2018-08-09 15:02:18   |   445 dəfə oxunub

"...qeydiyyat rüsumlarının artırılması avtomobillərin qiymətinə ciddi təsir etməz”



Bir neçə gün əvvəl Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, dövlət rüsumunun yeni məbləğlərini müəyyən edib. Dəyişikliklərə əsasən, qeydiyyat rüsumları artırılıb.

Bu artımların qərara alınmasından sonra sosial şəbəkələrdə və mətbuatda avtomobillərin də qiymətlərinin artacağına dair müzakirələr başlayıb.

Sözügedən məsələ barədə "Sherg.az”a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, qiymətlərin hesablanması mexanizmlərinin dəqiqləşdirilməsinə ehtiyac var. E.Muradlı vurğulayıb ki, qeydiyyat rüsumunun hesablanması fantastik rəqəmlərə gətirib çıxarmamalıdır:

"Qiymət artımı mühərrikin həcminə görə ,dəyişə bilər. Azərbaycanda mühərrik gücü 5-dən yuxarı olan avtomobillərin sayı elə də çox deyil. Belə yüksək mühərriki olan avtomobillərin qeydiyyat rüsumu 1500 manata qədər təşkil edir. Belə qərara gəlinib ki, mühərriki güclü olan avtomobilləri yalnız imkanlı şəxslər sürür və onlar bu ödənişi edə bilərlər. Qeyd etdiyim kimi, dəqiq mexanizmlə qeydiyyat rüsumu hesablansa, vətəndaşlar bunu ödəməyə etiraz etməzlər. Rüsumdan əlavə hansısa tələblərin olmaması isə xüsusilə vacibdir.

Ölkədə xaricdən gətirilən avtomobilləri satan şəxslər təxmini 1000 manat qiymətləri bahalaşdıra bilərlər. Yaxud alan şəxs və satan şəxs öz aralarında razılaşıb, ortaq məxrəcə gələ bilərlər.

Bu gün avtomobil bazarında alıcılıq qabiliyyəti inkişaf etməyə başlayıb. Bir neçə gün əvvəl müşahidə etdim ki, bazarda kifayət qədər canlanma var. Hətta avtomobil bazarının giriş və çıxışında tıxac belə yaranırdı. Düşünürəm ki, qeydiyyat rüsumlarının artırılması qiymətlərə ciddi təsir etməz”.

E.Muradlı hesab edir ki, Azərbaycana gətirilən avtomobillər üçün gömrük rüsumlarının sadələşdirilməsinə ehtiyac var:

"Çünki insanlar hansı avtomobili xaricdən alıb, gətirdikdə, gömrükdə ödəyəcəyi xərcləri rahat hesablamalıdırlar. Əvvəllər gömrük hesablayıcısı var idi, indi onu da yoxa çıxarıblar. Əlavə ödənişlər nədir, rüsuma nələr daxildir – insanlar bunu bilməlidir. Azərbaycanda avtomobillərin sayı əhalinin sayına görə hətta azdır. Bu baxımdan, çalışmaq lazımdır, heç kim maşın alanda çətinlik çəkməsin, əlavə xərclərlə bağlı narahatlıq yaşamasın və müxtəlif qurumların onun cibinə girəcəyini düşünməsin”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17