2018-08-29 16:32:57   |   371 dəfə oxunub

Nəvəsi ilə eyni gündə doğulan jurnalist: “Keşməkeşli, məşəqqətli həyat yolu keçmişəm”

Yadigar Məmmədli: "Mən həyatımı şüurlu şəkildə yaşamışam və indi də fəxr edirəm, qürur hissi keçirirəm"




Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədlinin bu gün 57 yaşı tamam olur. Bu münasibətlə "Şərq” qəzeti olaraq, Yadigar müəllimə zəng edib təbriklərimizi çatdırdıq.

Doğum günü təəssüratlarını bizimlə bölüşən Y. Məmmədli deyib ki, artıq 3 ildir, ailəsində 29 avqust tək onun deyil, nəvəsi Dənizin də doğum günüdür....

- Ona görə, nəvəm dünyaya gələndən indiyə qədər ad günlərimizi ailədə, dostların, qohumların əhatəsində keçirmişik. Bu gün də əvvəlki illərdə olduğu kimi, daha çox nəvəm üçün təbrikləri qəbul edəcəyik.

- Yola saldığınız bu 57 il sizdən nə apardı və sizə nə verdi?

- Geriyə dönüb baxanda, bəzi addımlarımın daha məqsədli, daha qətiyyətli, uğurlu olduğunun fərqinə varıram. Amma bununla bərabər, boşa xərclənən zamanlarımız, anlarımız da olur. Fakt faktlığında qalır ki, bu 57 il yaşanıb. Mən həyatımı şüurlu şəkildə yaşamışam və indi də fəxr edirəm, qürur hissi keçirirəm. Bütün səhvlərimlə, çətinliklərim və problemlərimlə bir yerdə yaşamışam. Qənaətim budur ki, çox şərəfli ömür yolu keçmişəm.




Ötən əsrin sonlarında bir quruluşun dağılması, yeni hakimiyyətin, yeni idarəçiliyin formalaşdığı mühitdə yaşadıq. Fəaliyyət göstərdiyim jurnalistika sahəsində də bir çox problemlərlə, çətinliklərlə qarşılaşdım. Keşməkeşli, məşəqqətli həyat yolu keçmişəm. Lakin yenə də xatırlayanda qürurlu hislər yaşayıram, xoş təəssüratlara qapılıram. Yaşadıqlarımdan peşmançılıq hissi keçirmirəm.

- Bundan sonra işlərinizdə, şəxsi həyatınızda planlarınız nələrdir?

- Daha çox jurnalistika sahəsindəki təcrübələrimi gənclərə yaymaq haqqında düşünürəm. Elə bu məqsədlə ara-sıra Bakı Dövlət Universitetində, əksərən isə Azərbaycan Dillər Universitetində tələbələrə dərs verirəm. Jurnalistika sahəsində bir çox problemlər var. Onlardan biri də jurnalistin sərbəst şəkildə informasiya əldə etmək imkanlarının məhdudluğudur. Bu kimi problemlərin aradan qaldırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına ehtiyac var. Mən də bir jurnalist kimi həmin məsələlərdə fəaliyyətimi davam etdirməyi düşünürəm. Demokratik Jurnalistlər Liqası və üzvü olduğum Mətbuat Şurası səviyyəsində sözügedən problemlərlə bağlı daha çox işlərə imza atmaq niyyətindəyəm.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23