2018-08-09 15:58:11   |   208 dəfə oxunub

"Hər il orta aylıq əmək haqqı artan tendensiya ilə davam edir" - AÇIQLAMA




"Ölkədə orta aylıq əməkhaqqı barədə açıqlanan rəqəmlər konkret bir sahəyə aid deyil, ümumi göstəricidir”.

Bunu "Sherg.az”a 2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının artmasından danışarkən iqtisadçı - ekspert Pərviz Heydərov söyləyib. 

Onun sözlərinə görə, açıqlanan əməkhaqqı göstəricilərinin reallığı əks etdirib-etdirməməsini dəqiq söyləməkdə çətinlik çəkirik:

"Orta aylıq əmək haqqını əvvəlki rəqəmlərlə müqayisə etsək, bu, artmaqdadır. Bu ilin mart ayında büdcə təşkilatlarında çalışanların əmək haqqı orta hesabla 10 faiz artırıldı. Həmin göstərici son açıqlanan orta aylıq əməkhaqqı barədə statistikada əsas rol oynayır.

Ötən il büdcə təşkilatlarında çalışanların əmək haqları yüksəldilməsə də, ümumi göstəricilərdə artım qeydə alınmışdı. Bu göstərir ki, hər il orta aylıq əməkhaqqı artan tendensiya ilə davam edir.

Eyni zamanda, özəl sektorda da vaxtaşırı əmək haqqı çoxaldılır. Amma bu, bütün özəl sektor sahələrinə aid deyil. Bəzi müəssisələrdə maaşların dəqiq göstərilməməsi ümumi ölkə üzrə göstəricilərə də təsir edir”.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-17