2018-08-29 09:27:53   |   429 dəfə oxunub

“Azərbaycan hərbçilərinin Zəfər Bayramı tədbirlərində iştirakı arzuedilən olardı”

Seymur Əliyev: “Hərbi paradlarda qarşılıqlı iştirakın ənənə halına salınmasında fayda var”


İki gündən sonra - 30 avqust tarixində qardaş Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunacaq. Xatırladaq ki, məhz bu tarixdə Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında türk ordusunun irimiqyaslı hücum əməliyyatı zəfərlə sonuclanıb, düşmən qoşunları üzərində qəti qələbə əldə edib.

Siyasi yazar Seymur Əliyev qarşıdakı Zəfər Bayramı ilə bağlı maraqlı təkliflə çıxış edib. Cari ilin 26 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü il bağlı keçirilən tədbirlərdə Türkiyə Ordusunun də bir qrup hərbçisinin iştirak etdiyinə diqqət çəkən yazar, Azərbaycan hərbçilərinin də Zəfər Bayramı ilə bağlı keçirilən tədbirlərdə iştirakının arzuedilən olduğunu vurğulayıb:

"Bu il 26 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü ilə bağlı Bakıda keçirilən möhtəşəm paradda Azərbaycan hərbçiləri ilə yanaşı, qardaş Türkiyə ordusunun da bir qrup hərbçisi iştirak etdi və bununla da bir kəs daha Azərbaycan-Türkiyə qardaşlığının əzəli-əbədi olmasının mesajını verdi. Bu parad Azərbaycan və Türkiyəyə münasibətindən asılı olmayaraq bütün dünyaya göstərdi ki, "Bir millət iki dövlət” ifadəsi bütün sferalarda praktiki baxımdan öz əksini tapan bir şüardır və bu iki dövlət bir bütövün iki ayrılmaz tərkib hissəsi kimi bütün sahələrdə bir-birinin yanındadır.

Düşünürəm ki, bu baxımdan Azərbaycan hərbçilərinin də Türkiyədəki Zəfər Bayramı tədbirlərində iştirakı arzuediləndir. 

Ümumiyyətlə, bu addımın ənənə halına salınması, hər iki ölkədəki hərbi bayramlarda bu cür qarşılıqlı iştirakın təmin edilməsi həm dünya dövlətlərinə mütəmadi surətdə verilən birlik mesajı kimi, həm də iki ölkə arasındakı mənəvi-psixoloji bağlılığın gücləndirilməsi baxımından əhəmiyyətli olardı. Hesab edirəm ki, bu amil bu il olmasa da, qarşıdakı illərdə nəzərə alınmalı və hərbi paradlarda simvolik olaraq birgə iştirak istiqamətində addımlar atılmalıdır”.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18