2018-08-17 16:15:41   |   258 dəfə oxunub

“Xəzərin hüquqi statusu Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək”



"Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyaya imza atılması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək”. 

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, tanınmış ekspert Zaur Məmmədov deyib. Konvensiyanın Azərbaycana qazandıracağı dividentlə bağlı danışan siyasi şərhçi vurğulayıb ki, bu kimi hadisələr sistemli şəkildə əlaqələdir və bir-birindən asılıdır: 

"Son günlər Ermənistan mediasında, erməni ekspertlərin açıqlamasında narahatlıq açıq şəkildə görülməkdədir. Ermənistanın növbəti dəfə mühüm iqtisadi layihədən təcrid olunması düşmən ölkədə böyük təşvişlə qarşılanıb. 

Nəzərə almaq lazımdır ki, Konvensiyanın imzalanmasından sonra 5 dövlət arasında münasibətlər inkişaf edəcək və mövcud problemlər hüquq çərçivəsində öz həllini tapacaq. Həmçinin, bu anlaşma Şimal-Cənub, Şərq-Qərb layihəsinin və "Böyük İpək Yolu”nun inkişafına təkan verəcək. Şübhəsiz ki, Rusiya və Azərbaycan arasında olan yaxınlaşma Ermənistanı narahat etməyə bilməz. Bu yaxınlaşma iki amillə bağlıdır. Birincisi, Ermənistanda Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyi nümayiş etdirməsi, ikincisi isə Rusiya siyasi elitasının Qafqazda əsas müttəfiq və tərəfdaş ölkənin Ermənistan deyil, Azərbaycan olduğunu anlamağa başlamasıdır. Faktiki olaraq Ermənistandan Rusiyaya heç bir xeyir yoxdur. Azərbaycan isə regionun əsas oyunçularından biridir. Azərbaycan həm müsəlman dövlətlərinə, həm də türk respublikalarına rahat çıxış əldə edir. Bizim Rusiyaya iqtisadi və coğrafi baxımdan verə biləcəyimiz çox şey var”.

Məlumat üçün deyək ki, Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya bir çox sahədə Azərbaycana dividentlər gətirəcək. Hələlik əsas məsələ sənədin ratifikasiya olunmasıdır. Ötən gün xarici işlər naziri Elmar Məmmədyarov ratifikasiyanın tezliklə imzalanacağına ümid etdiyini bildirib. Vurğulanır ki, sənədin ratifikasiyasından sonra Konvensiya Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilər. Rusiyalı ekspertlər də bunu gündəmə gətirirlər.

İsmayıl






SON XƏBƏRLƏR

2018-09-24