2018-08-10 01:39:42   |   287 dəfə oxunub

Rahat və təhlükəsiz yol başlayır

Sərnişinlər yüksək xidmətdən yararlanacaq

Bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənəcək




Bakıda avtobus parkının yenilənməsi üçün 47 milyon 924 min manat ayrılıb.
Prezident İlham Əliyev avqustun 8-də "Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrılıb.

Alınacaq yeni avtobusların hansı istiqamətlərdə istifadə ediləcəyinə gəldikdə isə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu məsələyə aydınlıq gətirib. BNA sözçüsünün fikrincə, Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 avqust tarixli sərəncamı öncə dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirilməlidir. "Sərəncamda da vurğulandığı kimi, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Dövlət başçısının məlum sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək. Bildiyiniz kimi, iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq”.
M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib: "Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Əvvəllər də açıqladığımız kimi, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50 faizdən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bəzi daşıyıcılar tərəfindən minə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb”.
M.Ağayev hesab edir ki, sərəncam ictimai nəqliyyat sahəsindəki mövcud narahatlıqların aradan qaldırılması baxımından da mühüm əhəmiyyət kəsb edir: "Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək. Gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdədir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəddir. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşımıza əsas tapşırıq olaraq qoyulub. Bakı Nəqliyyat Agentliyi də səlahiyyətlərinin icrası zamanı vətəndaşa xidmət amilini hər zaman prioritet hesab edir”.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında Prezident İlham Əliyevin "Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” Sərəncamının təqdirəlayiq hal olduğunu deyib:

 "Bu avtobuslar bilavasitə "Baku Bus” üçün alınır. Buna qədər isə "Baku Bus”in nəzdində 600-700 sərnişin avtobusunun olduğunu bilirəm. Son vaxtlarda isə daha neçə marşrut xətlərinin ləğv olunaraq "Baku Bus”a verilməsinin şahidi olduq. Bu da sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlərin yol verdikləri ciddi nöqsanlarla bağlı oldu. Dəfələrlə xəbərdarlıq edilsə də, onlar yol verilən nöqsanları aradan qaldırmırdılar, əksinə, onların yarıtmaz xidməti çoxsaylı vətəndaşların narazılığına səbəb olurdu.
"Baku Bus” isə sərnişinlərə yüksək və keyfiyyətli xidmət göstərməsini bir prinsip kimi qarşısına məqsəd qoyub. Yeni avtobusların alınması, avtoparkların yenilənməsi isə marşrut sahəsindəki problemlərin böyük bir hissəsinin aradan qaldırılmasına gətirib çıxaracaq. Çünki yeni avtobusların alınması yeni imkan, yeni keyfiyyət deməkdir. Sərnişindaşıma ilə məşğul olan digər şirkətlər marşrut avtobuslarının rentabelli işləmədiyini əsas gətirərək nəqliyyat parkını yeniləyə bilmirdilər. Buna görə də Tarif Şurası qiymət artımı ilə bağlı qərar qəbul etdi ki, vətəndaş ödədiyi artıq pulun qarşılığında yüksək xidmətdən yararlana bilsin. Buna paralel olaraq da hökumət "Baku Bus”la bağlı ciddi addımlar atdı”.

Şəymən








SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18