2018-08-10 01:30:13   |   366 dəfə oxunub

Risklər və perspektivlər dəqiqliklə hesablanıb

Sanksiyaların “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir

“Azərbaycan elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır”




ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq. Bu barədə beynəlxalq agentliklər ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıblar. BP "Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan "Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmamasını istəyib. Məlumata əsasən, Trampın qərarında "təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilib ki, bu da "Cənub Qaz Dəhlizi”ni nəzərdə tutur.

Xatırladaq ki, İranın "NICO” şirkəti "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir. Noyabrın 4-dən qüvvəyə minəcək enerji sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq. Trampın qərarı bir daha sübut edir ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır və heç bir halda rəsmi Bakı ilə problem yaşamaq istəmir. 

Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, İrana qarşı tətbiq olunan sanksiyaların "Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.

 Deputatın sözlərinə görə, layihənin müəllifi Azərbaycan onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib: "Müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ona görə də iqtisadi sanksiyaların təzyiq rıçağı kimi istifadə edilməsi zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərəfdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə sözün əsl mənasında 21-ci əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut etmiş oldu”. H.Babaoğlu bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni eyni zamanda kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək: "Bu həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırkı gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava-su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ Prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan Transadriatik boru kəmərini dəstəkləməsi çox böyük əhəmiyyətə malik idi və heç də təsadüfi deyildi. Ancaq belə mühüm layihələrin həmişə iqtisadi tərəflərilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil”.

İqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, "Cənub Qaz Dəhlizi” Avropa və region üçün əhəmiyyətli layihədir:
 "Sanksiyalar İranın paya malik olduğu bütün layihələrə şamil edilir. Amma "Şahdəniz-2” və "Cənub Qaz Dəhlizi” istisnadır. ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan sərəncamda da bu özünü göstərir. Bu layihə region üçün, eyni zamanda Avropa üçün əhəmiyyətli layihələrdən biridir. Nəzərə alsaq ki, Azərbaycan uzunluğu 3 min 500 kilometr olan "Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəqli planlaşdırır. İkinci mərhələdə isə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə illik olaraq "Cənub Qaz Dəhlizi” çərçivəsində Azərbaycan 31 milyard kubmetrə yaxın mavi qazı Türkiyə və Avropa bazarına çıxarmaq niyyətindədir. Sözügedən sanksiyaların layihəyə tətbiq olunmaması "Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini göstərən faktorlardan biridir. Bu ondan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu layihə doğru seçilib və eyni zamanda regional qlobal əhəmiyyət baxımından əsaslandırılmış bir ideyadır. Nəticədə bu ideya təkcə ölkəmiz üçün deyil, eyni zamanda Avropa, region üçün əhəmiyyətli bir layihədir. Nəzərə alsaq ki, layihə Azərbaycana mövcud qiymətlərlə 150 milyard dollara yaxın gəlir vəd edir. Bu həm Avropanın enerji təhlükəsizliyinin formalaşmasında, eləcə də qonşu ölkəyə Türkiyənin enerjiyə olan tələbinin ödənilməsində əhəmiyyətli paya malikdir. O baxımdan layihə yalnız bizim üçün deyil, həm də region üçün strateji bir əhəmiyyət daşıyır. Təqdirəlayiq haldır ki, Ağ Ev layihənin əhəmiyyətini və bu təşəbbüsün bütövlükdə region, həm də Avropa, eləcə də qlobal baxımından pozitiv təsirlərini nəzərə alaraq layihəni sanksiyalardan istisna edib”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22