2018-08-09 14:27:52   |   128 dəfə oxunub

Qabiliyyətin varsa, jurnalistikaya gəl...

Baş redaktorlar və ekspertlər qabiliyyət imtahanının olmasını vacib hesab edirlər



(əvvəli ötən sayımızda)

Jurnalistika yaradıcı sahədir. Aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Artıq 3 ildir ki, ölkəmizdə jurnalistika fakültəsinə qəbul olmaq üçün abituriyentlərdən əlavə olaraq qabiliyyət imtahanı tələb edilir. 2015-2016-cı tədris ilindən etibarən tələb olunan bu imtahanlar barədə bəzən birmənalı fikirlər irəli sürülmür. Qabiliyyət imtahanlarının abituriyentlərdə əlavə psixoloji gərginlik yaratdığını iddia edənlər var. Lakin mütəxəssislər qabiliyyət imtahanını jurnalistikanın praktiki və nəzəri cəhətdən əsas sütunu hesab edir.

Jurnalistika ixtisası üçün qabiliyyət imtahanının tələb edilməsinin bir səbəbi də jurnalistin peşə qabiliyyətinin hansı səviyyədə olduğunu müəyyən etməkdir. Jurnalist yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır.

Media nümayəndələrinin əksəriyyəti qabiliyyət imtahanlarının jurnalistikaya müəyyən töhfələr verdiyini düşünür. Mütəxəssislərin fikrincə, jurnalistika ixtisası üzrə yüksək bal toplanıla bilər, lakin yazmaq, danışmaq və fikrini səlist ifadə etmək qabiliyyəti hər kəsdə olmur. Bu baxımdan ekspertlərin bir çoxu qabiliyyət imtahanlarının zəruri olduğunu vurğulayırlar.

Tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirir ki, keçmiş SSRİ dövründə bir sıra sahələr üzrə qabiliyyət imtahanlarının keçirilməsi mütləq vacib idi.

Çünki ixtisas üzrə imtahanlardan əlavə, abituriyentin həmin ixtisas üzrə qabiliyyətinin nə dərəcədə olduğu da mütləq yoxlanılırdı: "Xüsusilə də jurnalistika fakültəsinə daxil olmaq istəyən orta məktəb məzunlarının jurnalistika sahəsinə nə kimi töhfə verə biləcəkləri araşdırılırdı. 

Ona görə də keçmiş sovetlər dönəminin jurnalistikasının sıralarında yer alan şəxslər, media mənsubları Azərbaycanın müstəqillik illərinin və sonrakı dövrlərin yetişdirməsi jurnalistlərimizin böyük əksəriyyətindən savadlı və təcrübəli idilər. Digər tərəfdən, keçmiş SSRİ dövründə jurnalistlərin medianın ayrı-ayrı sahələri üzrə yetişdirilməsi, püxtələşdirilməsi üçün mütləq ixtisaslaşdırılırdılar. Bu təcrübə gələcək jurnalistlər olan ali məktəb tələbələrinə aşılanırdı. Ona görə də onlar savadlı, təcrübəli, geniş dünyagörüşü və zəngin söz ehtiyatı olan jurnalistlər idilər. Amma təəssüflər olsun ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu ənənə tamamilə unuduldu və jurnalistika fakültəsinin tələbələrinin və eləcə də ayrı-ayrı redaksiyalarda çalışan jurnalistlərin ixtisaslaşdırılması prosesi həyata keçirilmədi”.

Mərkəz rəhbəri jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanlarının keçirilməsinin abituriyentlərin psixologiyasına mənfi təsir göstərməsi, onlarda psixoloji gərginliyin yaradılması barədə deyilənləri bəhanə adlandırır. Onun dediyinə görə, əgər abituriyent bir inşa, bir xəbər belə yaza bilmirsə, onun peşəkar və təcrübəli jurnalist kimi yetişəcəyinə inanmır: 

"Bu gün Azərbaycan mətbuatında kifayət qədər tanınmış, ölkə mediasında xidmətləri olmuş jurnalistlərimiz var ki, onlar jurnalistika ixtisasını bitirməyiblər. Amma onlar işi, jurnalistikanın bütün incəliklərini öyrəniblər. Digər tərəfdən, onların fitri istedad və qabiliyyətləri də hər hansı bir sahədə məqalələr, araşdırmalar və digər səpgili yazılar hazırlamağa və yazmağa köməklik edir. Ancaq bunu jurnalistika ixtisasını bitirənlərin hər birinə şamil etmək olmur. Çünki jurnalistika fakültəsini bitirənlər arasında elələri var ki, onların media üçün tam yetişməsinə uzun illər tələb olunur. Məsələn, onlardan bəzilərinin zəngin söz ehtiyatı yoxdur. Bütün bunlara görə də müasir mətbuat aləminə ayaq açmaqla bərabər peşəkar və təcrübəli jurnalistlərin yetişdirilməsi üçün qabiliyyət imtahanlarının keçirilməsi mütləq vacibdir. Bu imtahanların psixoloji gərginlik yaratması məsələsinə gəlincə, bu, daha çox abituriyentlərin təcrübəsizliyindən, onların qabiliyyət imtahanlarının müvəffəqiyyətlə keçə biləcəklərinə inamlarının olmamasından, sözügedən imtahanlarda onlara verilən tapşırıqları yerinə yetirə bilməmək qorxusundan irəli gəlir. 

Əslində qabiliyyət imtahanlarının keçirilməsi ümumilikdə mətbuatımızın inkişafına xidmət edən bir prosesdir. Ancaq abituriyentlərin qabiliyyət imtahanları barədə qiyabi tanışlığının yaranması və onlarda bu imtahanlar, onların gedişi, verilən tapşırıqlar və sair barədə tam təsəvvürün yaranması üçün jurnalistika fakültələrinin və onların mövcud olduğu ali məktəblərin rəhbərlikləri, eləcə də Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılmalı və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Məsələn, mən təklif edərdim ki, qabiliyyət imtahanlarında verilən tapşırıqlar, onların yerinə yetirilməsi, sözügedən imtahanlardan müvəffəqiyyətlə keçmiş yazılar və sair test kitabçaları, broşüralar və sair formasında çap olunsun və satışa çıxarılsın. Əgər bu təklifim reallaşarsa, mütləq uğurlar qazanılacaq”.

Təbriz Vəfalı əlavə edir ki, qabiliyyət imtahanları ilə bağlı ictimaiyyətdə çaşqınlığın yaranmasını normal hal kimi qəbul edir. Çünki istənilən sahə üzrə yeniliklərin, yeni qaydaların tətbiqi ilkin mərhələlərdə narazılıq və narahatlıq yaradır: 

"Bu baxımdan da həmin yeniliklər və qaydalar cəmiyyətimizdə və Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır. Amma əminəm ki, bu problem tezliklə öz həllini tapacaq, ictimai narahatlıq və narazılıq tamamilə aradan qalxacaq. Bunun üçün zamana ehtiyacımız var ki, abituriyentlərimiz qabiliyyət imtahanlarının nə olduqlarını yaxşı dərk edə bilsinlər və bu imtahanların və onlardan uğurla çıxmağın ölkə mətbuatının gələcək inkişafı üçün böyük töhfə olduğunu anlasınlar”.

Jurnalistikanın yaradıcı peşə olduğunu vurğulayan "Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirir ki, bu peşəyə gəlmək istəyənlər könüllü şəkildə yaradıcı insan kimi jurnalistikanı sevməlidir: "Hesab edirəm ki, qabiliyyət imtahanları abituriyentlər üçün çox vacibdir. Çünki əvvəlki illərdə bəzən kiminsə balı hüquq və ya digər fakültələrə çatmırdısa, sırf ali məktəbə qəbul olmaq üçün jurnalistika ixtisasını seçirdilər. 

Onların jurnalistika sahəsi üzrə işləyib-işləməyəcəyi isə sual altında idi. Jurnalistika ixtisasına yiyələnən tələbələrin əksəriyyəti məzun olduqdan sonra bu sahə üzrə işləmir. Lakin indi könüllü şəkildə jurnalistikanı sevə-sevə gələn abituriyentlər qabiliyyət imtahanından da keçirlər və onlar dəqiq olaraq özlərini jurnalistikaya hazırlayır və öz gələcəklərini bu peşədə görürlər. Ona görə də düşünürəm ki, qabiliyyət imtahanlarının tətbiqi vacib addım idi. 2013-cü ildə cənab prezidentlə jurnalistlərin görüşündə bu məsələni qaldırdıq və tezliklə məsələ öz həllini tapdı. Cənab prezidentin tövsiyəsi əsasında jurnalistika ixtisasına qabiliyyət imtahanlarının verilməsi gündəmə gəldi.

Kimlərsə qabiliyyət imtahanları barədə birmənalı fikirdə olmaya bilər. Təbii ki, fikirlər müxtəlifdir, hər kəsin subyektiv yanaşma tərzi var. Neçə illərin peşəkar jurnalisti kimi deyə bilərəm ki, tələbəliyini başa vurmuş məzunlar mənə müraciət edirlər və onların əksəriyyəti başqa ixtisas üzrə təhsil alıblar. Bu baxımdan qabiliyyət imtahanlarının keçirilməsi çox vacibdir. Çünki bu ixtisası sevən və öz gələcəyini bu peşədə görən tələbələr jurnalistika fakültəsində təhsil almalıdırlar. Jurnalistikanın inkişafında onların da rolu olmalıdır. 

Bu il də ekspert komissiyasının üzvü olaraq qabiliyyət imtahanlarında iştirak elədim. Hesab edirəm ki, günü-gündən əsl jurnalistlər jurnalistikaya meyillənirlər. Bu çox yaxşı haldır. Çünki belə olduqda jurnalistikanın "təmizlənməsi”, qeyri-peşəkarlardan yaxa qurtarmasına şərait yaranacaq”
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə bildirib ki, istər bakalavr, istərsə də magistratura pilləsi üzrə qabiliyyət imtahanlarının keçirilməsi müsbət haldır: "Bildiyiniz kimi, qabiliyyət imtahanları DİM-in nəzarəti altında keçirilir və onların da ekspertləri imtahanlara dəvət olunur. Eyni zamanda Mətbuat Şurasının xətti ilə ölkənin aparıcı jurnalistləri də imtahanlarda iştirak edirlər. İstənilən halda qabiliyyət imtahanları yüksək qiymətləndirilməlidir. Çünki jurnalistikaya marağı olan abituriyentlərin əksəriyyəti qabiliyyət imtahanlarında iştirak edirlər və bu artıq onların özlərini qəlbən və ruhən jurnalistikada görmək istədikləri üçün bir şansdır. Əvvəlki illərdə balı çatmayan tələbələrlə bağlı problemlər olurdu. Ona görə də balı çatmayıb jurnalistikaya gələnlərdənsə, əslində müəyyən qabiliyyəti olan və jurnalistikaya həvəsi olan abituriyentlərin fakültəyə cəlb olunması baxımından imtahanlar çox yararlı və əhəmiyyətlidir. Məhz buna görə qabiliyyət imtahanlarına yalnız müsbət yanaşmaq lazımdır”.

Qabiliyyət imtahanlarının düzgün qərar olduğunu deyən "Bakı-xəbər” qəzetinin əməkdaşı İradə Sarıyevanın sözlərinə görə, test imtahanı ilə paralel olaraq abituriyentler qabiliyyət imtahanı da verməlidirlər: "Jurnalist olmaq ucun bu sənəti sevmək lazımdı. Jurnalist üçün yalnız bilik, savad kifayət deyil, onun nitqi, yazıda fikrini ifadə edə bilməsi, dünyagörüşünün olması da vacibdir.
Qabiliyyət imtahanlarının keçirilməsinin yalnız müsbət tərəfi var və bu, jurnalistikaya böyük fayda verir. Biri var test tapşırıqlarının öhdəsindən gəlib balına uyğun şəkildə təsadüfən jurnalistika fakültəsinə düşəsən, bir də var bu fakültədə təhsil almaq sənin arzundur. Biz son illər qabiliyyət imtahanı vermədən testlə jurnalistikaya qəbul olanların bir çoxundan "jurnalist olmaq istəmirdim, təsadüfən bura düşdüm” etirafinı eşitmişik. Ancaq bu gün qabiliyyət imtahanı bu sənətin gələcək təmsilçilərinin yolunu müəyyən edir. Biz gələcəkdə sənətini ürəkdən sevən, bu sənətə qəlbən bağlı olan məzunlarla qarşılaşacağıq. Qabiliyyət imtahanlarının keçirilməsini birmənalı olaraq faydalı sayıram və müsbət qarşılayıram”.

Yeganə Bayramova

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18