2018-08-10 13:04:09   |   256 dəfə oxunub

Vaşinqton ənənəvi qanunlarla idarə olunur

ABŞ Konqresinə müsəlman qadının seçilməsi heç nəyi dəyişməyəcək



ABŞ Konqresinə ilk dəfə müsəlman qadın seçilib. Fələstin əsilli amerikalı Rəşidə Tlaib Miçiqan ştatındakı ilkin səsvermənin nəticələrinə əsasən, Amerika Nümayəndələr Palatasında yerini təmin edib.

Bununla da qanunverici orqanda təmsil olunacaq ilk müsəlman qadın olub. Tlaib seçkilərdə Demokratlar Partiyasının namizədi kimi qələbə qazanıb. İlkin seçkilərdə müstəqil və Respublikaçılar Partiyasından namizədlər olmayıb. Bu isə Tlaibin aralıq seçkilərində rəqiblərinin olmayacağı anlamına gəlir. Məlumat üçün deyək ki, ABŞ-da aralıq seçkiləri bu ilin noyabrında keçiriləcək. Bir sıra siyasi şərhçilərə görə, Demokratlar rəqibləri Respublikaçılardan fərqli olaraq müsəlmanlara, islam dünyasına pis münasibət bəsləmirlər. Sirr deyil ki, Respublikaçıların namizədi kimi prezident seçkisində qələbə qazanan Donald Tramp bugünə qədər atdığı bir çox addımlarda, səsləndirdiyi bəyanatlarda müsəlmanlar əleyhinə mövqe sərgiləyib. 

ABŞ tarixində ilk dəfə reallaşan hadisə ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov bildirib ki, fələstin əsilli Rəşidə Tlaibin Senata seçilməsi nəyisə dəyişmək gücündə deyil. Onun sözlərinə görə, Amerikanın ümumi siyasi maraqları ayrı-ayrı şəxslərin üzərindədir: 

"Vaşinqton ənənəvi qanunlarla idarə olunur. Hakimiyyətdə Demokratların, yaxud Respublikaçıların olması məna kəsb etmir. Amerikanın elitası vahiddir. İki siyasi düşərgə eyni xətt üzrə hərəkət edirlər. Sadəcə seçki kampaniyaları zamanı iki partiyanın fikirləri bir qədər haçalanır, müxtəlif fikirlər səsləndirirlər. Görüntü olaraq açıq rəqib kimi çıxış edirlər. Ancaq yeridilən siyasətdə ortaq məxrəcə gəlirlər. ABŞ-a düşmənçilik məsələsində bütün siyasi düşərgələr bənzər mövqe tuturlar. Hər iki partiya Rusiya, Kuba və s. dövlətlərə düşmən münasibət bəsləyir. Amerika Konqresində müsəlman deputatların sayı çoxalsa belə Ağ Evin konkretləşmiş siyasəti dəyişməyəcək. Trampdan qabaq prezident postunda Barak Obama oturmuşdu. Obama da əslən Afrikanın müsəlman ölkəsindən idi. Dəyişən nə oldu ki? Əksinə, həmin dövrdə Yaxın Şərqdə və digər bölgələrdə nə qədər faciələr törədildi. Obama heç vaxt tam adı olan Hüseyn Barak Obama kimi təqdim olunmadı. Çünki Hüseyn müsəlman ismidir. Yəni amerikalılar islamla bağlı terminləri səsləndirməyə belə qorxublar”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22