2018-09-03 18:08:02   |   411 dəfə oxunub

"Qafqaz İslam Ordusu, Bakının qurtuluşu ilə bağlı Türkiyədə film çəkilir" - Tarixçi-alim



"Azərbaycan xalqı üçün ən mühüm tarixi hadisə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, ikinci önəmli hadisə isə 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsidir”.

Bunu "Sherg.az”a tarixçi - alim Nəsiman Yaqublu bildirib. 

Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, 28 mayda Azərbaycanın istiqlalı sözlə elan edilib. 1918-ci il sentyabrın 15-də isə bu məsələ həyata keçirildi:

"Həmin vaxt Bakı yadellilərdən azad edildi və Azərbaycanın paytaxtı oldu. Lakin bu hadisə tək Bakının qurtuluşu deyil. Gəncədən başlayaraq, Göyçayda, Kürdəmirdə, Ağdaşda, Hacıqabulda, Ucarda, Qobuda, Ağsuda, Şamaxıda, Qobustanda, Salyanda, Qubada, Xaçmazda, Bakının bütün kəndlərində qanlı savaşlar aparılıb. Başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusunun bu savaşlarda xidmətləri əvəzolunmazdır”.

N.Yaqublunun fikrincə, Bakının azad edilməsinin 100 illiyi adıçəkilən regionlarda təntənəli şəkildə qeyd olunmalıdır:

"Bakının gözəl bir hissəsində Nuru Paşaya abidə ucaldılmalıdır. Türkiyə səfirliyinin ərazisində Nuru Paşanın xatirəsinə ucaldılmış kiçik abidə onun xidmətlərini tam əks etdirmir. Nuru Paşanın heykəli Bakının daha görkəmli hissəsində, daha əzəmətli şəkildə qoyulmalıdır. Azərbaycanın azadlığı, Bakının qurtuluşu uğrunda canını qurban vermiş şəhidlərin məzarları da abadlaşdırılmalıdır. Türkiyə səfirliyi bu istiqamətdə müəyyən işlər görür. Lakin daha artıq iş görülməsinə, diqqətə ehtiyac var.

Məndə olan məlumata görə, Qafqaz İslam Ordusu, Bakının qurtuluşu ilə bağlı Türkiyədə film çəkilir. Həmçinin, "İctimai Televiziya” da film hazırlayır. Biz də öz növbəmizdə film üçün köməkliyimizi göstərdik. Bakının qurtuluşu ilə bağlı mənim də kitabım çap olunacaq. Bununla bağlı məlumat verəcəyəm”.

Qeyd edək ki, bu il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 100 il ötür.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25