2018-08-09 14:33:36   |   224 dəfə oxunub

Qadınlara supermarket qadağası...



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün feysbuk səhifəsində ticarət mərkəzlərində istehlakçıların hüquqlarının pozulması hallarının şahidi olduğunu yazıb.

Rəşid Bağırov küçəsindəki №1 mağazasında qadınlara kiçik əl çantası ilə mağazaya daxil olmağa qadağa qoyulub. Hansı ki, heç bir mağazada belə bir tələb yoxdur. Dünyada böyük marketlərdə artıq qəbul olunmuş bir standart var. İstehlakçı alış-veriş etmək üçün daxil olduğu ticarət mərkəzinə əlində böyük çanta varsa, mütləq onu müəyyən bağlı bir saxlanca qoyub gedib rahat şəkildə özünə lazım olan məhsulu seçə bilər. 

Qadınların üzərindəki kiçik əl çantası ilə içəri keçməsinə mühafizə xidmətinin icazə verməməsi isə biabırçılıqdır: 

"İçəri kiçik əl çantamla daxil oldum. Dörd nəfər arxamca gəzərək təkidlə çantamı şkafa qoymağı tələb edirdi. Çantamda isə sənəd, pul qabı, telefon var idi. Hələ bir mağaza sahibinin dindar olduğunu iddia edərək özlərinə bəraət qazandırmağa çalışırdılar. İnsanlara inanmayan dindar mağaza sahibi "ucuz” adı altında keyfiyyətsiz malları satır, üstəlik də alıcıları oğru kimi dəyərləndirir. Onlara inanmayın!”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında bu problemlə bağlı çoxsaylı şikayətlər olduğunu deyib: 

"Bizim sahibkarlar istehlakçıları potensial oğru gözündə görür. Qadınların əl çantasını yoxlamaq, onları girişdə təhvil vermək tələbi absurddur. Çünki mağaza təhvil verilən əşyaya cavabdehlik daşımır. Kiminsə əşyası itsə, onu sübut eləmək çətindir. Dəfələrlə bu problemlə bağlı İqtisadiyyat Nazirliyinə müraciət eləmişəm ki, satış şəbəkələri üçün xüsusi qaydalar müəyyən edilsin. Bu qaydaların olmaması çox ciddi problemlər yaradır. 

"Ticarət haqqında” qanunun olmaması da alıcı hüquqlarının daha da pozulmasına gətirib çıxarır. Sahibkarlar obyektləri cəngəllik qaydaları ilə idarə edirlər. İstehlakçılar ya bu cür satış mərkəzlərini boykot etməli, ya da onların tələbləri ilə razılaşmalıdırlar”.

Şəymən







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22