2018-08-14 13:11:45   |   487 dəfə oxunub

"Bu sözləri deyəndən sonra intihar fikrindən daşındı"- Manaf Ağayev


Tanınmış müğənni Manaf Ağayev ötən gün intihar etmək fikrindən daşındırdığı paralimpiyaçı Natiq Hüseynov barədə danışıb.
Müğənni "Ölkə.Az"ın əməkdaşının suallarını cavablandırarkən bildirib ki, ona zəng edilərək əslən Füzulidən olan şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dördüncü mərtəbəsinə çıxaraq intihara cəhd etdiyi deyilib və məhz bundan sonra o, hadisə yerinə gəlib:

"Mənə zəng vurdular ki, Manaf müəllim, Lələtəpə döyüşündə gözdən əlil olmuş üçqat Avropa çempionumuz özünü doğrayır, qan aparır, heç kimin də sözünü eşitmir. Dedim ki, bir az kənardayam. Doğrudan da şəhərdən kənardaydım. Həm də məsələnin mahiyyətinin nədən ibarət olduğunu bilmirəm. Dedim ki, gəlirəm. Gələn kimi camaat məni alqışladı. Soruşdum ki, nə məsələdir? Dedilər ki, bəs bu oğlanın evini söküblər. Əslində, ortada anlaşılmazlıq olub. Yaşadıqları ünvandan məcburi köçkünlərin yarısı köçürülüb, yarısı köçürülmədiyinə görə, Natiq də narahat olub. Soruşdum ki, qardaş, məni tanıyırsan? Dedi ki, tanıyıram, sən Qarabağın erkək oğlusan. Dedim, mən səndən xahiş edirəm, aşağı düş, nə lazımdırsa kömək edəcəyəm. Bu da tanınmış idmançıdır e. Sadəcə, əsəbləşib, gərginlik keçirir".

Manaf Ağayev idmançını intihar fikrindən daşındırmaq üçün dediyi sözlərin nədən ibarət olduğunu da saytımıza açıqlayıb:

"Dedim ki, sənə söz verirəm, problemini həll edəcəyəm. Oradan dedilər ki, heç bir problem yoxdur, hamıya ev verilir. Sadəcə, sədr yeni təyin olunub, siyahılaşma gedir. Ortada sadəcə xırda anlaşılmazlıq olub. Natiq dedi ki, camaat, mən Manafa görə düşürəm. Rövşən müəllim də bildirdi ki, narahat olmayın, mənzillə təmin ediləcəklər. Mən də dedim ki, ay camaat, çox gözəl dövlətimiz, gözəl dövlət başçımız var. Ortada kiçik anlaşılmazlıq olub, kimlərsə məsələni siyasiləşdirməyə çalışır. Hər şey tezliklə qaydasına düşəcək".
Müğənni bəzən fikrinin jurnalistlər tərəfindən təhrif olunmağına da toxunub:

"O gün bir nəfər məndən müsahibə alanda dedim ki, rayonumuzda hörmətim var. Kimsə kimləsə dava edəndə aparırlar ki, aranı sakitləşdirim. Məsələn, avtoqəzada kimsə ölürsə, ağsaqqal kimi araya girib vəziyyəti sakitləşdirməyə çalışıram. Yəni, əlavə hadisələrin baş verməməsi üçün bacardığımı edirəm. Onsuz da belə məsələlərə hüquq-mühafizə orqanları yetərincə ədalətli qiymət verirlər. Həmin "jurnalist" yazıb ki, Manaf Ağayev deyir, Füzulidə ölüm işlərini mən həll edirəm. Mən kiməm ki, ölüm işi həll edim? İnanın ki, bu hadisədə icra hakimiyyətinin rəhbər şəxsləri, məmurlar çox təşəkkür etdilər. Dedilər, biz sənə sənətçi kimi pərəstiş edirdik, amma bu gün necə ağsaqqal, necə kişi olduğunu da gördük".

Qeyd edək ki, ötən gün tanınmış paralimpiyaçı Natiq Hüseynov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edib. M.Ağayevin idmançıyla söhbətindən sonra o, bu fikrindən daşınıb.
Xatırladaq ki. N.Hüseynov dörd otaqlı mənzillə təmin edilib.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20