2018-09-03 20:31:10   |   194 dəfə oxunub

"Rusiya da ölkəmizlə yüksək səviyyəli münasibətlərin qurulmasında maraqlıdır" - Polkovnik



"Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı yüksək qiymətləndirilir”.

Bunu "Sherg.az”a ehtiyatda olan polkovnik şair Ramaldanov söyləyib. 

O qeyd edib ki, rəsmi Bakının xüsusilə qonşu ölkələrlə bağlı yürütdüyü siyasət dostluq və sülh siyasətidir:

"Rusiya Azərbaycanın strateji tərəfdaşı, dünya geosiyasi arenasında özünəməxsus yer tutan, söz sahibi olan dövlətdir. Bizi isə hərbi ekspert olaraq, maraqlandıran Rusiya-Azərbaycan münasibətlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində roludur. Şimal qonşumuzla hərbi-texniki, iqtisadi, siyasi və digər sahələrdə mövcud olan əməkdaşlığın münaqişənin həllində nə dərəcədə əhəmiyyətli olacağını hesablayırıq.

Hesab edirəm ki, sözügedən istiqamətdə ölkə başçısının Rusiya səfəri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həmkarı Vladimir Putinlə görüşə yüksək əhəmiyyət verirsə, deməli, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair prezidentlər arasında müəyən məsələlər müzakirə olunub.

Yalnız Azərbaycan deyil, Rusiya tərəfi də ölkəmizlə münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlıdır. Rus mətbuatı, televiziyalar V. Putin və İ. Əliyevin görüşünə geniş yer verib, səfəri xüsusi qeyd ediblər”.

Ermənistan və Rusiya arasında narazılıqların olduğunu diqqətə çatdıran Ş.Ramaldanovun sözlərinə görə, münasibətlərin soyuması bu dövlətlər arasında hərbi əməkdaşlığa da kölgə sala bilər:

"Nikol Paşinyan bir müddət əvvəl bildirdi ki, silah almaq üçün alternativ ölkələrə müraciət edə bilər.
Ümumi olaraq, ölkə başçısının Rusiya səfəri, iki ölkə rəsmilərinin mütəmadi görüşləri əməkdaşlıqlara böyük töhfə verəcək”.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var. Azərbaycanın mütəmadi olaraq Rusiyadan silah-sursat alması bunun sübutu sayıla bilər. Ordumuzun texniki-təchizatının möhkəmlənməsində Rusiya istehsalı silahların önəmli yer tutduğunu vurğulamaq lazımdır. Bu baxımdan, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri, Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı hərbi-texniki əməkdaşlığın bundan sonra davam etdirilməsi müzakirə olundu. Bildirildi ki, silah mübadiləsi baxımından əməkdaşlıq daha da inkişaf etdiriləcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21