2018-09-04 12:48:02   |   172 dəfə oxunub

Ermənistan növbədənkənar seçkiyə gedir

“Hakimiyyətdə qalıb-qalmayacağı dayanıqsız Paşinyan hökumətinin növbəti davranışlarından asılı olacaq”



Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin 2019-cu ilin mayında, yaxud iyunun əvvəlində keçiriləcəyi anonsunu verib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxılmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işləri görülür.

Politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsində əsas hədəf Konstitusiya maddəsinin dəyişdirilməsidir: 

"Paşinyan növbədənkənar parlament seçkilərini keçirməklə güclü bir hökumət qurmaq istəyir. Əks halda Ermənistanda dayanıqlı olmayacağını başa düşür. Paşinyan hökumətinin köklərinin daha dərinə dayanması üçün ölkədə demokratik parlament seçkilərinin keçirilməsi şərtdir. Paşinyan bu seçkidə qalib gəlsə, xalq ona etimad göstərəcək. 

O da bütün bunları hesablayıb növbədənkənar seçkilərə gedir. Ermənistanda və ümumilikdə Qərb dünyasında öz mövqelərini gücləndirmək üçün bu şərtdir. Bu baxımdan Ermənistanda keçirilən növbədənkənar seçkilər qonşu ölkənin tarixində ən mürəkkəb və ən gərgin seçkiyə çevriləcək. Belə ki, Paşinyanın istəyinə nail olması üçün yekun qərar parlament tərəfindən verilməlidir. Paşinyan hakimiyyəti 66 səs toplamalıdır ki, hədəflərinə çatsın. Əgər Paşinyan bu səsi toplayıb konstitusion dəyişikliyə nail ola bilsə, bu onun tarixi qələbəsi olacaq”.

N.Mirinin sözlərinə görə, müəyyən olunan növbədənkənar seçki gününə qədər Paşinyan hökuməti devrilməsə, o, Qərb tərəfindən dəstəklənəcək və "maliyyə yastıqları”ndan faydalanmaq potensialını əldə edəcək:

 "Hakimiyyətdə qalıb-qalmayacağı isə dayanıqsız Paşinyan hökumətinin növbəti davranışlarından asılı olacaq. Sentyabrın 7-8-də Paşinyanın Moskva səfəri gözlənilir. Düşünürəm ki, bu görüşdə Rusiya Prezidenti Putin Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycana yönəlik görüntülər yaratmaqla Ermənistana təzyiq edəcək. Bununla da Putin Ermənistanın Rusiyanın orbitindən çıxmaq istəyinin qarşısını almağa çalışacaq. Paşinyan isə növbədənkənar parlament seçkilərinə qədər Ermənistanın Rusiyanın orbitindən çıxıb-çıxmamasına dair heç bir siyasi qərar verməyəcək. Əks halda başına gələcəkləri çox gözəl anlayır. Seçkilərə qədər Paşinyan Rusiyaya qarşı demarş edə bilməyəcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20