2018-08-10 13:30:17   |   169 dəfə oxunub

“Kino ciddi sənətdir”

Rafiq Quliyev: “Kamera qarşısında dayana bilən maksimum 8 aktyorun adını çəkə bilərəm”

“Azərbaycanda tamaşaçı qıtlığı var. 9 milyon kino üçün böyük göstərici deyil”


Azərbaycan kinosunun bu günü və sabahı kino sahəsində olan insanları artıq narahat etməyə başlayıb. Çünki son illər çəkilən kommersiya məqsədli filmlər belə bir nəticəyə gəlməyə əsas verir ki, kino sahəmizdə ciddi problemlər var. Bu gün kino sahəsində baş verən anormal şərait bəzən təbiətin anormal hava şəraitini xatırladır. Elə bu günün kinosundan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino-televiziya kafedrasının rəhbəri, rejissor, kinooperator Rafiq Quliyevlə həmsöhbət olduq.

Məlumat üçün onu da qeyd edək ki, Rafiq Quliyevin filmoqrafiyasını "Ağ rəngin simfoniyası”, "Ali sevgi”, "Azadlığa gedən yollar”, "Bombardman”, "Azərbaycan kapriççiosu”, "Bütün qadağaların fövqündə”, "Cin mikrorayonda”, "Çölçü”, "Dənizin prelüdiyası”, "Fransız”, "Fövqəldünya və ya qəsdsiz məntiqi səhv”, "Girov”, "Göy rəngin melodiyası”, "Günaydın, mələyim!”, "İlham Əliyev. Yeni neftin strategiyası”, "Ölüm növbəsi”, "Səttar Bəhlulzadə”, "Uzaq sahillərin əfsanəsi”, "Yaşıl rəngin qamması” kimi onlarla maraqlı ekran əsərləri təşkil edir.

- Kino sahəsində operator olaraq çalışmaq əslində kifayət qədər məsuliyyətli işdir. İndi hamı özünü operator kimi təqdim edir...

- Çox adam operator sənətinin mahiyyətini dərk eləmir. Bu yaxınlarda bir monoqrafiyada operator sənətinin poeziya ilə yaxınlığı barədə fikirlə rastlaşdım. Bu, doğrudan da, belədi. Kinonun mövcudluğunu operator sənəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki kino təsvir sənətidi. Təsviri isə operator təmin edir. Bu sənəti öyrəndikcə öyrənmək olar. Plastik sənət növlərinin tarixinə və bu gününə mütləq bələd olmaq lazımdı. Bunları öyrənmədən, heykəltəraşlığın, rəssamlığın niyə yarandığı ilə maraqlanmadan operator olmaq mümkün deyil. Bu sənətlər insanın zamanla, ölümlə mübarizəsindən, insanın özünü daim yaşatmaq arzusundan doğub. Bütün bunlar insanın psixofiziologiyası ilə bağlı olan mətləblərdi. Paralel olaraq zahiri təsvirlə bərabər gerçəkliyin inikasıdı. Vaxt keçdikcə insanı düşündürən art-hauslar meydana gəldi. Və beləliklə operator sənəti insan hisslərinin mühəndisinə çevrildi.

- Kino operatorunun illər sonra rejissor kimi də film çəkməsi ənənəsi hər zaman özünü göstərib. Siz də kino sahəsində həm kino operatoru, həm də kino rejissoru kimi çalışmısız. Peşəkar kinooperatorların rejissorluğa meyl etməməsi sənətkarlıqlarının şübhə altına alınmasının göstəricisi ola bilməz yəqin ki...

- Həm hə, həm də yox. Azərbaycan operatorluq sənətində də kifayət qədər belə adlar var. Məndə rejissorluğa həvəs 90-cı illərdə yaranmışdı. Amma həvəsi gerçəkləşdirmək üçün ona layiq ssenari olmalıdı. Ssenari səni elə maraqlandırmalıdır ki, onu təsvirlə danışdırmağa həvəslənəsən. Bizim gənc rejissorlar ilk dəfədən filosofluqla başlayırlar. Halbuki əvvəl peşə hazırlığını göstərməlidilər, tamaşaçının qavrama xüsusiyyətlərini öyrənməlidirlər. Əvvəl anlamalıyıq ki, tamaşaçını nə ilə maraqlandıra bilərik. Bu proses demək olar ki, əməlli-başlı tədqiqatdı. Bütün bu məsələlər vəhdət şəklində həll olunmalıdı. Bunda gecikmişik.

Tamaşaçının ekrandan aldığı emosiyanın empatiyaya keçməsi çox böyük yoldu. Həm də sənətdə sözünü demək üçün güclülərlə yarışmağı bacarmaq lazımdı. Sağlam rəqabət mühüm şərtdi. 2000-ci illərin əvvəllərinə qədər bütün postsovet məkanında olduğu kimi bizdə də kino istehsalı pərakəndə şəkildə idi. Sonrakı dövrdə filmlərin çəkilişinə dövlətin diqqətinin artması, əlbəttə, çox yaxşı haldı. Amma bu, ikiuclu dəyənək effekti də verə bilər. Çünki pulu verən sifarişi də verir. Belə olan halda isə dünyaya çıxmaq olmaz. Elə qanunlar işlənməlidir ki, sahibkarlar kino sahəsinin hərtərəfli inkişafında maraqlı olsunlar. Necə ki, "Qız qalası əfsanəsi” filmi çəkiləndə bütün sahibkarlar kapitallarını o filmə sərf etməyi özlərinə borc bilirdilər. Marksın pul-əmtəə-pul sistemi qüvvədə idi. İndi hətta o boyda Rusiyada da azad sənətkarların yerini Nikita Mixalkovsayaq ələbaxanlar zümrəsi tutub...

- Bu gün Azərbaycanda çəkilən kommersiya xarakterli filmləri Azərbaycan kinosunun tərkib hissəsi kimi qəbul etmək doğrudurmu?

- Son illər Azərbaycanda çəkilən kommersiya xarakterli filmləri kino sənətinin yaradıcılıq məhsulu olaraq qəbul etmək doğru olmaz. O filmlər kino sənəti olaraq dəyərləndirilə bilməz. Bilirsiz, kino sənəti tamamilə fərqli sənətdir. Deyək ki, Almaniyada kino sahəsinin inkişafı mərhələsi fərqli idi. İtaliyada kino sahəsinin inkişaf tarixi tamamilə fərqli strukturda inkişaf etdi. Hazırda dövlət kinosuna sərmayə buraxılması ki, müvəqqəti dayandırılıb, kino sahəsinin inkişafından danışmaq mümkün deyil. Böyük sənət əsəri meyarı bu gün yoxdu. Bu gün azbüdcəli, kommersiya xarakterli filmlər çəkilib. Amma onların heç birini ciddi sənət əsəri kimi təqdim edə bilmərik. Elə ona görə də diqqət edin, görün bu kimi kinolarda ciddi sənətkarlar çəkilirmi? Hətta ciddi sənətkarları da dəvət edə bilmirlər. Çünki özünə, sənətinə hörmət edən kino aktyoru o ucuz filmlərdə çəkilməyə razılıq verməz. Statuslu sənətkar o filmlərə çəkilməz. Ona görə də orta səviyyəli və yaxud da öyrənməkdə olan, sənətətrafı gəzən adamlar kino ilə məşğul olur. Mən heç kimin əməyini ucuzlaşdırmaq istəməzdim. Amma bu reallıqdır.

- Bu günlər gənc aktyor Elcan Rəsulov iddialı bir açıqlama vermişdi ki, mən heç də özümü Nəsibə Zeynalova, Səməndər Rzayev, Həsənağa Turabov kimi aktyorlardan zəif hesab etmirəm...

- Bilirsiz, o bunu iddia edə bilər. Biz heç kimə deyə bilmərik ki, nəyə ixtiyarın çatır, ya yox. Hazırda Azərbaycan kinosunda kino kamerası qarşısında dayana bilən, kadra işləyə bilən maksimum 7-8 aktyorun adını sadalaya bilərəm. Az, ya da çox, 26 bədii, 300-dən çox sənədli film çəkən adam kimi bunu deyirəm. Bilavasitə kamera arxasında dayanan adam kimi fikrimi bildirirəm. Kino ciddi sənətdi. Aktyor olmaq ciddi məsələdir. Nəsibə Zeynalovanı, Səməndəri fərqləndirən o idi ki, onlar istənilən halda improvizələrə hazır sənətkarlar, peşəkarlar idi. Onlarla işləmək çox asan idi, çünki işlərində peşəkar idilər. Nəsibə Zeynalovanın "Yuxu” filmindəki improvizələri onun peşəkarlığı idi. Bu gün kadra işləyən geniş amplualı aktyorlar yoxdu.

- Bu gün çəkilən seriallar necə, sizi qane edirmi?

- Bir çox ölkələrdə çəkilən seriallarla bizim bugünkü serialları yan-yana qoymaq olmaz. Ən azı ona görə ki, fərq böyükdü. Qonşu Türkiyədə seriallar çox mükəmməl çəkilir. Onlar ötən əsrin əvvəllərində güclü filmlər çəkmirdilər. Bu gün onlar həm güclü dizilər, yəni seriallar çəkirlər, həm də filmlərə imza atırlar. Seriallar sərmayə gətirir. İlk növbədə onu qeyd edim ki, serial industriyadır. İstər Türkiyədə, istər digər ölkələrdə. Özü də kinodan heç də zəif deyil, deyərdim bir az da güclüdür. Çünki böyük zəhmət tələb edən industriyadır. Onun tamaşaçısı var. İndustriya odur ki, onun tamaşaçısı var. Hamı deyir ki, bizdə kinoinsdustriya yaradılmalıdır. Əvvəla, tamaşaçısı olmayan sahəni industriyaya çevirmək mümkün deyil. Azərbaycanda tamaşaçı qıtlığı var. 9 milyon kino üçün böyük göstərici deyil. Film, tamaşaçı və yenidən film. Tamaşaçıdan gələn gəlir hesabına sən yenidən sərmayə əldə edib film çəkirsən. Bizdə bu yoxdu. 

Xarici ölkələrdə prodüserlər, film prodüserləri fəxrlə deyir ki, mənim büdcəm 240 milyon dollardı. Bizim prodüser fəxr edir ki, mən 90 min pul tapdım, film çəkdirdim, 110 min götürdüm. Mən güclü iş gördüm. Budu fərq. Beyinlərdə inqilab olmalıdır. Nə qədər ki, Azərbaycanda prodüser institutları formalaşmayıb, bizdə nəticə olmayacaq, ciddi kino sənətinin inkişafından söhbət gedə bilməz. Kinoya ciddi yanaşma yaranmalıdır. Bu sxem işləməmiş kinonun inkişafına ümid bəsləmək əbəsdi.

Tahirə







SON XƏBƏRLƏR

2018-08-17