2018-09-03 13:34:35   |   250 dəfə oxunub

Direktorlar indi də məktəbli forması ilə «alver» edirlər: "Formanı alın, çekini bizə gətirin?!"

Almaz Həsrət:"Bu, bəzi həkimlərin, müalicə mərkəzlərinin dərman firmaları ilə müqavilə bağlamasına oxşayır. Satıdan dərmanların müqabilində həkimə, müalicə müəssisəsinə faiz verilir"







Sentyabr başlayar-başlamaz valideynlərin qayğıları artır. Məktəb ləvazimatı, dəftər-kitab almaq üçün, təbii ki, xeyli məbləğ lazımdır və məktəbyaşlı uşaqları olan ailələr də büdcəsini saf-çürük edib güclərinin nəyə çatıb-çatmayacağını yoxlayırlar. Son illərin bir problem isə vahid məktəbli formasıdır. Bakı Tikiş Evi ehtiyacı ödəyəcək qədər məktəbli formalası tikir. Amma məsələnin bəzi qaranlıq məqamları da var. Bazarlarda yenə də gizli sexlərdə istehsal edilən məktəbli formaları «dolaşır». Saxtaları əsillərdən ayırd etmək asan deyil.

 Hamısının üzərində «BTE» nişanı olur. Qaranlıq məqamlardan biri də orta məktəb müdiriyyətinin məktəbli forması alan valideynlərə qəribə ricada bulunmasıdır; forma alıb çekini bizə gətirin!.. Məhz belə bir ricada bulunan orta məktəblər var paytaxtda. Bu barədə bir neçə valideyn sosial şəbəkələrdə yazıb. Bir xanım qeyd edir ki, övladını bu il sentyabrın 15-də birinci sinfə aparacaq. Övladı ibtidai sinfə qəbul edilərkən məktəbin dərs hissə müdiri anaya deyib ki, məktəbli formasını filan mağazadan alsın, formanı aldığını təsdiq edən çeki isə məktəbə gətirsin. Niyə və nə səbəbə? Ortada olan sual budur və indi məhz bu suala cavab aranır. Qeyd edək ki, ibtidai sinif şagirdləri üçün vahid məktəbli formasının qiyməti 46 manatdır.

Əməkdar müəllim Almaz Həsrət «Sherg.az»a açıqlamasında belə bir yanaşmanı anormal adlandırdı:

- Maraqlı məsələdir… İlk dəfədir ki, belə bir şey eşidirəm. Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!. Nəyə görə valideyn məktəbə çek təqdim etmədilir?! Bu, anormallıqdır. Mən bunu qanunsuz bir yanaşma kimi qeyd edirəm. Məktəbin - məktəb direktorunun, yaxud tədris hissə müdirinin, müəllimin nə haqqı var valideyndən çek tələb etməyə? Belə bir yanaşma, şəxsən məndə bir sıra şübhələr yaradır. Bəlkə o məktəb satış mağazası ilə qarşılıqlı, gizli bir «memorandum» imzalayıb ki, valideynləri məhz o mağazaya yönləndirəcəklər? 

Yaxud, mağaza ilə məktəb arasında gizli bir əməkdaşlıq var, müqavilə şərtləri ilə işləyirlər. Bu, bəzi həkimlərin, müalicə mərkəzlərinin dərman firmaları ilə müqavilə bağlamasına oxşayır. Satıdan dərmanların müqabilində həkimə, müalicə müəssisəsinə faiz verilir. Belə hallar, təəssüf ki, baş verir. İndi də məktəbli forması ilə «alver» etməyə başlayıblar?!. Məktəbli forması elə bir vasitədir ki, onsuz da alınır. Kim övladını məktəbli formasız dərsə yola salır? Onsuz da alınacaq bir əşya üçün belə yersiz canfəşanlıq normal təhsil aurasına yaddır.

A.Həsrət qeyd etdi ki, məktəb rəhbərliyinin valideynləri hansısa konkret mağazaya yönləndirməsi yolverilməzdir:

- Valideyn məktəbli formasını istənilən satış mərkəzindən ala bilər. Heç bir məktəbin haqqı yoxdur ki, valideyni məcburən hansısa satış mərkəzinə göndərsin. Məktəbli formalarını istehsal edən Bakı Tikiş Evi satış mərkəzləri barədə məlumat verir. Hamı da bilir ki, məktəbli formaları harada satılır, qiyməti neçəyədir. Sadəcə, vətəndaşlarımız bir qədər ayıq-sayıq olmalı, möhtəkirlərə meydan buraxmamalıdırlar. Hər zaman da bildirilir ki, məktəb alış-verişinə bir az erkən başlamaq lazımdır. Çünki dərslərin başlamasına az müddət qaldıqca məktəb ləvazimatı almaq da çətinləşir. Məktəbli formaları da müəyyən sayda istehsal olunur. 

Hamı həmişə istədiyi, axtardığı ölçünü tapa bilmir. Məktəbə hazırlıq nə qədər erkən başlasa, bir o qədər xeyirlidir. Qaldı ki, alınan məktəbli formasına görə çeki tələb edən məktəbə, hesab edirəm ki, bu xəbəri yayan şəxs heç nədən çəkinmədən məktəbin nömrəsini bildirməlidir. Çünki burada artıq qaranlıq və şübhəli mənqamlar var. Bununla Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları da, vergi sistem idə ciddi məşğul olmalıdır.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-24