2018-08-09 14:04:00   |   130 dəfə oxunub

Yalandan bəhanələr ortaya atırlar...

“Gürcü Arzusu” partiyasının əsas hədəfi parlament seçkisində uğur əldə etməkdir

Gürcüstanda hakim partiyanın prezidentliyə irəli sürəcəyi namizədi yoxdur



Hakim "Gürcü Arzusu” partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib.

O deyib ki, partiyanın seçkilərin ilk turunda qələbə qazana biləcək namizədləri çoxdur. Lakin buna baxmayaraq, bu seçkilərdə heç bir namizəd irəli sürülməyəcək: "Gürcüstanda demokratiya inkişaf edir. Biz də hakim partiya olaraq müstəqil prezidentlik institutunun formalaşması, yeni seçiləcək ölkə başçısının tam müstəqil olması üçün bu addımı atırıq”. 

Onun sözlərinə görə, bununla belə, partiya məqsəd və məramı ilə üst-üstə düşən müstəqil namizədi dəstəkləyə bilər. Həmin namizədin adı prezident seçkilərində iştirak edəcək siyasi partiyaların namizədlərinin qeydiyyatı tam başa çatdıqdan sonra açıqlanacaq. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl İrakli Kobaxidze jurnalistlərə müsahibəsində hakim partiyanın prezident seçkilərində parlamentin deputatı xanım Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcəyini bildirmişdi.


Qonşu ölkədəki vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, hakim "Gürcü Arzusu” partiyasının seçkilərdə irəli sürəcək namizədi yoxdur. Onun sözlərinə görə, partiya güclü namizəd tapa bilmədiyi üçün müxtəlif bəhanələr ortaya atır:

 "Hakim partiyanın əsas hədəfi parlament seçkisində uğur əldə etməkdir. "Gürcü Arzusu” prezident seçkisinə qatılsa belə qalib gəlmək şansı azdır, çünki reytinqləri əvvəlki kimi çox deyil. Hakim partiyanın namizədi məğlubiyyətə uğrayarsa, bu, onların durumunu daha da sarsıdar və parlament seçkisində güc itirmələrinə səbəb olar. Məhz bu səbəbdən iqtidar meydanı digər siyasilərə verməkdə tərəddüd etmir. Lakin bu o demək deyil ki, namizəd çıxarmayan "Gürcü Arzusu” proseslərdən tamamilə uzaq qalacaq. Düşünürəm ki, hakim partiya prezident seçkisində özlərinə uyğun namizədə dəstək verəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-08-17