2018-08-10 13:14:29   |   194 dəfə oxunub

Azərbaycan mühacirlərinin “Odlu Yurd”u...

Türkiyədə M.Ə.Rəsulzadənin ətrafına cəm olan istiqlalçılar 3 il bu jurnalı çap etdirdilər



1920-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti devriləndən sonra hakimiyyətə yiyələnən kommunist-bolşevik rejiminin sərt və amansız siyasəti yüzlərlə siyasi-ictimai xadimlərimizi, ziyalılarımızı xarici ölkələrə mühacirət etmək məcburiyyətində qoydu. Bir çox əcnəbi ölkələrdə Azərbaycanın istiqlal davasını siyasi mühacir kimi sürdürən milli təfəkkürlü şəxslər Türkiyədə, o cümlədən Avropanın müxtəlif dövlətlərində çoxsaylı qəzet və jurnallar nəşr etdirməyə nail oldular.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun yaxın tərəfdarları Türkiyəyə gəldikdən sonra ölkəmizin müstəqillik mücadiləsini tanıda bilmək qayəsi ilə qardaş ölkədə müəyyən tarixlərdə "Yeni Qafqaziya”, "Azəri türk”, "Odlu yurd”, "Bildiriş”, Almaniyada isə "Qurtuluş”, "İstiqlal” qəzet və dərgilərini nəşr etdirdilər. Öncə onunla birlikdə hərəkət edən Məhəmməd Sadiq Aran "Yaşıl yapraq”, "Ərgənəkon yolu”, "Türk yolu”, "Yeni Turan” dərgilərini, müxalifətin başqa qismi isə "Mücahid” dərgisini çıxardı. İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilədək nəşrlərini davam etdirən Azərbaycan və başqa türk xalqlarına məxsus "Yana milli yol”, "Yaş Türküstan”, "Əməl”, "Yeni Türküstan” dərgilərində toplumları maraqlandıran xəbərlərə üstünlük verilirdi. Bu mətbu orqanlar sadəcə xəbərlə kifayətlənməyib, eyni zamanda düşündürücü, yol göstərici təhlillər də aparılıb.

Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi toplulardan biri də "Odlu Yurd” jurnalı olub. Jurnalın ilk nömrəsi 1929-cu ilin martında, son sayı - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxıb. Dərginin nəşrinin imtiyaz sahibi Abbasqulu Kazımzadə, məsul müdiri Kamil, baş mühərriri isə Məhəmməd Əmin Rəsulzadə idi. "Odlu yurd” jurnalı dövrün imkanlarına görə, yetərli bir məzmuna sahibdir. Baş yazıda imza olmasa da, üslubundan Məhəmməd Əmin Rəsulzadəyə aid olduğu bilinirdi. Mətbu orqanda 1928-in noyabr ayında qəbul edilən yeni türk əlifbasının bolşeviklər tərəfindən necə qarşılandığı təhlil edilirdi. Azərbaycanda ziyalıların durumu, Müsavat Partiyasının çalışmaları, Rusiyaya Avropa ölkələrinin baxışı, Azərbaycandan gələn xəbərlər, Azərbaycanı yaxından maraqlandıran ölkələrdəki hadisələrin inkişafı jurnalda ələ alınan başlıca mövzular idi. 31 sayı ortaya qoyulmuş dərginin hər nömrəsi eyni məzmun zənginliyi ilə nəşr olunub. Nəşrin bu keyfiyyəti ölkə içindən gələn xəbərlərlə bəslənməsindən qaynaqlanmaqda idi.

"Odlu yurd” özündən əvvəl nəşr olunmuş "Yeni Qafqaziya”, "Azəri-türk” məcmuələrinin ideya istiqamətini davam etdirib. Nəşrin birinci sayında verilən məqalədə azərbaycançılıq fikrinə önəm vermək məqsədi ilə təsis olunan "Odlu yurd”un, hər şeydən əvvəl, milliyyətçi, türkçü, cümhuriyyətçi və xalqçı olduğu deyilirdi. Həmçinin, jurnalın Azərbaycan Xalq Cümhuriyyəti məfkurəsini üstün tutduğu və müdafiə etdiyi açıqlanırdı. Mərbu orqanda türk xalqları və türk dünyasının yeganə müstəqil dövləti olan Türkiyə Cümhuriyyəti haqqında oxuculara məlumat verilirdi. Qafqazın istiqlal və xilasının reallaşması üçün qafqazlıların ümumi düşmənə qarşı ittifaqa çağırılacağı, Şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal savaşını doğrultmaq və milli mücadiləsini yüksəltmək işinin təbliğ olunacağı bəyan edilirdi.

"Odlu yurd”da dərc olunan məqalələrin ana xəttini, hər şeydən əvvəl, Azərbaycanın azadlığı ideyalarının təbliği, 28 May istiqlalı və 28 Aprel işğalı, erməni daşnaklarının xalqımıza qarşı Bakıda törətdiyi 1918-ci il 31 mart soyqırımı günlərinin anılması təşkil edirdi. Azərbaycanın gec-tez öz istiqlalına qovuşacağı ümidləri təlqin olunurdu. Məcmuənin əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mustafa Vəkilli, Hilal Munşi, Mir Yaqub Mehdiyev, Əhməd Cəfəroğlu və başqaları idi. Özündən əvvəlki Azərbaycan siyasi mühacirəti nəşrlərinin ənənələrini davam etdirən "Odlu yurd” Azərbaycan mühacir mətbuatı tarixində parlaq iz buraxıb.


"Odlu Yurd” özündən əvvəlkilərdən fərqli olaraq bütövlükdə latın əlifbası ilə nəşr olunan ilk jurnal idi.
"Odlu Yurd” demokratiyanın və demokratik millətçiliyin müdafiəsində, istibdadın qarşısında dayanan bir jurnal idi. Bu məcmuə milli istiqlal davasının mənasını belə açıqlayırdı: "Milli istiqlal davası, mədəni millətlər, ailəsi meydanında özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına hələ malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir”.

Milli istiqlal davasından geniş bəhs edən digər bir məqalə isə M.Ə.Rəsulzadənin ilk sayda yazdığı "Çöhrəmiz” məqaləsidir: "Milliyyət və istiqlal davası əsrin ən qüvvətli və ən hakim bir şüarıdır. Başda Cümhuriyyət Türkiyəsi olmaqla bütün Şərq bu böyük yolla gedir. Bu şanlı tarix qafilasının ilk yolçularından biri də Azərbaycan türkləridir. Bu türklər 1918-ci ildə öz istiqlallarını elan etmiş və bir il on bir ay müstəqil bir həyat yaşadıqdan sonra yalanların ən böyüyünə layiq olan qasib bir qüvvət tərəfindən təkrar istila altına alınmışdır. Milli Azərbaycan bu gün iştə bu istilayı başından atmaq və oğurlanmış istiqlalını geriyə almaq qayəsilə çalışır və ümidlə yaşayır. İstiqlal, iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ... Milli dövlət iştə müstəqil olan hər millət idarəsinin alması zəruri olan bir şəkil, öz-özünə bir qayə olmaqla bərabər bu şəkil bizim nəzərimizdə xalqın həqiqi ehtiyacla gördüyü zamandır ki, vaxtıdır. Demokratik hökumət, dövlət təşəkkülündə qayəni təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyətin cəmiyyətdəki istehsal qüvvələrini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə dözə bilməz”.

Azərbaycanla Rusiyanı birləşdirən yeganə qüvvət rus süngüsüdür. Bu qüvvətin sarsıldığı gün Azərbaycan bütün müqəddəratına, hakim, hür və müstəqil bir cümhuriyyət olacaqdır. "Odlu Yurd” da bu inamla fəaliyyət göstərirdi və Azərbaycanın bir gün əsarət zəncirindən xilas olacağına inanırdı: "Azəri xalqının bütün varlığı ilə iman etdiyi istiqlal və milliyyət fikrinin bolşeviklərin zülm və təkkümünə ramən zehinlərdən, ədəbiyyatdan silinmədiyini və silinməyəcəyini açıqca göstərən həqiqətlər meydanda olduqdan sonra bu mücadilədə hansı tərəfin müzəffər çıxacağını kəsdirmək zor olmasa gərək. Bolşevik məzalimi bütün şiddətlə özünü göstərə bilir, terror bütün vəhşətilə məmləkəti pərişan bir vəziyyətə sala bilir. Fəqət buna müqabil milliyyət və istiqlal fikri boğulmayacağı kimi bu yolda görülən mücadilə daha dayandırıla bilməz”.

Qeyd edək ki, "Odlu Yurd”un Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolu olub: "Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın harsı həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat vəsəadəti istiqlal və onun üç rəngli bayrağının altında düşünürsə, o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi, fəqət əzmindən dönməməsi lazım gəlir.

"Odlu Yurd” jurnalında Azərbaycanın istismar olunub Rusiyaya daşınan neftindən, qazından, digər sərvətlərindən də ürək ağrıdan məlumatlar çap edilirdi. "Odlu Yurd” yazırdı: "Budur, cəmi yeddi il ərzində (1920-1927) Bakı neftindən 150 milyon manat gəlir əldə olunub”. O gəlirin 25 milyon manatına neft ehtiyacları üçün xaricdən materiallar alınıb. Qalan 125 milyon manat Rusiyanın hesabına keçib. Bəs Azəri xalqı bu qızıl neftinin müqabilində nə qazanıb?

"Odlu Yurd”da "Qanlı icraatlar”, "Salyan süngüsü”, "Kollektivləşmənin səmərəsi”, "Həbslərin səbəbi”, "Solovkidə”, "Kommunistləri öldürürlər” başlığı altında verilən yazılarda Azərbaycanın ümumi vəziyyəti, sovetlərin işğalı ilə bağlı müstəqil və azad yaşamaq haqqından məhrumluğu göstərilir. "Gəncədə iğtişaşlar”da yazılır: "Verilən məlumata görə, Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı mahudbasma və yağ emalatxanaları yandırılmışdır”.

"Şəki və Zaqatalada üsyan” başlıqlı məlumatda isə belə yazılırdı: "Şəki və Zaqatalada əhali üsyan edərək kommunistlərlə məsul sovet məmurlarını öldürmüşlər”. "Odlu Yurd”un 1931-ci il 3 saylı nüsxəsində Mirzə Bala Məmmədzadənin "Azərbaycan dövləti” adlı maraqlı yazısı dərc olunub: "Bir millət ya yetişmişdir, öz haqqına müdrikdir, müştərək milli bir şüura malikdir və yaxud əksinə olaraq daha ölgün ictimai bir üzviyyət halına gəlməmişdir”.

Nəşr bolşevik əsarətində haqqı tapdanan Azərbaycanın işğalını bütün dünyaya çatdırırdı. Azərbaycandan isə müəyyən vasitələrlə məktublar, məlumatlar, xəbərlər mətbu orqana göndərilirdi.
"Odlu Yurd” jurnalı mühacirlərin Türkiyədə çıxardığı son siyasi məcmuə idi. Bu jurnaldakı yazıları belə qruplaşdırmaq mümkündür: 1.Siyasi yazılar. 2. Elm və ədəbiyyatla bağlı yazılar. 3. Mətbuat və kitabiyyətlə bağlı yazılar. 4. Xəbərlər qismi. 5. İstila qurbanları. Jurnalın "İstila qurbanları” başlığı altında isə aşağıdakı yazılara rast gəlinirdi: M.Emin: "Yusifbəyli Nəsib bəy”, Azəri: "Mehmet Bağır bəy”. Nəşrin "Xəbərlər qismi” başlığında isə müxtəlif məlumatlar, xəbərlər verilirdi. Türkiyədə üç ilə yaxın müddətdə nəşr edilən "Odlu Yurd” jurnalı mühacirlərin Azərbaycan istiqlalı uğrunda apardıqları mübarizəyə ciddi dəstək verib əhəmiyyətli rol oynadı.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-08-17