2018-08-09 15:44:04   |   412 dəfə oxunub

"IV qrup üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərdən çoxunun kənarda qalmaq ehtimalı var"




Bu il IV ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə hədsiz çoxdur. Plan yerlərinin azalması isə yüksək bal toplayan belə abituriyentlərin şansının azalmasına gətirib çıxarır”.

"IV qrup üzrə, xüsusilə tibb sahəsinə aid olan ixtisaslarda plan yerləri xeyli azaldılıb”.

Bunu "Sherg.az”a tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov söyləyib. O bildirib ki, plan yerlərinin azaldılmasına rəğmən, regionlarda tibb kadrlarına ehtiyac gündən-günə artır:

"İxtisaslı kadr çatışmazlığı olduğu halda ali məktəblərə qəbul üçün plan yerlərinin azaldılması təəccüblüdür. Digər tərəfdən, Azərbaycan Tibb Universitetinə qəbul balları bir qədər də artırılıb. Moskva Tibb Universitetinin Bakı filialına isə daha aşağı ballarla qəbul olmaq mümkündür.

Plan yerlərinin azaldılması, qəbul ballarının yüksəldilməsi Azərbaycan üçün yararlı kadrların xaricə üz tutmasına şərait yaradır. Azərbaycanda keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentləri Türkiyənin, Ukraynanın və digər qonşu ölkələrin nüfuzlu ali məktəbləri qəbul edirlər, hətta təqaüd ayırırlar. Bizdə isə plan yerləri azaldılır, ödənişlər artırılır, giriş balları yüksəldilir. Ötən il Tibb Universitetində "Müalicə işi” ixtisasının illik ödənişi 3500 manat olduğu halda bu il həmin rəqəm 4500-ə qaldırılıb. 6 il davam edən təhsil prosesində bu qədər məbləğin ödənilməsi ortaya şişmiş rəqəm çıxarır.

Düşünürəm ki, gələn il plan yerlərinə yenidən baxılmalı, ayrılan yerlər artırılmalıdır. Plan yerlərinin azaldılması ali məktəbin maliyyə gəlirlərinin aşağı düşməsinə də gətirib çıxarır. Nəticədə işsiz qalan ali məktəb müəllimləri ola bilər. Görünən odur ki, Tibb Universitetində qəbul planının azaldılması həm universitetə, həm ölkə iqtisadiyyatına, həm də gələcəkdə səhiyyəmizə mənfi təsir edəcək”.

IV qrupa imtahan verən şəxslərin yalnız tibb ixtisaslarını düşündüyünü vurğulayan ekspert 600-dən yuxarı bal toplayan abituriyentlərin digər ixtisasları seçməyəcəyini düşünür. K.Əsədovun sözlərinə görə, bu səbəbdən IV qrupa imtahan vermiş, 600-dən yuxarı bal toplayan abituriyentlərin çoxunun kənarda qalmaq ehtimalı var:

"Bir neçə gün əvvəl 580 bal toplayan abituriyent tibb ixtisasına düşməyəcəyini bildikdə, ixtisas seçimində iştirakdan imtina etdi. Bu il IV ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə hədsiz çoxdur. Plan yerlərinin azalması isə yüksək bal toplayan belə abituriyentlərin şansının azalmasına gətirib çıxarır”.

Qeyd edək ki, Kamran Əsədovun özünün Feysbuk profilində yazdığına görə, IV qrup üzrə "Müalicə işi” ixtisasına dövlət sifarişli təhsil üçün bütün bölmələr üzrə 320 plan yeri ayrılıb, bunun 100 yeri Moskva Tibb Universitetinin Bakı filialına verilir:
"Filial 400 baldan yuxarı abituriyentləri xüsusi daxili imtahan edərək dövlət hesabına müalicə işi ixtisası üzrə universitetə qəbul edir. Yerdə qalan 220 yer uğrunda müsabiqə isə gərgin olur. Ötən il həmin ixtisasa keçid balı 651 oldu və 650 bal yığan abituriyent dövlət hesabına "Müalicə işi” oxuya bilmir. Halbuki 450 bal yığan şəxs filialda ödənişsiz əsaslarla oxuyur”.

Kamran Əsədov onu da qeyd edib ki, bu il tibb ixtisası üzrə plan yerlərinin ciddi sayda azaldığını nəzərə alsaq, IV qrupda azı 630 bal toplayan abituriyentlərin qəbul olmaması xəbərini görə bilərik.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22