2018-08-30 19:38:48   |   242 dəfə oxunub

Bakıda növbəti bağça zorakılığı: 2 yaşlı uşaq onurğasından yumruqlandı, komitə hərəkətə keçdi - FOTO

2 yaşlı körpə paytaxtda fəaliyyət göstərən "Nərgiz” uşaq bağçasında zorakılığa məruz qalıb. Bu barədə körpənin atası Pərvin Şükürzadə sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, bağçada uşağın onurğa nahiyəsinə 3 dəfə yumruqla vurublar:

"2 yaşı yenicə olmuş, hələ danışa bilməyən körpə oğlum Yasamal rayonunda yerləşən özəl "Nərgiz” uşaq bağçasında zorakılığa məruz qalıb. Zorakılıq barədə hüquq-mühafizə orqanlarına müraciət olunsa da, bağça rəhbərliyi hadisəni törədənin şəxsiyyətini ört-basdır edir. Təsəvvür edin, hadisədən 10 gün keçib, amma körpəni döyən şəxs bağçada rahat işləməyə davam edir.

Hadisə 21 avqustda baş verib, uşağı birbaşa bağçadan evə gətirmişəm, evdə özünü anormal aparıb, biz də şübhələnib bədəninə baxmışıq. Gördüklərimiz dəhşətdir. Zərbə yerinə müxtəlif həkimlər baxıb və uşağa yumruqla zorakılıq edildiyini təsdiqləyiblər. Yumruq izlərinin ölçüləri qadın əlinə xarakterikdir”.

Pərvin Şükürov övladının kamera olmayan otaqda döyüldüyünü bildirib:

"Bağçadakı müşahidə kameraları da heç nə vermədi. Əvvəla, kameralar bütün otaqları, köşk (besedka), dəhliz və tualetləri əhatə etmir, ikincisi də balamı müşahidə edən kamera guya ki, saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. Belədə də, 2 yaşlı, danışa bilməyən bir körpəyə 3 yumruq vuraq soyuqqanlı manyakın kamera altında uşaq döyməsi inandırıcı deyil.

Birmənalı olaraq uşağımı kameralar olmayan yerlərdə döyüblər. Ssenari klassikdir - kamera altında sevgi göstərmək, kamera olmayan yerdə döymək. Bu hadisə ilk deyil – bundan əvvəl də uşaq müxtəlif xəsarətlə evə gəlirdi, bu barədə bağçaya xəbər vermişik, deyiblər xəbərimiz yoxdur, ola bilməz. Yenə də bir valideyn olaraq onlara inandıq. Amma daha inanmıram”.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən bağçanın əməkdaşı Sevər Hüseynova bildirib ki, Pərvin Şükürzadənin dedikləri həqiqəti əks etdirmir:

"Bizim bağçada döyülmə hadisəsi olmayıb, ola da bilməz. Daimi onlayn izləmə kamerlarımız var. Kameralarımızın saat 17:00-a qədər çalışaması da yalan məlumatdır. Kamera 24 saat çalışır və valideynlərin özləri də telefonları vasitəsi ilə övladlarını izləyə bilirlər. Hüquq-mühafizə orqanları bağçada araşdırma aparıb və iddia təsdiq olunmadığı üçün məsələyə son verilib. Bununla bağlı ekspert rəyi də var. Valideyn kimin əl izini orada gördü, nəyə əsasən belə iddia irəli sürür və məqsədi nədir, bilmirik. Onun belə reklam yaymağının səbəbini də biz özümüz araşdırırıq”.

Qeyd edək ki, sözügedən olay sosial şəbəkə istifadəçiləri arasında şok effekti yaradıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yasamal rayonunda yerləşən "Nərgiz" uşaq bağçasında 2 yaşlı David Şükürzadənin döyülməsi ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Dövlət Komitəsindən Report-a bildirilib ki, hazırda məsələyə hüquqi qiymətin verilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

"Əgər məsələ kütləvi informasiya vasitələrində işıqlandırılıbsa, sözsüz ki, hüquq-mühafizə orqanları tərəfindən də məsələyə baxılaraq hüquqi qiymət veriləcək", - Dövlət Komitəsindən vurğulanıb.






SON XƏBƏRLƏR

2018-09-24