2018-09-03 16:38:30   |   267 dəfə oxunub

"Rusiya Azərbaycanı müstəqil dövlət, söz sahibi olan ölkə kimi qəbul edir"




"Rusiya kimi qüdrətli, dünyada söz sahibi olan dövlətlə, şimal qonşumuzla uzun illər dostluq və əməkdaşlıq münasibətlərinin qorunub, saxlanması Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərini şərh edərkən millət vəkili Çingiz Qənizadə söyləyib.

Parlamentari vurğulayıb ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı, dostluq münasibətləri daim davam etməlidir:

"Rusiyada milyonlarla Azərbaycan vətəndaşı var ki, işləyib, ailəsinə çörəkpulu göndərir. Rusiyada baş verən bütün siyasi proseslərdə azərbaycanlılara münasibət dəyişməz qalır. Onların qonşu ölkədə yaşaması, işləməsi üçün şərait yaradılıb və bu əlverişli vəziyyət davam edir. Mövcud durum Azərbaycana olan müsbət münasibətin təzahürüdür”.

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında şəxsi dostluq münasibətinin olduğunu diqqətə çatdıran deputat ölkələr arasındakı əməkdaşlıqda belə dostluqların əhəmiyyətli olduğunu söyləyib:

"Hesab edirəm ki, Rusiya ilə tək iqtisadi əməkdaşlıq deyil, eyni zamanda siyasi, humanitar sahələrdə də əməkdaşlıq davam etdirilməlidir. Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində söz sahibi olduğunu da unutmaq olmaz. Bütün bunları nəzərə alaraq, dünyanın bir çox ölkələri ilə münasibətlərimizi müsbət istiqamətdə qurmaqla bərabər, Rusiya ilə əlaqələrə daha çox əhəmiyyət verməliyik.

Rusiya Azərbaycanı müstəqil dövlət, söz sahibi olan ölkə kimi qəbul edir. Rəsmi Bakının bərabərhüquqlu subyekt olmasını diqqətdə saxlayır. Ona görə, hökumətlər arasında imzalanan 2024-cü ilə qədər əməkdaşlıq proqramı bərabərhüquqlu sənəd kimi öz təsdiqini tapdı”.

Qeyd edək ki, ölkə başçısının Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənəddə ölkələr arasında iqtisadi, humanitar, enerji və s. sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25