2018-08-10 13:00:34   |   212 dəfə oxunub

Bir anlıq adrenalin qəhrəmanlıq deyil

“Adama sual verərlər ki, “Varlılar avtoxuliqanlıq edir və cəzasını da çəkir. Bəs sən nəyə güvənib belə bir hərəkət edirsən?”




Tez-tez toy karvanları ilə bağlı neqativ halların yaşandığını müşahidə edirik. Bəy və gəlin avtomobilləri ilə bağlı xeyli xətalar, məsələn, sürücülərin avtoxuliqanlıq etməsi və bununla da digər yol hərəkəti iştirakçılarına maneçilik törətməsi adət halını alıb. Mətbuatda dəfələrlə işıqlandırılmasına, maarifləndirici işlərin görülməsinə baxmayaraq problem həllini tapmır. Nədənsə, yol mədəniyyəti deyilən anlayış sürücülərimiz arasında geniş yayılmayıb.

Xatırladaq ki, bir müddət öncə toy karvanını müşayiət edən sürücülər avtomobili tuneldə saxlayaraq təhlükəli vəziyyət yaratmışdılar. Müvafiq cərimələr yazılsa da, görünür, bu cərimələrin heç bir xeyri yoxdur. Bir anlıq adrenalin yaşamaq istəyən bəzi sürücülər əslində bunun nə qədər yanlış və təhlükəli məqam olduğunu dərk etmir. Onlar cərimə ödəməklə işin içindən çıxacaqlarını düşünürlər. Elə məhz buna görə də bu cür hadisələr davamlı şəkildə baş verir. Növbəti xoşagəlməz məqam isə Binəqədi rayonu ərazisində qeydə alınıb. Toy karvanına qoşulan bir neçə avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərinin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb.

Bütün bunlar isə DYP rəhbərliyi və əməkdaşlarının gördüyü tədbirlərin, yazdıqları cərimələrin heç bir xeyrinin olmadığını göstərir. Toy karvanları ilə bağlı problem yenə var, çox güman ki, əsaslı tədbirlər görülməzsə, xoşagəlməz hallar davam edəcək. Bəs hansı tədbirlər görülməlidir ki, məsələ birdəfəlik həllini tapsın?

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının "Şərq”ə açıqlamasına görə, toy karvanları ilə bağlı zaman-zaman ciddi tədbirlər görülüb, reydlər keçirilib və müvafiq cərimələr tətbiq olunub. Amma təəssüf ki, normal bir nəticə ortaya çıxmır, anormallıq yenə də davam edir: "Yol polisinin etdiyi müraciətlərin əsas mahiyyəti ondan ibarətdir ki, toy sahibləri əvvəlcədən planlaşdırmalıdır ki, toy karvanında kimlər gedəcək. Şəxsən mən tərəfdarı deyiləm ki, toy karvanında 15-20 maşın hərəkət etsin. Bilirsiz ki, toy karvanı günün bir saatında hərəkət edir. Yəni ki, toy saat 6-da başlayır saat 5-də isə bəy-gəlini müşayiət edən maşınlar yola çıxır. Maşınlar bir anda hərəkət edirlər və əlavə problemlər yaranır. Bəzən görürsüz ki, bir yol üzrə, yəni ard-arda yox, yan-yana hərəkət edirlər, digər maşınların yolunu kəsirlər, təhlükəli manevrlər edirlər. Belə hadisələrin dəfələrlə şahidi olmuşuq, hətta təhlükəli hadisələr törətdiklərinə görə həbs olunan sürücülər də olub. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, toy karvanında lotuluq edənlərin hamısı məmur balalarıdır. Lakin Binəqədidə tutulan 3 nəfər şəxs heç də məmur balaları deyil. Adama sual verərlər ki, "Varlılar avtoxuliqanlıq edir və cəzasını da çəkir. Bəs sən nəyə güvənib belə bir hərəkət edirsən?”. Bir anlıq adrenalin yaşamaq, kənardan fərqli görsənmək, özlərini qəhrəman kimi təqdim etmək istəyirlər. Qəhrəmanlığı gedib başqa sahələrdə yaxşı əməllə etmək olar. Belə hərəkət edənlərin əksəriyyəti gənclərdir, lakin təəssüflər olsun ki, bəzən orta yaşlı adamlar da toy karvanlarında kobud səhvlərə yol verirlər”.

E.Muradlının sözlərinə görə, məsələ ilə bağlı ciddi şəkildə maarifləndirmə işi aparılmalıdır. Ekspert DYP-nin toy karvanları ilə bağlı animasiya xidmətinin olduğunu da diqqətə çatdırdı:

 "Animasiyalarda toy karvanlarının necə hərəkət etməsi izah olunur. Bildirilir ki, toy karvanında maksimum 5-6 maşın olmalı, maşınlar bir cərgə ilə yolun sağ hissəsində, eyni hərəkət zolağı ilə getməlidir. Bəzən sağlam düşüncəli insanlar toy karvanında 2-3 maşınla hərəkət edir və heç bir problem yaşanmır. Belə olanda adama da xoş gəlir ki, bu şəxslər həm özünü, həm də cəmiyyəti düşünür. Televiziyalarda DYP-nin çəkdiyi animasiyalar nümayiş olunmalıdır. Bu günə qədər nə qədər animasiyalar çəkilib, sosial şəbəkələrdə də yayılmalıdır. Lakin təəssüf ki, belə animasiyalar sosial şəbəkələrdə yayılsa, uzağı 5-6 paylaşım olacaq. İnsanlar ciddi məqamlara fikir vermirlər, onlara ancaq şou xəbərləri maraqlı olur.

Dövlət Yol Polisi rəhbərliyi ilə söhbətimiz oldu, onlar da bildirdilər ki, Bakı şəhəri tam şəkildə kamera nəzarətinə götürülüb. İnsanlar əvvəl deyirdi ki, yollarda polislər çoxdur və bu, nəyə lazımdır? Artıq yol polisləri o qədər də gözə dəymir, lakin kameralarda bütün şəhərə nəzarət edilir və lazım olan görüntülər vasitəsilə sürücülər aşkar olunur. Toy etmək üzrə olan insanlar da bilsinlər ki, hansısa hadisə baş versə, bu, hər kəs üçün xoşagəlməz bir haldır. Heç bir toy sahibi istəməz ki, onun toyuna gələn qonağı toydan sonra polis gəlib həbs edib aparsın. Lakin bu ciddi məsələdir, toy karvanında təhlükəli manevrlər edərkən hətta ölüm hadisələri də olur. Ona görə də diqqətli olmaq və qaydalar üzrə hərəkət etmək lazımdır. Hər bir toy sahibi də qabaqcadan fikirləşməli və dost-tanışdan, qohumlardan xahiş etməlidir ki, toyda neqativ hallar yaşanmasın”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22