2018-08-31 15:20:13   |   542 dəfə oxunub

Azər Rəşidoğlu: "Biz Moskvanın köləsi olan ermənilərin daxili işlərinə qarışmırıq" - MÜSAHİBƏ

"Ötən ilin “aprel döyüşləri” də göstərdi ki, hərbi yol ilə də torpaqlarımızı azad edə bilərik"




Son günlər Ermənistanın bir sıra mətbuat orqanları sensasion məqalələrlə İrəvana ciddi xəbərdarlıq edirlər. Xəbərdarlıq rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olma ehtimalının Ermənistan üçün hərtərəfli, xüsusən Dağlıq Qarabağ məsələsində ağır nəticələrə gətirib çıxaracağı ilə bağlıdır. Düşmən mətbuatı bu yaxınlarda KTMT-də təşkilatın sıralarının genişlənməsi və yeni üzvlərin qəbulu məsələsinin müzakirə olunduğunu, digər ölkələrin müşahidəçi statusu ala biləcəyi ilə bağlı iddialar dərc ediblər. 

Erməni ekspertlər hesab edirlər ki, Azərbaycanla bağlı ciddi müzakirələr Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təhlükəlidir və İrəvan üçün yaxşı heç nə vəd etmir. Vurğulanır ki, KTMT-nin baş katibi Yuri Xaçaturov ətrafında baş verən proseslər də bir növ Azərbaycana "yaşıl işıq” yandırıb. Xatırladaq ki, Azərbaycan ictimaiyyətində də yeni geosiyasi şərtlər daxilində rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını istisna etməyənlər var. Onların fikrincə, 90-cı illərin əvvəllərində sözügedən təşkilatda təmsil olunan Azərbaycan yenidən quruma qayıda bilər. Lakin ictimaiyyət nümayəndələrinin əksəriyyəti buna qarşı çıxırlar. Bildirirlər ki, Ermənistan işğalçı dövlətdir və hazırda bu ölkə ilə müharibə şəraitində yaşayırıq. Torpaqlarımız işğal altında olduğu müddətcə, Ermənistanın təmsil olunduğu hansısa təşkilata üzvlükdən söhbət belə gedə bilməz.

Proseslərlə bağlı "Şərq”ə danışan tanınmış siyasi şərhçi Azər Rəşidoğlu da hesab edir ki, indiki şəraitdə belə bir addımın atılması mümkünsüzdür...

- Azər bəy, hazırda müzakirə olunan məsələlərdən biri Azərbaycanın KTMT-yə üzv olması və Ermənistanın buna veto qoyacağı ilə bağlı "hədəsidir”. Sizcə, hansısa şərtlər daxilində rəsmi Bakının təşkilata girməsi mümkündürmü?

- Məncə, yox. Azərbaycan KTMT-yə üzv olmayacaq. Hesab edirəm ki, İrəvanın qorxusu əbəsdir. Bakı NATO-nu qıcıqlandıracaq addımlar atmaq istəməz.

- Münaqişənin xeyrimizə həlli üçün Moskva ilə yaxınlaşmanın zəruri olduğunu söyləyirlər. Xüsusən İrəvan-Moskva gərginliyi fonunda bunu fürsət kimi dəyərləndirirlər. Moskva ilə yaxınlıq sadəcə KTMT və ya Avrasiya İttifaqındanmı keçir?

- İrəvan Rusiyanın forpostudur. Rusiya heç bir halda öz vassalını qoyub, Azərbaycanı müdafiə etməz. Reallıqda biz ermənilərlə deyil, Rusiya ilə savaşmışıq. Əgər Moskva iddia etdiyi kimi səmimidirsə, o halda Qarabağı işğalçılardan təmizləsin. Kreml rəhbərliyinin bir kəlməsi ilə separatçılar işğal etdikləri əraziləri dərhal, qeyd-şərtsiz azad edərlər. Hazırda Moskva erməni baş nazir Nikol Paşinyanı devirmək istəyir. Biz Moskvanın köləsi olan ermənilərin daxili işlərinə qarışmırıq. Ona görə də bu oyunlarda Bakıdan istifadə edə bilməzlər. Ötən ilin "aprel döyüşləri” də göstərdi ki, hərbi yol ilə də torpaqlarımızı azad edə bilərik.

- Belə çıxır ki, müşahidə olunan Ermənistan-Rusiya, daha doğrusu, Paşinyan-Kreml gərginliyi münaqişənin həlli baxımından Bakıya müsbət heç nə vəd etmir?

- Bakı yalnız beynəlxalq hüquqa və öz hərbi gücünə arxayın olmalıdır. Reallıq odur ki, Moskva və ya İrəvan işğal etdikləri əraziləri öz xoşları ilə azad etməyəcək. Bunu gözləmək əbəsdir.

- Almaniya kansleri Angela Merkel Azərbaycana səfəri zamanı Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verəcəyini bəyan etdi. Rəsmi Berlinin münaqişənin həllində iştirakı mümkündürmü?

- Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas beynəlxalq qurum ATƏT-in Minsk Qrupudur və Almaniya da bu Qrupun üzvüdür. Bu baxımdan Berlinin münaqişənin həllinə töhfə verəcəyi istisna deyil. Almaniya təkcə münaqişənin həllində vasitəçi kimi yox, həm də münaqişənin həllində iştirak edən tərəflər arasında vasitəçilik kimi bir missiya həyata keçirə bilər. Bu gün belə bir fikir səsləndirilir ki, Avropa Birliyi münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər. Fransa danışıqlar prosesində Avropa Birliyini təmsil edir. Lakin Avropa Birliyinin əsas ölkəsi Almaniyadır. ATƏT-in Minsk Qrupunun 3 həmsədri var - Rusiya, ABŞ və Fransa. Bu üç dövlət təəssüf ki, Ermənistana münasibətdə neytral sayılmır. Onlardan ikisi Ermənistanla etno-siyasi (bu ölkələrdə böyük erməni elektoratları var), digəri isə geosiyasi öhdəliklərlə bağlıdır. Birinci iki dövlət - ABŞ və Fransa maksimum dərəcədə çalışırlar ki, bunu prosesdə sezdirməsinlər. Amma üçüncü dövlət - Rusiya Ermənistanla özünün hərbi-siyasi və geosiyasi ittifaqını heç vaxt ört-basdır etmək niyyətində olmayıb. Onun təmsilçiləri həmişə bəyan ediblər ki, Ermənistan onların hərbi-siyasi müttəfiqidir. Həmsədrlərin sayının artırılması bu baxımdan önəmlidir.

- Həmsədrlərin sayının artırılması nə qədər realdır?

- Həmsədrlərin sayının artırılması məsələsi ATƏT-in Budapeşt sammitindən başlandı. O vaxt Rusiya ikinci həmsədr oldu. Daha sonra isə həmsədrlərin sayı üçə çatdırıldı. Prinsipcə, bu proses davam edə bilər. Elə Ukrayna prosesinin nizamlanması da göstərir ki, geniş siyasi formatlar da mümkündür. Ziddiyyətlər olsa da, müəyyən iqtisadi çətinliklər yaşansa da, Avropa Birliyi artıq dünya siyasətinə və böyük proseslərdə iştiraka kart-blanş alıb. Bunu müəyyən mənada Almaniyanın da uğuru hesab etmək olar. Lakin yenə də əsas söz Vaşinqton və Moskvadadır.

İsmayıl






SON XƏBƏRLƏR

2018-09-24