2018-08-10 13:24:59   |   138 dəfə oxunub

Allı-güllü çantalara aldanmayın

Pediatr məktəbli çantaları ilə bağlı valideynlərə tövsiyələr verib


Pediatr Vaqif Qarayev feysbuk hesabında məktəbli çantalarından yazıb. Son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyalarının (skolioz, kifoz, lordoz) artdığını vurğulayan həkimin fikrincə, bunun bir səbəbi də ibtidai sinif şagirdlərinə optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir:

"Çantanın allı-güllü olmağına fikir verməyin... Ucuz olsun, amma sağlamlığa ziyan verməsin! Çanta kürəyə tam oturmalıdır, hər iki çiyinə eyni cür ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşəcək. Çantanın materialı sintetikdən olsa daha yaxşıdır. Tez təmizlənir”.

Pediatr deyib ki, çantanın ağırlığı uşağın bədən çəkisinin 10 faizi qədər olmalıdır: "İçərisindəki məktəb ləvazimatları ilə birlikdə. 6 yaşlı uşağın bədən çəkisini 22 kq götürsək çantanın ağırlığı 2,2 kq olmalıdır. Amerika Pediatriya Akademiyası isə aşağıdakı normativləri təqdim edir: Birinci sinif-1,2 kq, ikinci sinif-1,6 kq, üçüncü sinif-2,3 kq, dördüncü sinif-2,6 kq. Uşaqların sağlam böyüməsi üçün çantaları düzgün seçək!

Qeyd edək ki, məktəb formasının zəruri elementlərindən biri arxa çantasıdır. Bu səbəbdən də, valideynlər birinci sinif şagirdləri üçün məktəb çantasının seçiminə qayğı və diqqətlə yanaşmalıdırlar. Seçim zamanı yalnız dizayn və fərdi üstünlükləri deyil, həkimlərin tövsiyələrini də nəzərə almaq vacibdir.

Birinci sinif şagirdi üçün düzgün seçilmiş məktəb çantası uşaqların sağlamlığını qoruyur və onlara əlavə narahatlıq vermir. Ortopedlərin tövsiyələrinə görə, dolu məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 1/10-nu təşkil etməlidir. Boş çantanın çəkisi isə 1 kq-dan artıq olmamalıdır. Beləliklə, əgər uşağın çəkisi, misal üçün, 25 kq-dırsa, uşağın məktəb çantasının çəkisi 2,5 kq-dan artıq olmamalıdır. Etiraf edək ki, hazırda bu heç də belə deyil və bizim uşaqlarımız daha ağır çantaları daşımağa məcbur olur. Mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu, uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant - iki çiyinə taxılan çanta ("rükzak”) sayılır. İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır - onurğanın formasını təkrarlamalıdır. Bu, uşağın qamətini pozmur, əksinə, qamətin normal formalaşmasına kömək edir. Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat olmalıdır ki, uşağa daha rahat olsun və uşağın beli tərləməsin. 

Çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır”.

Pediatr Həmidə Ələfsərova isə hesab edir ki, məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmaması da onların onurğa sütununun deformasiyalara məruz qalmasına səbəb olur:

 "Məktəbdə ibtidai sinif müəllimləri şagirdlərin oturmağına nəzarət etməlidir. Dərs arasında şagirdlərə idman hərəkətləri etdirilməlidir. Ümumiyyətlə, hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir”.

Məktəbli çantalarının skoliozun əmələ gəlməsinə təkan verdiyini qeyd edən Həmidə xanım əlavə edib ki, qazlı içkilər də orqanizmdən xaric olanda onların tərkibindəki turşu bağırsaqlarda kalsiumu özünə birləşdirərək xaric edir. Beləliklə də böyüyən orqanizmə lazım olan kalsium sümüklərdən yuyularaq orqanizmi tərk edir. Bu zaman da nəinki skolioz, həm də əvvəllər 60 yaşdan yuxarı şəxslərdə müşahidə olan osteoporoz xəstəliyi müşahidə edilir.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18