2018-08-09 18:25:51   |   349 dəfə oxunub

"Xəzəryanı dövlətlərin əməkdaşlığı müsbət nəticələr vəd edir”- Politoloq




"Əslində Xəzərin hüquqi statusunun asılı vəziyyətdə qalması bir çox problemlərin həllinə mane olmurdu”.

Bu barədə "Sherg.az”a avqustun 12-də baş tutacaq sammit haqqında proqnozlarını səsləndirərkən politoloq Tofiq Abbasov bildirib. 

Onun sözlərinə görə, buna baxmayaraq, "Cənub üçlük” arasında mövcud olan gərginlik iqtisadi məsələlərə də təsir göstərirdi:

Xəzərin hüquqi statusunun asılı qalması, İran və Türkmənistanın iddiaları regionda geosiyasi şəraiti ağırlaşdırırdı. Həmçinin gələcək planlarla bağlı qeyri-müəyyən mənzərə yaranırdı. Ona görə, artıq Xəzərin hüquqi statusunun müəyyən olunması daha da ciddi məsələyə çevrildi. Türkmənistan və İranın mövqeyində dəyişiklik etməsi ilə bu problem həllini tapdı.

Türkmənistan prezidenti uzaqgörən siyasətçi kimi anlayır ki, regional layihələrdən, inkişaf tendensiyasından kənarda qalmaq ölkənin iqtisadiyyatına müsbət təsir etmir. Ölkənin qapalı olması Türkmənistana yüngüllük gətirmədi. Ona görə, bu dövlət də mövqeyini yumşaltdı, Azərbaycanla bağlı fikirlərinə də düzəliş etdikdən sonra yekun razılaşmanın imzalanmasına şərait yarandı.

Ola bilər, gələcəkdə də Xəzəryanı dövlətlər arasında müəyyən narazılıqlar olsun. Bu, qonşuluq münasibətlərində normaldır. Ancaq Xəzərin hüquqi statusu ilə bağlı çətinliklər, yandırılmış "qırmızı işıq” demək olar, aradan qaldırıldı. Konvensiyanın imzalanması qlobal əməliyyatlarda, Çinin təklif etdiyi "Dəmir İpək Yolu layihəsi”ndə mühüm rol oynayacaq. Digər regionla layihələrin genişləndirilməsində də Xəzəryanı dövlətlərin əməkdaşlığı müsbət nəticələr vəd edir”.

Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir.
Bundan əvvəl avqustun 11-də isə Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası baş tutacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18