2018-08-29 16:04:16   |   242 dəfə oxunub

Rus sektoruna axın zərərlidir: uşaqlar milli bazadan uzaqlaşıb başqa xalqın nəzəriyyəsinin təsirinə düşürlər


Azərbaycanın ümumtəhsil məktəblərində rus bölməsində yerlərlə bağlı çatışmazlıqlar müşahidə olunur. Uşaqlarını 1-ci sinfə göndərən onlarla valideyn qarşılaşdıqları bu problemlə bağlı narazılıqlarını bildiriblər. Uşaqlarını onlayn qeydiyyatdan keçirən valideynlər onları müvafiq yerlərə yerləşdirə bilməyiblər. Çünki uşaqların məktəblərə onlayn qəbulu prosesi yazda başlayıb və indiyədək rus bölməsindəki bütün siniflər komplektləşib.

Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin Abşeronda uşaqların məktəblərə qəbulunu həvalə etdiyi Bakı şəhər Təhsil İdarəsi valideynlərə öz uşaqlarını Azərbaycan bölmələrinə qeydiyyata saldırmağı tövsiyə edib.

Təhsil Nazirliyindən bu məsələ ilə bağlı ətraflı məlumat verilmədiyi üçün bu qeyri-müəyyən vəziyyət valideynləri ciddi şəkildə narahat edir. Onlar uşaqlarını məktəblərə necə qoyacaqlarını bilmirlər. Məktəblərdə dərslərin başlamasına - 15 sentyabr tarixinə isə çox az vaxt qalıb. Eyni zamanda, valideynlər öz uşaqlarına da heç cür izah edə bilmirlər ki, onları niyə məktəbə götürmürlər.

Yaşanan bu problemlər son illər Azərbaycanda ümumtəhsil məktəblərinin rus bölməsinə marağın xeyli artmasının göstəricisidir. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb.

Pedaqoqlar hesab edir ki, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Ailələri rus dilində təhsilə meyilləndirən əsas səbəblərdən birinin də rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlı olduğu güman edilir.

Azərbaycanda orta məktəblərin ümumi sayının 4472 olduğunu xatırladan təhsil eksperti Kamran Əsədov deyib ki, 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir: "Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir”.

K.Əsədov gənclərin xarici dilləri bilməsinin müsbət hal olduğunu hesab edir, amma rusdilli məktəblərə meylin artmasının zərərli olduğunu deyib

"Azərbaycanlı ailədən olan uşaq öz dilində deyil, yabançı dildə oxuyur. Füzulini, Nizamini və digər Azərbaycan dahilərini, mütəfəkkirlərini tanımır. Öz folklorundan xəbəri yoxdur. Milli bazadan uzaqlaşıb ayrı bir xalqın nəzəriyyəsinin təsiri altına düşür. Əlbəttə, bu axının ziyanı çoxdur. Fikrimcə, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Bəzi ailələrdə valideynlər özləri rus dilini bilməsə də, övladının rus bölməsində oxumasını istəyir. Lakin evində rus dilində danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaşanır. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər”.

Təhsil ekspertinin sözlərinə görə, problemdən çıxmaq üçün Azərbaycan bölmələrində rus dilinin tədrisi gücləndirilməlidir: "Hazırda elə məktəblər var ki, rus dili həftədə 1 saat belə tədris edilmir. Təklif edirəm ki, məktəblərdə 5-ci sinifdən başlayaraq həftədə 2 saat rus dili tədris olunsun. Düşünürəm ki, evdə nə ata, nə də ana rus dilini bilmirsə, üstəlik, uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir. Uşaq bilməyəcək ki, dili öyrənsin, yoxsa müəllimin öyrətdiklərini mənimsəsin. Rus bölməsində sinifdə müəllim ancaq rus dilində danışır. Dili bilməyən şagird dərsin izahını da qavramayacaq”.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24