2018-08-10 11:57:30   |   159 dəfə oxunub

Ən alçaq hərəkətlərə əl atan məxluqlar peyda olur

Səbəblər çox qəliz və gizlidir

“Qızlara, qadınlara qarşı bu aqressiya, bu vəhşilik, bu kin nədən, hardan yaranır, başa düşmək çox çətindir”



Uşaqlara qarşı cinsi zorakılığın artması bütün ictimaiyyəti narahat edən məsələdir. Az qala valideynlər uşaqlarını məktəbə göndərməyə belə çəkinir. Uşaqların həyətdə oynaması, qohum-qonşunun qapısını açması isə artıq tarixin arxivinə qovuşub. Hər an təşviş keçirən valideynlər övladlarını bir an belə gözlərinin önündən ayırmır, çünki ətraf korlanıb. Atanın qızına, qardaşın bacısına tamah saldığı bir cəmiyyətdə yaşayan analar niyə də övladlarını yad bir insana etibar etsin? Amma çox təəssüflər olsun ki, cəmiyyətin korlanmasına məhəl qoymadan övladlarını tanımadığı adamlara əmanət edən, azyaşlı uşaqlarını yad bir kişinin yanında tək qoyub gedən valideynlər də var. Qeyd edək ki, Bakıda pedofil həbs edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından "Sputnik Azərbaycan” saytına məlumat verilib. Verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır. Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Son zamanlar uşaqların cinsi istismara məruz qalması kimi faktların artmasından ciddi narahatlıq duyan sosioloq Lalə Mehralının sözlərinə görə, cəmiyyət mənəvi deqradasiyaya uğrayıb, bizim ali dəyərlərimiz, müqəddəslərimiz, toxunulmazlarımız olan cəmiyyətimizdə bütün dəyərləri alt-üst edən, ən alçaq hərəkətlərə əl atan bu cür məxluqlar peyda olur. 

Əvvəl uzaq qərb ölkələrində baş verən, yalnız KİV vasitəsi ilə uzaqdan-uzağa xəbərimiz olan belə hadisələr bizim kimi ölkələrdə artıq sıradan, adi bir problemə çevrilib. Bir neçə gün əvvəl 6 günlük körpəni qız olduğu üçün su quyusuna atıb öldürdülər, bir həftə keçməmiş bu hadisə baş verdi - qızlara, qadınlara qarşı bu aqressiya, bu vəhşilik, bu kin nədən, hardan yaranır, başa düşmək çox çətindir. Bu cür hadisələri törədənlərin cəmiyyətdə necə peyda olması məsələsinə gəlincə, bunun səbəbləri də çox qəliz və gizlidir. Geni dəyişdirilmiş məhsullar bir, subliminal mesajlarla zəngin film və cizgilər iki, genefondu dağıtmaq gücünə malik olan enerji içkiləri üç, süni uşaq qidalarının tərkibindəki uşaqların bütün immun sistemini, gen strukturunu dağıdan kimyəvi məhsullar da dördüncü səbəb ola bilər və bu cür səbəblərdən çox sadalamaq olar”.

L.Mehralının fikrincə, insanlığa zidd əməl törədən belə insanları edama məhkum etmək lazımdır:

"Edam cəzasına qarşı çıxanlar, bunu insan haqlarının pozulması kimi dəyərləndirənləri bir anlıq təcavüzə məruz qalmış uşağın və onun valideynlərinin yerində olmağa çağırıram. Ən dəhşətli cinayəti edən - körpə uşağa təcavüz edən bu adamlar cəmiyyətdə rahatlıqla gəzə bilir, içimizdə yaşaya bilir və biz bir çox hallarda bundan xəbərsiz oluruq. Bu cinayətkarlar hüquqi cəzalandırılsa, biri digərinə görk olar. Türkiyədə bu cinayətlər dəhşətli dərəcədə çoxdur, sanki orda insanlar daha da korlanıb, mətbuata çıxmayan nə qədər hal var. Uşaq qorxur, ailəsinə demir, gizlədir və beləcə bilmədən o cinayətkarı qorumuş olur. Ona o pisliyi etmiş məxluq isə rahatca həyatını yaşayır”.

Sosioloqun sözlərinə görə, cinsi təcavüzlərdən qorunmaq üçün uşaqların məlumatlandırılması çıxış yolu deyil: 

"Hansımız uşağımıza başına belə bir şey gələcəyi barədə xəbərdarlıq edə bilirik? Bu bizim düşünəcəyimiz ən son şeydir, övladımızla bunu danışmaq ölüm qədər ağırdır. Onlara öz bədənini qorumağı, yadlara qarşı diqqətli olmağı öyrədirik, amma bütün çılpaqlığı ilə danışa bilmirik. Axı 5-6 yaşlı uşaq üçün bunu anlamaq imkansız bir şeydir. Uşaqlar üçün təhlükəsiz cəmiyyət qurmaq lazımdır, onları cəmiyyətdən təcrid etmək yox”.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18