2018-08-15 16:08:23   |   1195 dəfə oxunub

Mövludu görmüşəm - Ayyət Əhməd yazır



Dünən bir yuxu gördüm. Elegiya kimi bir yuxu... O yuxunu yaşayarkən də, yuxudan ayılıb özümü toxtayarkən də gözümün biri gülür, biri də ağlayırdı. Mövlud girmişdi yuxuma. Ölümü özü ilə 17-ci mərtəbdən üzüaşağı atıb qətlə yetirən Mövlüd. Həm də çörəyini, ruzisini sözdən, daşdan qamqalaq qoparan kimi qoparan qələm əhlini ölümün pəncəsindən alan Mövlüd. Ölümü ilə hamını yaşadan Mövlud. Bilmirəm haradan əyan olmuşdu bu yuxu mənə. 


Nə mənim Mövludla, nə də onun mənimlə dərin münasibəti olub. Sağ ikən yollarımız cəmi bir dəfə kəsişib. O da "Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsində. Xanımı Sevinc Fədai də yanında idi. Həmin vaxt yenicə ailə qurub ocaq çatmışdılar. Hərəsinin qoltuğunda bir qalaq qəzet var idi. Yanılmıramsa, "Ədəbiyyat” qəzetinin redaksiyasını axtarırdılar. Mən isə işdən çıxıb evə tələsirdim. Bir də gördüm ağbənizli cavan bir oğlan yaxınlaşıb soruşdu:

- Qardaş, "Ədəbiyyat” qəzeti bu mərtəbədəmi yerləşir?

- Yox, buradakılar "Respublika” və "Şərq”in redaksiyalarıdır. Siz axtardığınız redaksiya yuxarı mərtəbələrdədir. "Gəlin, göstərim” - söylədim və geriyə dönüb liftə tərəf addımladıq.

- Sən "Şərq”də işləyirsən? Mənim adım Mövluddur, sənin adın nədir ?

- Xəfif bir təbəssümlə adımı öyrənmək istədi.

- Bəli, "Şərq”də çalışıram. Adım Ayyətdir. Tanıyıram səni. Allah xoşbəxt eləsin, bu yaxınlarda toyunuz oldu. Həm də yazı - pozununun birini də gözdən qoymuram.

- Hansı yazımı oxumusan sonuncu dəfə? – Gözlərini üzümə tuşlayıb cavab gözlədi.

- Elə sonuncu dəfə dünən oxumuşam, amma adını unutmuşam yazının. Nənənlə hamama getdiyin yazın hansıdırsa, bax onu...

- Hə, "Qara Bayramı" deyirsən .

Elə bil çöhrəsinə, ümid, sevinc qondu. Gözlərindən qopan üfüq, işıq üz-gözünü günəşə bürüdü. Mağmın-mağmın gülümsünüb Sevincə baxdı, ("Bax, məni oxuyurlar” tövründə bir eyham vurdu) sonra dərhal üzünü mənə tərəf çevirdi.

Deyəsən, yazılarını oxumağım çox xaşuna gəlmişdi...

- O yazıda daha çox hansı məqam yadında qalıb ? – deyə soruşdu.

- Gəlinin "Ay arvad, bu lap böyük kişidir ki.. Bir də bunu özünlə hamama gətirmə "iradına nənənin "nədi, ay qız ondakı şeydən guya heç görməmisənmi” cavabı - deyib, güldüm (gülüşdük)

Söhbətimiz o qədər şirin alındı ki, bir də baxdıq, liftin qabağındayıq. Mən aşağı düşməli idim, onlarsa 8-ci mərtəbəyə qalxmalı idilər. Sağollaşıb ayrıldıq. Mövludla münasibətimin tarixi yalnız bu xoş xatirədən ibarətdir. Amma deyim ki, onun özünü ölümün ağuşuna atdığı o məşum gün gecədən səhərə kimi ilan vuran adam yatmışdı ki, mən gözümü belə qırpmamışdım. Sosial şəbəkələrdən aldığım məlumatlara söykənib onun vaxtilə ən çox qulaq asdığı mahnı və şeirləri (Ahmet Kaya mahnılar, Bəhmən Vətənoğlunun "Darıxıram", Ramiz Rövşənin "Mən küsüb gedirəm") təkrar –təkrar dinləyərək gecəni səhərə için-için, xısın –xısın ağlayıb, pəjmürdə vəziyyətə düşmüşdüm. Mövludgilin toy şəkillərinə baxmışdım, öz toy şəkillərimə heç bu qədər diqqətlə baxmamışam, bəlkə də. Hətta ürəyimdə "Niyə Mövludu əlinlə ölümün cənginə atmısan ? deyə Sevincin qarasınca deyinmişdim. Onun Sevincini qınamışdım.


Hə, qayıdaq yuxuya. Heç bir bəzəmə və mübaliğəyə yol vermədən gördüyümü danışıram:
Mövludla görüşümüz Qazaxda Kolxoz bazarının qabağında, kəndlərə gedən marşrut avtobuslarının dayanacağında, yolun kənarına düzülmüş qara mərmər "bardyur"un üstündə baş tutdu. Saçlarını toyundakı kimi - talvar- daramışdı. İrzi-rəngi dümağ idi. Əynində ağ şalvar, ağ-qara zolaqlı uzun qol kətan köynəyi vardı. Sanki harasa tələsirdi... Salamlaşandan dərhal sonra akademik Kamal Abdulladan söz saldı. "Kamal Abdulla adam kimi adamdır” – deyib söhbəti həyat yoldaşı Sevincin üzərinə gətirdi. "Sevinc Bakıda təkdir, mən də Qazaxda qalmışam gedə də bilmirəm" söylədi və başını ovcuna alıb boynunu kürəyinə sıxıb gözlərini göyün ənginliklərinə zillədi. Və birdən sürətlə məndən uzaqlaşdı. Arxasınca, qaçıb, düz bazarın ortasında (O vaxt həmin yerdə irigövdəli bir xanım peraşki bişirib satırdı. İndi deyəsən o xanım daha orada yoxdur) ona yetişdim.

- "Mövlud, dayan mən də səninlə gedirəm”

- Şəhadət barmağını havaya qaldırıb yellədi və onu sağa-sola əyib "yox” dedi.

- Yaxşı, nömrəni mənə ver səndən müsahibə götürəcəm .

- Cibindən qara rəngdə nimdaş bir telefon çıxarıb, nömrəm budur, yaz –söylədi, dərhal iri və iti addımlarla bazarın arxasına doğru yol aldı.

- Bu anda telefonumun zəngli saatı haray-həşir saldı və yerimdən dik atıldım. Yuxudan oyandım. Oyandım ki, nə Mövlud var, nə bazar, nə də telefon nömrəsi. Amma canım çim suyun içərində idi. Yuxuda sevincimdənmi, həyacanımdanmı bilmirəm yalnız ürəyimin üstünü tər basmışdı. Tər damcıları hətta yorğanüzünü də kövrəltmişdi. Başqaları gözündən ağlayanda mən səni ürəyimdən ağlamışdım, gözəl qardaş.

- Yatağımda uzanıqlı vəziyyətdə özümü toxtadım . Sol qolumu boynumun altına qoyub, sağ əlimin barmaqları ilə də saçlarımın dibini daraya-daraya xeyli düşündüm. Axı, bu gəlişi ilə Mövlud məndən nə istəyə bilərdi ? Bu qaçaraq dialoqdan, təmasdan nə anlayım, nə başa düşüm ? Bu kimi sualların içərisində var-gəl edirdim. Həm də tələsdiyindənmi, həyəcanındanmı bilmirəm, dili topuq vururdu və mənə yarlı-yarımçıqlı o qədər sözlər, cümlələr dedi ki... O kəlmələri birləşdirib bir şey anşırmaqda çətinlik çəkdim.

Ağlıma min cür fikir gəldi, amma yoza bilmədim, daha doğrusu yozmağa heç çalışmadım da.
Əslində bu yuxunu heç qələmə almaq istəmirdim. Düşünürdüm ki, axı buna nə hacət var. Amma içimdəki inadkar bir hiss, bir qüvvə məni rahat buraxmadı. Saat 03:42- də yatağımdan qaldırdı, ki, yuxunu mütləq yazmalısan. İnanın səmimiyyətimə, bu cızma-qaranı mən etmədim. Onu mənə qeyri-müəyyən bir qüvvə yazdırdı. Kim bilir Mövlud yazdırıb, bəlkə də. 

























O Mövlud ki, onu sonuncu dəfə Qazaxda dünyaya göz açdığı doğum evinin arxasında yerləşən ölüm evinin girişindəki qara mərmərdən dinməz, söyləməz, susqun, süst boylanan gördüm. O Mövlud ki, əlinə keçən hər şeyi didib-dağıdan azyaşlı qızım hər "Çətirsiz” kitabını əlinə alanda toppuş barmaqları ilə onun kitabın üz qabığındakı çöhrəsindən nur, ziya süzülən fotosuna sığal çəkir. O Mövlud ki, ömrü də mənə agah olan yuxusu kimi nakam, kəm-kəsir qaldı. O Mövlud ki, o təkcə Sevincindən, Ucalından, ailəsindən, ədəbiyyatından, dost- aşnasından yox, məmləkətindən getdi. Mövlud hamıdan, hər şeydən getdi. Əlisəmid Kürün ən yaxın dostu olan Mövlud.

Haşiyə:

Bu günlərdə Metronun Elmlər akademiyası stansiyasında, qatarın içərisində şair Əlisəmid Kürlə rastlaşdım. Açığı, Mövludla bağlı bu yuxunu paylaşmağa adam axtarırdım. Elə adam ki, o zamanında Mövludu tanımış, anlamış və duymuş olsun. Deyəsən, o adamı tapmışdım. Salamlaşıb hal-əhval tutduq. Yolumuz eyni idi, ikimiz də "Azərbaycan” Nəşriyyatına getməli idik. Əvvəlcə marşruta minəcəyimizi qərara aldıq. Elə ki söhbət Mövluddan düşdü, piyada getməyi düşündük. Mövluddan daha çox danışmaq istəyirdik. Metrodan düz Nəşriyyata qədər olduqca ahəstə adımlarla irəlilədik. Şair yolboyu Mövluddan danışa- danışa gah ayaq saxlayır, gah kövrəlir, gah təəssüflənirdi. Siqareti də ki, közü-közə yandırırdı. "Küki” olayından tutmuş, Mövluda bağışladığı yaşıl şərfdən, ölümündən bir neçə gün əvvəl Əlisəmidi istəməsindən, ölüm xəbərini eşidəndən sonra şairin həyəcandanmı, qəzəbindənmi (heç özü də ad tapıb qoya bilmir) qabaq dişini barmağı ilə qırmasından, həmin dişi həyətindəki banan ağacının kötüyü arasında qoyub ona "Mövlud ağacı" adını verməsindən və başqa yaşantılardan söz açaraq xeyli kədərlənib, Mövludun xiffətini çəkdik.

Mövlud, dünən bildim ki, bu gün doğum günündür. İndi bütün səni yaxından tanıyanlar və ya mənim kimi uzaqdan tanıyıb, bütün yazılarını oxuyanlar səninlə bağlı ya xatirə yazısı yazır, ya da feysbukda xatirə statusu paylaşır. Hamı səninlə yaşanan xatirələrə möhtac qalıb.

Allah heç kimi xatirəyə möhtac qoymasın, Mövlud ! Sənə rəhmət diləyirəm, torpağın yumşaq olsun, gözəl qardaş. Şirin yuxular ! Görüşənədək !








SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21