2018-09-02 17:50:50   |   889 dəfə oxunub

Millət vəkili: “Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə daxil oldu” - MÜSAHİBƏ

Zahid Oruc: “Rəsmi Bakı Ermənistan-Rusiya gərginliyindən Qarabağ münaqişəsinin həllində faydalanmalıdır”

"Qarabağ münaqişəsinin həlli üçün görüşlərin əhəmiyyəti böyükdür. Putinin bu məsələdə həlledici addım atacağı ehtimalı daha əsaslandırılmış görünür”







Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimr Putinlə görüşən dövlət başçısı rusiyalı həmkarı ilə mühüm məsələləri müzakirə ediblər. Həmçinin, görüş çərçivəsində Rusiya ilə Azərbaycan arasında əhəmiyyətli müqavilələr bağlanılıb, iqtisadi və hərbi sazişlərə imza atılıb. Rusiya prezidenti Vladimir Putin xüsusilə bəyan edib ki, Moskva və Bakını bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır. Putinin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır.

Putin görüşün Rusiya-Azərbaycan əlaqələrinin bütün sahələr üzrə inkişafına əlavə təkan verəcəyini əminliklə vurğulayıb. Həmçinin qeyd edib ki, 2017-ci ilin sonuna kimi ölkələr arasında ticarət dövriyyəsi, təxminən 35 faiz artıb. Rusiya rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də danışıb. Bildirib ki, Rusiya Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməkliyini davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır: "Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər. Həmçinin, regiona sülh, sabitlik və əməkdaşlıq gətirər”.

Prezidentin Rusiyaya səfərinə və tərəflər arasındakı əlaqələrə münasibət bildirən millət vəkili Zahid Oruc da "Şərq”ə müsahibəsində iki dövlətin perspektivə dayanan etibarlı qonşuluq münasibətlərindən və qarşılıqlı əməkdaşlığından danışıb. 

Deputatın sözlərinə görə, artıq dövran dəyişib və Rusiya ilə Azərbaycan münasibətləri uğurlu yeni mərhələyə qədəm qoyub..

- Zahid müəllim, ilk olaraq indiki şəraitdə dövlət başçısı İlham Əliyevin Rusiyaya səfərini və orada keçirdiyi görüşləri necə dəyərləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çox uğurlu keçdi. Bu səfər ötən on illər ərzində aparılan düşünülmüş siyasətin bir güzgüsü idi. İlk növbədə ona görə ki, uzun dövr ərzində müxtəlif tarixi səbəblərdən, beynəlxalq proseslərin istiqamətləri baxımından Azərbaycan-Rusiya münasibətlərini korlamaq, birini digərinə qarşı qoymaq, iqtisadi resurslarını bir-biri ilə döyüşdürmək istəkləri mövcud olub. Lakin istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin xarici siyasət fəsləsəfinin, doktrinasının ən başlıca vəzifəsi vahid tarix və mədəniyyət fonunda Azərbaycanın öz qonşuları ilə normal münasibətlər qurması olub.

Biz Rusiya ilə həm qonşu dövlətlər və xalqlar kimi, həm də bir imperiya içərisində ən yaxın iki müttəfiq respublika kimi fəaliyyət göstərmişik. Eyni zamanda faşizmə qarşı mübarizədə çiyin-çiyin eyni taleyi bölüşmüşük. Belə olan təqdirdə Azərbaycanla Rusiyanı fərqli səngərlərə sürükləmək mümkün deyil.

- Əksəriyyət hesab edir ki, Rusiyanın siyasi və ictimai həyatında Azərbaycana münasibət müsbət yöndə dəyişməkdədir. Bu fikirlə razısınızmı?

- Rusiyanın siyasi elitasında mövcud olan hansısa anti-Azərbaycan mövqelərini sistemli qaydada aradan qaldırmaq mümkündür və bu proses artıq gedir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın dövlət başçısı nəinki sadəcə ölkə rəhbəri Vladimr Putinlə, yaxud digər elit təbəqə ilə görüşlər keçirir, eləcə də cəmiyyətə təsir imkanları olan müxtəlif politoloqlar, beyin mərkəzlərinin nümayəndələri ilə də mütəmadi bir araya gəlir. Aleksandr Duqin, Sergey Markov və onlarla başqa siyasətçiləri, tanınmış millət vəkillərini və jurnalistləri bu siyahıya qatmaq olar. 1990-cı illərin əvvəllərində Azərbaycan hökumətində məhz bu amil çatışmırdı. O dövrdə ictimai fikirdə, informasiya məkanında Azərbaycanın obrazını ləkələyərək, ölkəmizə asanlıqla hücum imkanları əldə edilirdi.
Rəhbərliyin davranışları da buna imkan yaradırdı. Lakin indiki reallıqda, xüsusən də Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalandıqdan sonra münasibətlər dəyişməyə başladı..

- Xəzərlə bağlı Konvensiyanın Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərdiyini düşünürsüzmü?

- Əlbəttə. Bu Konvensiyanın reallaşmasında Prezident İlham Əliyev və rusiyalı həmkarı Putinin iradəsi çox böyük rol oynadı. Nəticədə Xəzər dənizi savaş yox, Birlik dənizinə çevrildi. Bundan sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə daxil oldu. Bu yeni dönəm nə ilə xarakterizə olunur? Reallıq odur ki, Qərb dairələri uzun illər ərzində Rusiya çevrəsinə "narıncı kəmər” çəkiblər. Bunu "demokratiya” xətti adlandırırlar. Ancaq əslində məqsəd rus xalqını hakimiyyətin üzərinə qaldırmaq, ölkədə narazılıq yaratmaqdır. Lakin Azərbaycan qəti şəkildə nə Avropa Birliyi ilə münasibətlərini, nə də ABŞ-la əlaqələrini Rusiyaya qarşı qoymayıb. Şübhəsiz, Azərbaycan 200 il ərzində çar və sovet imperiyalarının Azərbaycanla, xüsusən Dağlıq Qarabağla bağlı siyasətindəki yanlışları yaddaşlarımızdan silməmişik. Amma bunu hər dövrdə gündəmə daşımaq, siyasətə tətbiq etmək bizə fayda gətirməz.

Bir şeyi vurğulayım ki, Putin haqlı olaraq bəyan etdi ki, o, Boris Yeltsin dövrünün siyasəti üçün məsuliyyət daşımır. Xüsusən, Azərbaycanın sıxışdırılması, sadəcə Ermənistana silah verilməsi kimi o zamanki hakimiyyətin aqressiv və qərəzli əməllərini qəbul etmir. İstənilən hakimiyyət keçmiş iqtidarla fərqli düşünə bilər. Ona görə də "Qarabağ məsələsində mövqeyini göstər, o zaman sizinlə dostluq edək” yanaşması bir qədər yanlışdır.

- Bildiyimiz kimi Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Nikol Paşinyan iqtidara gəldi. Ancaq indiki rejimin Rusiyaya münasibəti heç də yaxşı deyil. Bunun Rusiya-Azərbaycan əlaqələrinin inkişafına təsiri varmı?

- Ermənistandakı hakimiyyət dəyişikliyinin və orada Moskvaya qarşı sərt bir mövqe sərgiləndiyinin fərqindəyik. Peşəkar analitik olmadan da təyin etmək mümkündür ki, Paşinyan hökumətinin əsas simaları Qərbyönümlüdürlər, hətta Qərbdən asılıdırlar. Bu qüvvələr Rusiya əleyhinə Ermənistanda böyük və təhlükəli təbliğat aparırlar. Şübhəsiz ki, bu proseslər Azərbaycanla münasibətlərə, ələlxüsus Qarabağ məsələsinə öz müsbət təsirini göstərəcək. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki kimi yaxşı olmayıb. Bunu bir çox parametrlərlə ölçmək mümkündür. Eləcə də Moskva-İrəvan münasibətləri indiki qədər pis olmayıb. Bu, çox önəmli məsələdir. Rəsmi Bakı indiki proseslərdən, Ermənistan-Rusiya gərginliyindən Qarabağ münaqişəsinin həllində faydalanmalıdır. Həmçinin, Türkiyə-Rusiya əlaqələri də indiki kimi qənaətbəxş olmayıb. Burada Azərbaycan-Türkiyə-Rusiya üçbücağı yeni bir format kimi meydana çıxır. Bunu "geopolitik üçbücaq” da adlandırmaq olar. Münaqişənin həllinə təsir göstərmək imkanına sahib məqamlardan biri də məhz budur. 5 il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həlli üçün bu cür görüşlərin əhəmiyyəti böyükdür. Sirr deyil ki, Azərbaycan Prezidentinin bütün illər ərzində həyata keçirdiyi siyasətin mahiyyətini Qarabağ məsələsinin həlli təşkil edir. Putinin bu məsələdə həlledici addım atacağı ehtimalı daha əsaslandırılmış görünür. Keçmiş zamanda bunu etmək mümkün deyildi, çünki o vaxtki Serj Sarkisyan rejimi buna əsas vermirdi. Lakin indi münasibətlər dəyişib. Paşinyan rejimi Moskvaya diş qıcıyır. Çox güman ki, onun dişini Kremldə sındıracaqlar.

- Azərbaycanla Rusiya arasında silah mübadiləsi ilə bağlı müqavilələr imzalandı. Xüsusən, müasir silahların Azərbaycana verilməsi istiqamətində anlaşmalar əldə olundu. Bu barədə düşüncələriniz nədir?

- Rusiya beynəlxalq silah bazarında əsas aparıcı oyunçulardan biridir. Vaxtı ilə onun büdcəsinə bu sektordan daxil olan vəsaitlər 32 milyard dollardan artıq idi. Rusiya Asiya, Cənubi Amerika, Afrika ölkələrini silahla təmin edir. Təsadüfi deyil ki, NATO-nun aparıcı dövləti olan Türkiyə belə Rusiyadan S-400 raketlərini almaq istəyir. Başa düşməliyik ki, bütün bunların müqabilində Azərbaycanın rus silahlarını alması bizim üçün ikitərəfli uduş deməkdir. Azərbaycanın sürətlə silahlanması Rusiyada qıcıq doğurmur. Bunu anlayışla qarşılayırlar, çünki həmin silahları bizə özləri satırlar. Bu o deməkdir ki, Rusiya Azərbaycanın hərbi cəhətdən güclənməsində maraqlıdır. Əgər biz silahlanmasaq, heç kim Qarabağı öz xoşuna bizə qaytarmayacaq. Mütləq mənada ordunun imkanlarını gücləndirməliyik ki, nəticədə döyüşə girmədən belə təhdidedici vasitələrlə torpaqlarımızı azad edə bilək. Siyasət və diplomatiya orduya söykənəndə güclü olur. Bu baxımdan təkcə Rusiya ilə deyil, digər dövlətlərlə də silah ticarətimizi davam etdirməliyik.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-15