2018-08-16 14:10:16   |   1043 dəfə oxunub

“Hər bəstəm ruhumun məhsulu olub”

Eldar Mansurov: “Mən pul qazanmaq üçün mahnı yazmamışam”

“Bir çox bəstələrim üçün ümumiyyətlə qonorar, pul almamışam, dostlarıma mahnılarımı hədiyyə etmişəm”


Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurov yay mövsümündə dincəlməyə üstünlük verməyib. Belə ki, bəstəkar hazırda böyük bir layihə üzərində çalışdığını, simfonik orkestr üçün layihə hazırladığını bildirdi. "Şərq”ə açıqlamasında Eldar Mansurov bildirdi ki, üzərində çalışdığı proyekti Azərbaycanda deyil, xaricdə təqdim etməyi düşünür.

Eldar Mansurovla söhbətimiz zamanı maraqlandıq ki, əvvəllər bir çox populyar müğənnilər məhz Eldar Mansurov bəstələrinə müraciət ediblər. Bir çox sənətçilərin populyarlaşmasında məhz Eldar Mansurovun mahnılarının rolu olub. Bu barədə təvazökarlıqla danışan bəstəkar "Mən deyə bilmərəm ki, mənim bəstələrim kimlərisə məşhur edə bilib. Ancaq çalışmışam ki, sənətçinin repertuarında olan bəstələrim onlara uğur gətirsin. Bəli, bir çox sənətçilər vaxtilə mənə müraciət edib, xahiş edirdilər ki, heç olmasa repertuarlarında bir dənə bəstəm yer alsın. 

Mən də istedadı, səsi olan müğənnilərə dəstək olmuşam. Bircə onu deyə bilərəm ki, mən pul qazanmaq üçün mahnı yazmamışam. Hər bir bəstəm ruhumun məhsulu olub. Mahnılarımı pul xatirinə satmamışam. İmkan qədər istedadı olanlarla əməkdaşlıq etmişəm. Çünki bəstələrim mənimçün bala qədər əzizdir. 

Məqsədim, istəyim o olub ki, mahnılarım səslənsin, tamaşaçı bu bəstələrdən zövq alsın, yazdığım mahnılar yaşasın. Əgər pul xatirinə mahnı yazsaydım, hər mahnı üçün müraciət edənə bəstələrimi etibar edərdim. Amma çalışmışam ki, peşəkar, musiqinin ruhunu bilən ifaçılara bəstə verim. 

Bir çox bəstələrim üçün ümumiyyətlə qonorar, pul almamışam, dostlarıma mahnılarımı hədiyyə etmişəm. Brilyant Dadaşova, Mübariz Tağıyev, Aygün Kazımova, Manana ilə illərin dostluğu var. Mən onlarla işbirliyimdən zövq almışam” söylədi.

Eldar Mansurov bu gün səhnədə, efirlərdə səslənən bayağı musiqilərlə bağlı da eyham vurdu: "Əslində mən bu barədə danışmaq istəmirəm. Çünki mənim iradım nəyisə dəyişmir. Əvvəllər səhnəyə gələn hər bir müğənni çalışırdı ki, peşəkar bəstələri repertuarına daxil etsin, peşəkar bəstəkarlarla işbirliyi qursun. Bu gün stereotiplər dəyişib. Peşəkar bəstələrə müraciət edənlər azalıb, bayağı musiqilər efirlərə yer alıb. Bir az bu məsələlər musiqiçi olaraq məni də, elə musiqini sevən hər kəsi də narahat edir. Ümid edək ki, zamanla bu qüsurlar aradan qalxacaq, səhnəyə təsadüflər ayaq açmayacaq”.

Tahirə







SON XƏBƏRLƏR

2018-11-21