2018-08-16 21:23:45   |   397 dəfə oxunub

Qalmaqal böyüyür: Ekspert də Dövlət İmtahan Mərkəzini məhkəməyə verir

" Abituriyentə 7727 - dən topladığı balla bağlı sms gəlib, DİM sədri isə iddia edir ki, imtahan nəticələri fotoşopla düzəldilib"




Təhsil məsələləri üzrə tanınmış eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinə qarşı məhkəmədə iddia qaldıracağını açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bəyanatla Kamran Əsədov özünün Facebook səhifəsində çıxış edib.

"İndi oxuyuram ki, DİM məni məhkəməyə verəcək. Bayaq DİM-in inzibati binasında qurumun rəhbərliyinin iştirakı ilə keçirilən mətbuat konfransında fikrimi dedim. Valideynlər imtahan nəticələri barədə çap olunmuş sənəd və ixtisas seçimi ərizəsinin təsdiq olunmuş sürəti ilə mənə müraciət ediblər. Bundan sonra onların şəxsi razılığı ilə bu məlumatın ictimailəşdirilməsinə qərar verilib". Məni məhkəmə ilə hədələyirlər? Buyurub etsinlər. Əllərində heç bir əsas yoxdur. Amma mənim əlimdə valideynləri tərəfindən təqdim olunmuş sənədlər var" — deyə Əsədov bildirib.

Ekspert qeyd edib ki, mətbuat konfransında abituriyentin valideynləri sözlərini və iddialarını DİM rəhbərinə deyiblər. Hətta valideynlər bu proses və problemin qabarmasında onların maraqlı olduğunu, ekspertlə əlaqəli olmadığını bildirdilər: "Mən ilkin statusda da ittiham irəli sürməmişəm. Mənə daxil olan məlumatı onların razılığı ilə paylaşmışam ki, bu da qanunvericilik aktlarına uyğundur".

Əsədov DİM-ə qarşı məhkəmə iddası qaldıracağını da qeyd edib: "Mən özüm işgüzar fəaliyyətimə xələl gətirdiklərinə, qulluq mövqeyindən istifadə etməklə hədə-qorxu gəldiklərinə görə, onlara qarşı məhkəmə iddiası qaldıracağam. Dediyim kimi, qanunvericilik aktlarına uyğun olaraq mənim fikir, rəy və statuslarımda heç bir qanun pozuntusu yoxdur. Sadəcə olaraq, DİM onların fəaliyyətini bu qədər çox diqqətdə saxladığıma görə narahatdır və buna hər vəchlə maneə olmağa çalışır. Məhkəməyə verirlər? Versinlər. Abituriyent fotoşop edib? Bunu necə müəyyən etmək olar? Buyurun araşdırın. Həmin şəxslər mətbuat konfransında DİM rəhbərliyinin üzünə nə demək istədiklərini dedilər. Ölkədə fikir azadlığı var, məlumat əldə etmək, informasiya yaymaq haqqında qanun var. Mən onların mövqeyini, yəni abituriyentin fotoşop etdiyini yazdım. Nəyi və niyə təkzib edim? Axı DİM — in də iddiası əsassız ola bilər. Bunu məhkəmə ekspertizası müəyyən edə bilər. Abituriyentə 7727 — dən topladığı balla bağlı sms gəlib. Uzun sözün qısası, DİM — in mənə qarşı iddiasının heç bir əsası yoxdur".

Xatırladaq ki, abituriyent Əsgəri İbrahim Əli oğlu yay qəbul imtahanında 596 bal toplaması, lakin bu nəticə ilə ali məktəbə qəbul oluna bilməməsi barədəki iddia qaldırıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bu iddiaya cavab olaraq deyib ki, abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması haqqındakı iddiası qəbul olunmur.

Abbaszadə DİM-ə imtahan nəticələrinin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciətin daxil olmadığını bildirib.

"Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimaiyyətləşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu və yalan məlumat yaydığı üçün bu məlumatı sosial şəbəkələrdə paylaşan ekspert Kamran Əsədov da məhkəməyə veriləcək" deyə DİM sədri bildirib.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatı da yayılıb. Məlumatda bildirilir:

"Dövlət İmtahan Mərkəzi ilk qurumlardandır ki, kütləvi proseslərin idarə olunmasında İKT-nin imkanlarından istifadə edir. Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda təqribən 600 min nəfər iştirak edir. DİM, həmçinin əhaliyə elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Təkcə bir faktı qeyd etmək istəyirik ki, ötən il ərzində DİM-in göstərdiyi elektron xidmətlərdən 7 milyon 383 min, bu ilin iki rübü ərzində isə 5 milyon 319 min dəfə istifadə edilmişdir.

DİM öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.

Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış ("screen" olunmuş) versiyası paylaşılıb. Qeyd edirik ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması ilk olaraq özünü "təhsil eksperti" kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər".

Dövlət İmtahan Mərkəzi media nümayəndələrinə də müraciət edib: "KİV nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, öncə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar".
O qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44772 abituriyent iştirak edib və onlardan 39906 nəfər qəbul olub: "Təqribən 5074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul ola bilərdilər. Qəbul ola bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atırlar və DİM-in nüfuzuna xələl gətirməyə cəhd edirlər".

"Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaqdır" — deyə vurğulanıb.








SON XƏBƏRLƏR

2018-09-25