2018-08-31 15:34:10   |   523 dəfə oxunub

“Bu dəhşətli bir faciənin anonsudur" - Deputat araq içib sağlıq deyən uşaqların videosuna kəskin reaksiya verdi

Sosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb. Yayılan videoda onların araq içdiyi əksini tapıb.
Kriminal aləmdə olan "qardaş”larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmayıb. Qeyd edək ki, bu hadisə ilk deyil. Biz dəfələrləd azyaşlı uşağa içki içirilməsinin, siqaret çəkdirilməsinin şahidi olmuşuq. Bunu edən dırnaqarası böyüklər zarafat, əyləncə məqsədi ilə etdiklərini düşünürlər. Əslində isə uşağın mənəviyyatını korlamış olurlar.

Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, videoda uşaqların içdiyinin spirtli içki olmadığı aydın görünür: 

"Sadəcə uşaqlar öz aralarında tamaşa qurublar. Bunu da kimsə hansısa məqsədlə sosial şəbəkələrdə paylaşıb. Çox guman ki, videonun paylaşılması məşhur olmaq məqsədi daşıyır. Baxanda da görünür ki, içilən spirtli içki deyil. Çünki azyaşlı rahatlıqla spirtli içkini o formada içə bilməz”.

Pərviz Əliyev bildirib ki, əgər həqiqətən də içilən spirtli içkidirsə, bu zaman valideyn məsuliyyət daşıyır: "Qanunvericiliyə əsasən, valideynə müvafiq qaydada yerli icra hakimiyyəti orqanın qəyyumluq komissiyası tərəfindən cərimə və xəbərdarlıq edilir. Əgər eyni hadisə təkrarlanarsa uşaqlar valideynlərdən alına bilər. Qanunvericilikdə bütün bu məsələ nizamlanır. Sadəcə, o uşaqların hansı rayondan olmasını və kimlə yaşadığını müəyyənləşdirmək lazımdır. Bunu da təbii ki, aidiyyatı orqanlar müəyyənləşdirməlidir. Bu cür yayılan videolar uşaqlar üçün zərərlidir. İlk öncə bunu yayanlar məsuliyyətə cəlb edilməlidir”.

Sözügedən videonu izləyən millət vəkili Fazil Mustafa bu hadisəni kəskin tənqid edib və ciddi skandal kimi qiymətləndirib. Onun fikrincə, bu hadisə araşdırılmalı və aidiyyatı qurumlar tərəfindən lazımı reaksiya verilməlidir

"Ola bilsin ki, bu "məclis”dən böyüklərin xəbəri yoxdur. Uşaqlar özləri təşkil edib, amma bu o demək deyil ki, günahkar uşaqlardır. Uşaq, neynəsin? Gözünü açıb, evdə, televizorda, küçədə ancaq arağın, siqaretin reklamını görür. Bütün təhsil ocaqlarının qarşısında qəlyanxanalar açılıb. Uşaqları zəhərləyən bu insanlar heç bir məsuliyyət daşımadan pul qazanırlar. Əgər total olaraq dövlət qurumları və cəmiyyət bu kimi hadisələrə reaksiya verib, qarşısını almasa belə də davam edəcək”.

Millət vəkilinin sözlərinə görə, rayonlarda çindən gətirilən həb formasında dərmanlar satılır. 13-14 yaşlı uşaqların xeyli hissəsi bu cür zərərli vasitələrə aludə olublar:

"Bu dəhşətli bir faciənin anonsudur. Yeganə toplumuq ki, özümüzə ziyan olan hər şeyi başlı- başına buraxırıq. Əhalinin xeyli hissəsi onkoloji xəstəlikdən əziyyət çəkir, çünki biz ən zərərli qidalardan, içkilərdən istifadə edirik. Sağlamlığımızın, gələcəyimizin qeydinə qalmağı lazımsız hesab edirik. Uşaqların içdiyinin araq yox, su olduğunu iddia edirlər. Lap olsun su. Burada əsas problem uşaqların araq məclisini təlqin etməsidir. Deməli, onların yanında ataları, əmiləri bu hərəkəti edib. "Yaxşı qardaşlar”ın sağlığına deyilən sözlər də onların xoşuna gəldiyi üçün yadaşlarına hopub. Qarnını otaran valideynlər qadına, uşağa baxmadan arağı- arağın arxasınca içir. Uşağın beyni ağ səhifədir, valideyn nə tökür, onlar da yığır. Bu mənada uşaqların atdığı hər addıma görə valideyn məsuliyyət daşıyır”.

Şəymən






SON XƏBƏRLƏR

2018-09-24