalı şəkildə Kremldə qıcıq yaradıb: 

"NATO rəhbərliyi Şərqi Ukraynada Rusiyanın aqressiyasını qiymətləndirir və bu ölkə üzrə bir qədər yumşaq siyasət aparır. Əks halda Rusiyanın hərbi müdaxiləsi qaçılmaz olar və ölkə yenidən böhrana yuvarlana bilər. Gürcüstan və Ukrayna Alyansa üzv olmaq üçün bütün prosedurları həyata keçirir. NATO rəhbərliyi də çalışır ki, iki ölkə tezliklə bu quruma daxil olsun. 

Rusiyanın baş naziri Dmitri Medvedyevin Gürcüstanın NATO-ya üzv olması ilə bağlı açıqlamasından aydın olur ki, Kreml Gürcüstana qarşı yenidən hərbi təcavüz edə bilər. Buna baxmayaraq, Tbilisi və Kiyev öz siyasi prioritetlərini elan edib. Rusiya nə qədər də çalışsa da, bu ölkələrdə hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək. İki ölkənin quruma üzv olması yaxın perspektivdə gözlənilməsə də, bir müddətdən sonra regionda dəyişən şərtlər çərçivəsində üzvlük reallaşa bilər”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22