2018-08-17 19:03:45   |   527 dəfə oxunub

İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir



Məlum olduğu kimi, yeni yaranmış Azərbaycan İlahiyyat İnstitutu bu ildən tələbə qəbulu elan edib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılır. İnstituta islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İnstitutda təhsil ödənişsizdir. Həmçinin tədris ocağı keyfiyyətli tədrisi təmin edəcək yüksək ixtisaslı kadr potensialına malikdir.

Azərbaycanda dinşünas və islamşünas ixtisaslı mütəxəssisləri hazırlamaq üçün təsis olunan İnstitutun yetişdirəcəyi kadrlar gələcəkdə ölkədə müxtəlif sahələrdə dini mütəxəssislərə olan ehtiyacını ödəməlidir. Qeyd edək ki, artıq İnsituta sənəd qəbulu başlanıb və müraciətlər davam edir. Ölkədə fəaliyyət göstərən Qeyri – Hökümət Təşkilatlarının rəhbərləri abituriyentlərə və onların valideynlərinə müraciət edərək Azərbaycanİlahiyyat İnstitutunu seçməyin üstünlüklərini qeyd ediblər. 

Mübariz Göyüşlü, "Müasir İnkişaf” İctimai Birliyinin idarə heyətinin sədri, dialoq.info təhsil saytının baş redaktoru İlahiyyat İnstitutunun yaranması ölkəmizin dini və ictimai həyatı üçün mühüm bir hadisədir və Azərbaycan dövlətinin dinə, dini dəyərlərə verdiyi əhəmiyyətin göstəricisidir. Ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən, müxtəlif dillərə yiyələnən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına böyük ehtiyac var. Belə kadrların hazırlanması dinin insanlara doğru şəkildə çatdırılması, həmçinin din sahəsindəki təhlükəli tendensiyaların qarşısının alınması baxımından böyük zərurət kəsb edir. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu qeyd etdiyim parametrlərə uyğun gələn kadrların hazırlanması üçün lazımi potensiala malikdir. Əvvəla, institutda təhsil pulsuzdur. Bu, ilahiyyatçı olmaq istəyən, lakin təhsil haqqını ödəyə bilməyən abituriyentlər üçün böyük bir şansdır. İkincisi, Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Burada fəaliyyət göstərən alimlər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən və öz sahələrində kifayət qədər biliyə malik olan insanlardır. Azərbaycan İlahiyyat İnstitutu pulsuz və keyfiyyətli təhsillə yanaşı, tələbələrinə ərəb, ingilis, fars və rus dillərini öyrənmək, eləcə də, Erasmus, Mevlana və s. beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə

xarici ölkələrdə davam etdirmə imkanını da verir. Nəhayət, institutdan "islamşünalıq” və "dinşünaslıq” ixtisası üzrə məzun olan tələbələrin gələcəkdə işlə təmin olunması da nəzərdə tutulur. Hesab edirəm ki, bütün bunlar kifayət edir ki, abituriyentlər Azərbaycan İlahiyyat İnstitutunu seçib, ali təhsillərini burada alsınlar.

Çingiz Bayramov, "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri

Cənab Prezidentin sərəncamı ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dini maarifçilik sahəsində mühüm strateji əhəməmiyyət daşıyan bir qurumdur. Abituriyentlərin bu institutda istər İslam, istərsə də digər səmavi dinlər sahəsində düzgün təhsil almaları və bu dinləri bir elm kimi öyrənmələri onların cəmiyyətimiz üçün sağlam kadr kimi yetişməsində mühüm rol oynayacaq. Eyni zamanda Aİİ Azərbaycan xalqının tolerantlığının göstəricisi olan bir elm ocağına çevriləcək, həmçininin regionda da İslamın düzgün təbliği istiqamətində bir nümunə olacaqdır. İnanıram ki, bu instituta qardaş Türkiyə başda olmaqla digər müsəlman ölkələrindən də təhsil almaq üçün tələbələr gələcək. Azərbaycan İlahiyyat İnstitutunda yüksək səviyyəli təhsilin verilməsini təmin edəcək savadlı kadr potensialı vardır. Aİİ-də təhsilin ödənişsiz olması dövlətimizin Azərbaycan gəncliyinə qayğısının göstəricisidir.

Ceyhun Musaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, Jurnalist Ekspert Mərkəzinin sədri, "Tərəqqi” medalı mükafatçısı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizin ictimi-siyasi həyatında mühüm hadisədir. Azərbaycan dünyəvi ölkə olmaqla yanaşı, əhalisinin əksəriyyəti islam dininə sitayiş edir. Ölkədə dinlə dövlətin ayrı olmasına baxmayaraq, dövlət daim dini mühitin sağlam formalaşmasına yaxından və böyük dəstək göstərir. Azərbaycanda nəinki İslam dini, digər dinlərin daşıyıcıları da tolerant mühitdə eyni hüquqlu vətəndaş kimi yaşayırlar.

İlahiyyat İnstitutunun yaradılması dövlətin dinə göstərdiyi qayğının davamıdır. İnstitut tələbələrə bir çox üstünlüklər vəd edir ki, bunların sırasında ödənizşsiz əsaslarla ali təhsil almaq, İslam dini ilə bərabər səviyyədə digər dünya dinləri barədə akademik savad vermək və müxtəlif xarici dilləri tədris etmək var.

Azərbaycanlı gənclərin İslam dinini mükəmməl bilmələri və onun dəyərlərini sağlam əqidəyə söykənərək təbliğ etmələri cəmiyyətin inkişafına bir başa təkandır. İlahiyyat İnstitutu tələbələrə akademik təhsil verib, onların ali savadlı olmasını təmin etməklə yanaşı, həm də hərtərəfli vətəndaş kimi

yetişmələrinə çalışacaq. İnstitutun rəbərliyi və kollektivinin bu müqəddəs işin öhdəsindən layiqincə gələcəyinə bütün qəlbimizlə inanırıq.

İlahiyyat İnstitutunun ilk məzunları olacaq gənclər Vətənə bağlılığı, dövlətə sədaqəti, cəmiyyətə sevgiləri ilə sözün bütün mənalarında fərqlənəcək və bu fərq cəmiyyətin sağlam təməllər üzərində inkişafında özünü göstərəcək.

İlahiyyat İnstitutunu seçəcək məzunları indidən təbrik edir, gələcəkdə xalqın onların peşakar fəaliyyətindən faydalanacağına əminliyimi ifadə edirəm.

Asim Vəliyev, "Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını yüksək qiymətləndirirəm. Cəmiyyətimizdə mövcud dini biliklərin yanlış dini cərəyanların təsiri nəticəsində düzgün formalaşmaması, bu sahədə milli kadrların azlığı və dinin bəzən düzgün təbliği olunmamasını nəzərə alsaq, Azərbaycan İlahiyyat İnsititunun yaradılmasının təqdirəlayiq bir addım olduğunu hesab edirəm. Bu təhsil ocağının fəaliyyət göstərməsi yüksək ixtisaslı kadrların yetişdirilməsinə öz töhfəsini verəcək. Beləliklə də ölkəmizə din sahəsində heç bir xarici dairə mənfi fikirlər aşılaya bilməyəcək. Eyni zamanda yeni yaradılan institutda ölkəmizin adət-ənənələri, milli-mənəvi dəyərləri, müxtəlif dinlər haqqında informasiyalar və islam dininin əsasları elmi şəkildə bütün gənclərimizə öyrədiləcəkdir. İnstitut dini elmləri dərindən mənimsəmək istəyənlərə geniş imkanlar yaradacaqdır. Həm də tədris zamanı tələbələrə müxtəlif xarici dillər öyrədiləcək, müxtəlif xarici ölkələrin tədris mərkəzləri ilə də sıx əməkdaşlıqlar qurulacaqdır. İnistitutun heyətinə uğurlar arzu edirəm.

İlqar Orucov, fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri

Dövlət başçımızın 9 fevral 2018-ci il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması tapşırılmış və yeni təhsil müəssisəsi artıq fəaliyyətə başlamışdır. İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün xeyli əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. Xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslər, din-dövlət münasibətlərinin kəskinləşməsi, dünyada süni şəkildə dini qarşıdurmaların və radikalizmin formalaşdırılması daha çevik, ağıllı və düşünülmüş qərarlar qəbul etməyi diktə edir. Müxtəlif siyasi mətbəxlərdə insanların dini inanclarınınməqsədli şəkildə yanlış formada idarə edilməsi cəmiyyətin dini baxımdan savadlı, bilikli və məlumatlı olmasını tələb edir. Xüsusilə, dövlətin milli təhlükəsizliyinin mühüm tərkib elementlərindən biri kimi bu faktor hazırda xeyli aktualdır. Ölkəmizdə dini

təhsil almağa həvəsi olan gənclərimiz arzularını gerçəkləşdirmək məqsədilə digər dövlətlərə üz tuturdular və bir çox hallarda biz bu prosesin əks effektini görürdük. Təəssüflə qeyd etmək lazımdır ki, həmin dövlətlərdə bir çox hallardaməqsədli şəkildə gənclərimiz müxtəlif təsirlə məruz qalırdılar. Digər tərəfdən, dini baxımdan insanlarımızın bəzən ifrat savadsızlığının şahidi oluruq. Burada da dini mərasimləri həyata keçirən, bunu fəaliyyət növü seçən insanların yerində olmaması özünü aydın göstərir. Bu gün savadlı dini kadrların hazırlanmasına və onlardan ölkəmizdə dini fəaliyyətin həyata keçirilməsi məqsədilə istifadə etməyə böyük zərurət vardır. 

Hesab edirəm yaradılmış yeni institut bu istiqamətdə faydalı nəticələr ortaya qoyacaqdır. Həmçinin, institutda təhsilin ödənişsiz olması, dünyanın qabaqcıl elmi müəssisələri ilə əməkdaşlığın nəzərdə tutulması, eləc ədə bütün dinlər üzrəvə təhsilin daha yüksək (magistratura və doktorantura) pillələrində yüksək ixtisaslı kadr hazırlığının planlanması bu elm ocağının uğurlu gələcəyindən xəbər verir. Fikrimcə yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək, dini fəaliyyətin təşkili prosesi üçün savadlı, bilikli kadrların hazırlanması məqsədilə növbəti tədris ilində tələbə qəbulu planının artırılması vacibdir.






SON XƏBƏRLƏR

2018-11-15