2018-08-10 01:35:00   |   316 dəfə oxunub

Amerikanın qorxulu Tehran röyası...

İranda yaranacaq xaos bölgədə zəlzələ effekti yaradacaq




ABŞ-ın İrana qarşı fəaliyyətini daha da sərtləşdirəcəyi gözlənilir. Bunu Ağ Ev təmsilçilərinin Tehran hakimiyyəti qarşısında indiyədək irəli sürmədiyi şərtlər açıq şəkildə göstərir. Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin İranla "altılıq” ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bildirdi. Daha sonra dövlət katibi Maykl Pompeo Ağ Evin İrana dair strategiyasını təqdim etdi. Pompeo bildirdi ki, İran mövqeyində dəyişiklik etməzsə, Amerikanın tətbiq edəcəyi sanksiyalar genişlənəcək:


"Bunlar tarixdə ən sərt sanksiyalar olacaq. İrana misli görünməmiş maliyyə təzyiqi tətbiq ediləcək”. BMT-nin baş katibi Antonio Quterreş də İranın maliyyələşdirdiyi və dəstəklədiyi "Hizbullah” terrorçu təşkilatını tərk-silah etməyə çağırdı. Bildirdi ki, hazırda tətbiq olunan sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək. Lakin İran tərəfinin ABŞ-ın dövlət katibinin açıqlamasına münasibəti gecikməyib. Ölkə prezidenti Həsən Ruhani bildirib ki, Vaşinqtonun onlara və bütün dünyaya nə etmələri lazım olduğunu söyləmək hüququ yoxdur: "Dünən casus mərkəzində həkim işləyən adam indi ABŞ-ın dövlət katibidir və ölkələrin taleyini həll etmək istəyir. Sən kimsən ki, İran və digər ölkələrlə danışıqlar aparırsan? Sizin bəyanatlarınızın dövrü artıq başa çatıb”.

Tehran şərtlər qarşılığında davranışını və ritorikasını dəyişmir

Ekspertlərə görə, ABŞ-la İran qarşıdurması üçün bütün şərtlər ortadadır. Ağ Evin İrandan istəkləri də məlumdur. Ancaq Tehran sərt şərtlər qarşılığında öz davranışını və ritorikasını dəyişmir. Bu isə vəziyyətin gərginləşəcəyindən xəbər verir. Vaşinqton israrla İran rəhbərliyini ölkənin təbii sərvətlərini xarici əməliyyatlara xərcləməkdən çəkinməyə çağırır. Təxminən, 10-15 il əvvəl İran parlamentində deputatlardan biri xarici əməliyyatlara xərclərin kəsilməsi təklifi ilə çıxış etmişdi. O, həmin maliyyə vəsaitinin ölkə əhalisinin rifahına sərf olunmasının vacibliyini vurğulamışdı. İran onda da ABŞ-ın sanksiyası altında idi. Artıq 30 il keçib, indi vəziyyət və şərait tam fərqlidir. İranın qonşuluğunda və yaxınlığında yerləşən üç dövlətdə mərkəzi hakimiyyət ölkəyə tam nəzarət edə bilmir. ABŞ-ın Əfqanıstanla yanaşı, İraqda, habelə İranın maraqlarını təmin etmək istədiyi Suriyada bazası var. Tehranın ən güclü və yaxın müttəfiqi sayılan Rusiya da ABŞ-ın və Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, sanksiyalar aradan qaldırıldıqdan sonra İran bir sıra dövlətlərlə iqtisadi-ticarət müqavilələri bağlamaqla öz iqtisadiyyatını düzəltməkdənsə, həmin pulları xarici əməliyyatlara sərf edib.

"İrana qarşı sanksiyalar Ermənistana mənfi təsir edəcək”

Siyasi şərhçilərə görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bölgədə yerləşən ölkələrin sabitliyinə, iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək. Erməni politoloq Karen Veranyan "Novosti-Armeniya”ya açıqlamasında deyib ki, indiki məqamda sanksiyalardan iqtisadi cəhətdən daha çox ziyan çəkən Ermənistan olacaq: "ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikimərhələli olduğunu nəzərə almaq lazımdır. Birincisi, maşınqayırma və İKT sahəsində çalışan şirkətlərə aid edilir. İkinci sanksiya bloku qaz və neft bazarı ilə bağlıdır. Bu, daha mühüm əhəmiyyət kəsb edir. Düzdür, bu sahəyə tətbiq edilən sanksiyalar bizi o qədər də narahat etmir”. Bununla yanaşı, erməni ekspert bildirib ki, ABŞ-ın sanksiyalarının tətbiqi zamanı Ermənistanla İran arasındakı ticarət dövriyyəsinə mütləq mənfi təsir edəcək: "Bu sanksiyaların tətbiqi zamanı təkcə İran ərazisində fəaliyyət göstərən şirkətlərə yox, həmçinin digər ölkələrdə fəaliyyət göstərən və bu ölkə ilə əlaqəsi olan şirkətlərə şamil ediləcək”. Analitik bu sanksiyaların Ermənistana mənfi təsir edəcəyi digər bir məqamı da xatırladıb: "Sanksiyalar "Mehri” azad iqtisadi zonasına mənfi təsir göstərəcək. Çünki bu iqtisadi zonanın ticarət dövriyyəsi daha çox İranla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsindən asılı olacaq. İqtisadi zonada erməni şirkətlərilə yanaşı İran şirkətləri də fəaliyyət göstərir. Sanksiyalar həmçinin Mehridə İranla birgə tikilən Su Elektrik Stansiyasının tikintisinə də mənfi təsir edəcək”.

Almaniya XİN: "ABŞ sanksiyaları İranda xaos yarada bilər”

Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, ABŞ sanksiyaları İranda radikal qüvvələrin ayağa qalxmasına səbəb ola və nəticədə ölkədə xaos yarada bilər: "İranın təcrid olunması radikal və fundamentalist qüvvələrə stimul verə bilər. Artıq İraq və Liviyada yaşadığımız xoas İranda da yaşanarsa, bu, onsuz da sakit olmayan bölgəni daha da qeyri-sabit hala gətirər”. Onun sözlərinə görə, rejim dəyişikliyinə ümid edənlərin hər biri atılan addımların daha böyük problemlər yarada biləcəyini unutmamalıdır.

"İranda baş verən iqtisadi proseslərin Azərbaycana təsiri az olacaq”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz” şəklindədir. Deputat qeyd edib ki, sanksiyaların İran iqtisadiyyatına təsiri artıq hiss olunur: "İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır”.
İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsirinin olub-olmayacağı məsələsinə toxunan T.Mirkişili vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında İranın payı kiçikdir: "2018-ci ilin 6 ayın yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1 faiz, ixracında payı 0.1faiz, idxalında payı 2.9 faizdir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 mlrd. dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4 faizini təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtomobil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni İranda baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər. Amma bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var. Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Avropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamadan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinliklərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər”. Deputat vurğulayıb ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub: "İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycana sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır. Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar”.

"Sanksiyaların İrana təsiri dünya güclərinin davranışından asılı olacaq”

Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bəyan edib ki, əslində İrana sanksiyalar ABŞ-ın taktiki gedişidir. Yəni əvvəlcə bir ölkəyə qarşı sözlə təzyiqlər edilir, sonra bu əmələ keçir, iqtisadi yöndə sanksiyalar tətbiq edilir. Sonrakı mərhələdə bu daha da gücləndirilir və beləliklə həmin ölkə "diz çökdürülür”. Onun fikrincə, Amerika daha geniş müstəvidə hərəkət edərək təkcə İrana yox, Avropa İttifaqı ölkələrinə, eləcə də Türkiyəyə hücuma keçir: "Hesab edirəm ki, ABŞ sanksiyalarının İrana təsiri dünya gücləri və digər ölkələrin davranışından asılı olacaq. Vaşinqton İranla nüvə sazişindən birtərəfli çəkilsə də, saziş qüvvədədir. Almaniya, Fransa, İngiltərə kimi Avropanın güclü ölkələri nüvə sazişindən çıxmayıblar. Sanksiyalara qarşı İran da ABŞ-ın rəqibi olan ölkələrə doğru istiqamətlənəcək. Çin, Rusiya, Hindistan sanksiyaları dəstəkləməyəcəklər. Türkiyə də İrana qarşı ABŞ-la eyni cəbhədə olmayacağını bəyan edib. Avropa İttifaqı da Trampın əleyhinə çıxır. Əgər bu ölkələr sona qədər belə davam edəcəklərsə, ABŞ-ın sanksiyaları İran iqtisadiyyatı üçün o qədər də faciəvi olmayacaq”.

"İranla əməkdaşlıqda müəyyən məhdudiyyətlər yaşana bilər”

Politoloq vurğulayıb ki, Azərbaycan İrana qarşı sanksiyalara heç vaxt dəstək verməyib və bu dəfə də verməyəcək: "Bu, bizim müstəqil xarici siyasət aparmağımızdan irəli gəlir. Lakin burada başqa bir məqam var. Misal üçün, İraq hökuməti İranın onlara bütün dəstəyinə rəğmən bəyan etdi ki, İraq xalqının zərər görməməsi üçün ABŞ-ın sanksiyalarına əməl edəcək. Burada zərər görmək məsələsi xüsusi önəm daşıyır. Azərbaycanın İrana qarşı hücumda iştirak etməyəcəyi dəqiqdir. Lakin Bakı özünü də sanksiyaların hədəfinə çevirməyəcək. Yəni Azərbaycan xalqının bundan zərər görməsinə razı olmayacaq. Buna görə də sanksiyalar çərçivəsində İranla əməkdaşlıqda müəyyən məhdudiyyətlər yaşana bilər. Təbii ki, İran bunu anlayışla qarşılamalıdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22