2018-08-31 20:49:18   |   233 dəfə oxunub

Bağçada uşağın döyülməsi ciddi araşdırılmalıdır: "Fakt doğrudursa, bunu edən şəxsə ağır cəza verilməlidir"

Bu günə qədər azyaşlı uşaqlara, orta məktəb şagirdlərinə qarşı zorakılıq halları və müxtəlif təzyiqlərlə rastlaşmışıq. Buna baxmayaraq, nədənsə günahkar olan tərəf hər zaman baş verənləri təkzib edərək məlumatın yanlış olduğunu bildiriblər.

Oxşar hadisə paytaxtda fəaliyyət göstərən "Nərgiz” uşaq bağçasında qeydə alınıb. 2 yaşlı körpə zorakılığa məruz qalıb. Körpənin valideynləri bağçada uşağın onurğa nahiyəsinə 3 dəfə yumruqla vurulduğunu bildiriblər. Körpənin atası Pərvin Şükürzadənin sözlərinə görə, zorakılıq barədə hüquq-mühafizə orqanlarına müraciət olunsa da, bağça rəhbərliyi hadisəni törədənin şəxsiyyətini ört-basdır edir: 

"Hadisədən 10 gün keçib, amma uşağı döyən şəxs bağçada rahat işləməyə davam edir. Uşağı birbaşa bağçada evə gətirmişəm, evdə özünü anormal aparıb, biz də şüphələnib bədəninə baxmışıq. Gördüklərimiz dəhşətdir. Zərbə yerinə müxtəlif həkimlər baxıb və uşağa yumruqla zorakılıq edildiyini təsdiqləyiblər. Yumruq izlərinin ölçüləri qadın əlinə xarakterikdir”.

P.Şüküröv övladının kamera olmayan otaqda döyüldüyünü bildirib

"Bağçadakı müşahidə kameraları da heç nə vermədi. Əvvəla, kameralar bütün otaqları, dəhliz və tualetləri əhatə etmir, ikincisi də balamı müşahidə edən kamera guya ki, saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. Həm də ki, 2 yaşlı, danışa bilməyən bir körpəyə 3 yumruq vuran soyuqqanlı manyakın kamera altında uşaq döyməsi inandırıcı deyil”.

Məsələ ilə bağlı açıqlama verən bağçanın əməkdaşı Sevər Hüseynova bildirib ki, P.Şükürzadənin dedikləri həqiqəti əks etdirmir: "Bizim bağçada döyülmə hadisəsi olmayıb, ola da bilməz. Daimi onlayn izləmə kameralarımız var. Kameralarımızın saat 17:00-a qədər çalışması da yalan məlumatdır. Kamera 24 saat çalışır və valideynlərin özləri də telefonları vasitəsilə övladlarını izləyə bilirlər”.

Məsələ ilə bağlı "Sherg.az”- açıqlama verən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, ilk öncə baş verən hadisə dəqiq şəkildə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Birlik sədrinin sözlərinə görə, bəzən mövcud olan videoalarla məsələnin nə yerdə olduğunu anlamaq mümkün deyil. Buna görə də əvvəlcə aidiyyatı oqranlar baş verənləri təhlil etməlidir

"Uşaqlara qarşı hansısa zorakılıq halları baş verirsə, təbii ki, bu, konkret olaraq cinayət əməli hesab olunur. Ümumiyyətlə, son vaxtlar bağçalarda, məktəblərdə uşaqlara qarşı zorakılıqla bağlı bəzi videolar yayıldı, bir çox məlumatlar verildi. Bu məsələdə birtərəfli olaraq qərar qəbul etmək olmaz. Mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Yoxsa hər kəs bir video yayır və sosial şəbəkələrdə monitor arxasındakı "canavarlarla” məsələni müzakirə edib, arşadırmağa başlayır. İlk növbədə hüquq mühafizə orqanları baş verənlərə münasibət bildirməlidir.

Belə hallarda uşaqla ixtisaslaşmış və praktiki psixoloqlar işləməlidir. Düzdür, 2 yaşında bir uşağın nələrisə deməyi yetərli olmayacaq, amma zorakılıq faktlarının ortaya çıxarılmasında, qərəzin olub-olmamasının araşdırılmasında birmənalı şəkildə psixoloqların da rəyi olmalıdır. Beləliklə, hüquq mühafizə orqanları ilə psixoloqların bir qrup şəkilində işləməsi nəticəsində çox böyük nailiyyətlər əldə etmək olar. Şəxsən mən də bir neçə dəfə bəzi detallarla qarşılaşmışam və çalışmışıq ki, məsələni mətbuatda yox, özümüz hüquq mühafizə orqanlar ilə araşdıraq”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2018-11-21