2018-08-31 21:16:24   |   468 dəfə oxunub

Sevgi dolu intihar: “Əgər valideynlərlə gənclər oturub müzakirə aparsa belə hadisələr baş verməz”



Ölkədə daha iki sevgi nağılı faciə ilə nəticələnib. İlk ölüm faktı Qəbələdə qeydə alınıb. Biri-birini sevən iki gənc intihar edib. Hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb: "Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Biri-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.

Digər ölüm hadisəsi isə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib. Bakıda sevgililər qarajda boğularaq ölüb. Ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.
Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisioneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb.
Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Ehtimala görə, onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Elvin Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub. O, Könüllə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub və oğlunu başqa bir qızla nişanlayıblar. Hadisə baş verən gün Elvin Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib.

Qeyd edək ki, hər iki hadisənin motivləri fərqli olsa da, sosial şəbəkə istifadəçiləri valideyn müdaxiləsi adı altında onların ölümünü eyniləşdirib və ailələrini ittiham edib.
Təbii ki, bəzi Azərbaycan ailələrində valideynlərin ailə qurmaq istəyən övladlar üzərindəki "hökmranlığının” acı sonluqla bitməsinə dair faktların tez-tez şahidi oluruq. Az qala bütün boşanmaların, ailədaxili konfliktlərin arxasında valideynlərin "əl”i olur.

Mütəxəssislərin "SOS” deyə fəryad etməsinə baxmayaraq, bəziləri üzləşdiyimiz faciənin fərqində deyil. Əksəriyyət adamlar, "Biz atamızdan belə görmüşük, belə də olacağıq!” - sindromunu davam etdirir. Bu gün cəmiyyətimizdə ailə qurmağın geridə qalmış üsullarından biri məhz qızın, yaxud oğlanın razılığını zərrə qədər önəmsəmədən, valideynlərin məcburi evlilik formalaşdırmasıdır. Bu "üsul”un tərəfdarları hesab edirlər ki, dinimiz belə buyurub, dədə-babalarımız belə olub, mentalitetimiz belə tələb edir və biz də belə olmalıyıq. Amma başa düşmürlər ki, insan taleyi laborator müayinə müəssisəsi deyil və valideynin gənclər üzərindəki "təcrübəsi” onları xoşbəxt etmək əvəzinə, həyatın girdabına yuvarlayır.

Psixoloq Azad İsazadənin sözlərinə görə, hər iki evlilik istəyinə valideyn müdaxiləsi olsa da, mahiyyət etibarı ilə fərqli hadisələrdir. Düşünürəm ki, qarajda baş verən ölüm faktı ilə Qəbələdəki intiharı eyniləşdirmək düzgün deyil: "Qarajda boğulan sevgililərin ölümü xəyanət xarakterlidir. Bu şəxslər intim əlaqə məqsədilə maşını qarajda yandırıblar və kondisionerin uzun müddət işlək vəziyyətdə qalması qaz yığılmasına səbəb olub. 

Biz periodik olaraq bu cür hadisələrə rast gəlirik. Gizli eşq yaşayan sevgililər qarajdan mənzil kimi istifadə edirlər. Digər hadisədə isə biri-birini sevən gəncin evliliyinə valideynlər qarşı çıxıb, çünki qadın boşanmış və uşaqlı olub”.

Valideynlərin övladlarının gələcək həyatına müdaxilə etməsi kimi faktlara tez-tez rast gəlindiyini vurğulayan psixoloq hesab edir ki, bəzən bu müdaxilələr əsaslı, bəzən də əsassız olur: "Şübhəsiz ki, ailə quran gənclər bu addımı atmazdan əvvəl böyükləri ilə məsləhətləşməlidir. Lakin valideynlər də ailə həyatı qurarkən gənclə əmrlə danışmamalıdır. Valideynlərin fikirlərində pis bir şey görmürük. Böyüklərin məsləhətini eşitmək lazımdır, amma gənclərin düşüncələrini də dinləmək vacibdir. Əgər valideynlərlə gənclər oturub müzakirə aparsa, razılığa gəlsə, bu cür hadisələr baş verməzdi. Bəlkə də valideynlər haqlı olaraq bu izdivaca razılıq verməyib? Yəqin ki, onların da özlərinə görə səbəbləri olub. Sadəcə olaraq öz arqumentlərini düzgün izah edə bilmədikləri üçün gənclər də bu cür addıma əl atıb. Valideyn övladına başa salmalıdır ki, hansı səbəbdən bu evlilik ola bilməz. "Biz razı deyilik”, "sən o qadınla evlənməyəcəksən, vəssalam!” kimi əmr şəkilli ifadələr gənclərdə daha da aqressiya doğurur. Sübutları və faktları ortaya qoyub, öz məsləhətlərini versinlər. Son qərarı qoy, gənclər özləri versin. Axı bu ailəni quran da, həyatı yaşayan da o olacaq. Valideynlərin qəbulolunmaz hesab etdiyi bir fakt evlənmək istəyən gəncin xoşbəxtliyinə mane deyilsə, niyə də evlənməsin? Valideyn və övlad vahid bir fikrə gəlməlidir. Bu gün cəmiyyətdə əsas problem insanların biri-birini dinləmək istəməməsidir”.

Subay oğlanla boşanmış qadının evlənməsi stereotiplərinin nə zaman qırılacağına gəldikdə isə psixoloq deyib ki, bizim cəmiyyət belə halları normal qəbul etmir. Halbuki biz hamımız özümüzü müsəlman, Məhəmməd peyğəmbəri isə müqəddəs hesab edirik. Məgər peyğəmbərimizin ilk həyat yoldaşı özündən böyük və dul qadın olub. Əgər peyğəmbər bunu özünə rəva bilibsə, boşanmış qadınla evlənmək istəyən subay oğlanı qınamağa, ona təzyiq etməyə bizə kim icazə verir?

Şəymən







SON XƏBƏRLƏR

2018-09-26